Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirildi - YENİLƏNİB

5 İyul 2017 14:32

14:32

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Milli.Az bildirir ki, imtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 6-8 iyul 2017-ci il tarixlərində saat 1000-dan 1700-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

----------

08:26

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əslini;

İmtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Məlumat üçün bildiririk ki, cari ildə rezidenturaya ərizə təqdim etmiş namizədlərdən 655 nəfəri imtahanın I mərhələsinin (9 aprel 2017-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 439 nəfəri qız, 216 nəfəri oğlandır. 586 namizəd Azərbaycan bölməsinin, 69 namizəd rus bölməsinin, 363 namizəd cari ilin, 292 namizəd isə əvvəlki illərin məzunudur, 1 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 633, Naxçıvan şəhərində isə 22 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 83 zal nəzarətçisi ayrılıb.

Milli.Az