Masallı rayon Ərkivan qəsəbəsi sakini Həsənli Ağa Faiq oğlu Milli.Az-a ünvanladığı məktubunda Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin fəaliyyətindən şikayət edib.
Şikayətçi A.Həsənli qeyd edib ki, qəsəbədə anası Nemətova Hökumə Nemət qızı ilə bir yerdə yaşayır və evin qaz abonenti də rəsmən anası hesab edilir. Onun sözlərinə görə, Masallı Xidmət Sahəsinin işçiləri ailəsinə qarşı qanunsuzluq edərək cərimə yazıblar:
"2016-cı ilin 20 dekabrında bizə qaz pulunu ödəmək üçün bildiriş gəldi. Bildirişdə yazılmışdı sizin borcunuz yoxdur. Mən 2016-cı ilin 22 dekabrında Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi Gülyar Hüseynovun qəbuluna getdim. Dedim ki, qaz sayğacımı yoxlasınlar. 23 dekabr 2016-cı il tarixində 4 nəfər gəlib yoxladılar. Köhnə sayğacı götürəndə onlardan sayğacın götürülməsi səbəbi haqda akt tərtib edib mənə verilməsini tələb etdim. Onlar isə cavabında "sayğaca müdaxilə olunmayıb, sadəcə istifadə müddəti qurtarmışdır. Akta ehtiyac yoxdur, sizin qaz sayğacınız dəyişdirilib təzəsi bağlanacaq" deyib məni aldatdılar".
A.Həsənlinin bildirdiyinə görə, Masallı Xidmət Sahəsinin işçiləri cərimə yazılmaması üçün ondan 120 manat rüşvət tələb ediblər və vermədikdə onun 494 manat cərimə olunacağı ilə hədələyiblər. O, isə cavabında hər ay qaz pulunu ödədiyini, sayğaca müdaxilə etmədiyini deyib.
Şikayətçinin sözlərinə görə, daha sonra Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin işçiləri yeni qaz sayğacı quraşdırıblar və ailə də 4 ay qaz pulunu vaxtında ödəyib. Buna baxmayaraq, 2017-ci ilin aprel ayının axırlarında abonent qeyri-qanuni olaraq 494 manat cərimələnib. Ona görə də, A.Həsənli tezliklə bu şikayətə baxılmasını və onun fikrincə, qeyri-qanuni edilmiş cərimənin ləğv olunmasını istəyir.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində