"Baden-Badenin mavi gecələri". Filmdə səslənən bu cümlə hamımıza tanışdır. Bəs mavi gecələri ilə tanınan Baden-Baden harada yerləşir? Ümumiyyətlə, bu şəhər haqda nə bilirik?
Milli.Az dəbdəbəli kurort şəhəri olan Baden-Baden haqda yazını təqdim edir.
Baden-Baden Almaniyanın cənub-qərbində yerləşən Şvartsvald dağı ilə Reyn vadisinin arasında yerləşən möhtəşəm kurort şəhəridir. Şəhərin ərazisinin çox böyük hissəsi yaşıllıqdan, meşələrdən ibarətdir.
Buranın iqlimi çox mülayim və günəşlidir. Üzümçülük sahəsində Almaniyanın ən məhsuldar 3-cü şəhəri sayılır.
Baden-Baden Avropanın yay istirahət mərkəzi sayılır. Çünki bu şəhəri Fransadan cəmi 15 km məsafə ayırır. Həmçinin İsveçrə və Lüksemburq da bu şəhərə çox yaxın məsafədə yerləşir.
Şəhərin adının mənası yəqin ki, hər kəsə maraqlıdır. "Niyə Baden-Baden"?
Bu şəhərin termal bulaqları onun qürur mənbəyidir. Şəhər 2002-ci ildən bugünədək dünyanın ən yaxşı kurort əraziləri arasında ilk sıralarda durur. Burada 23 müalicəvi mərkəz var.
Odur ki, "baden" sözünün tərcüməsi də "çimmək" deməkdir. Baden-Baden isə yerli əhalinin sevimli şəhərə verdiyi ikinci addır. Sözün iki dəfə səslənməsi hamamların bol olduğuna bir işarədir.
Varlı kurort şəhəri
Şəhər dünyanın ən varlı insanlarının, tanınmış dünya siyasətçilərinin, yazıçı və müsiqiçilərinin sevimli istirahət guşəsidir.
Badenin əsas kurort özəlliyi, termal bulaqları, şəfalı hamamlarıdır. Burada fəaliyyət göstərən bir çox bulaqların tarixi eramızdan əvvələ gedib çıxır. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar Badenin müalicəvi sularında çimib, vanna qəbul edirlər. Hamamların sayı kimi çeşidləri də, zəngindir. Baden-Badendə bir sıra ictimai hamamlar var ki, bura gələn insanlar cinsindən və yaşından asılı olmayaraq birgə çimməyə məcburdurlar. Bu isə avropalıları heç də narahat etmir. Məsələn, həftəsonunu Baden hamamında keçirmək istəyən bir fransız ailəsi, heç bir sıxınti keçirmədən soyunub, digər insanlarla birgə şəfalı suda çimib, istirahət edirlər.
"Şəhərin ən məşhur hamamı isə "Fridrixsbad"dır. Bu məşhur hamam haqda Mark Tven yazırdı: "Siz burada hər cür şəfalı otlarla hazırlanmış istənilən növ vannalarda istirahət edərək, dünyaya yenidən gələ bilərsiniz. "Fridrixsbad" sizə şəfa verən yeganə məkandır. Burada keçirdiyiniz ilk 10 dəqiqədə zamanın necə keçdiyini, 20-ci dəqiqədə isə dünyanı unudacaqsınız".
Baden balaca şəhərdir. Cəmi 30 dəqiqə ərzində şəhəri rahat gəzmək olar. Buradakı evlər hamısı eyni memarlıq üslubunda tikilib. Hündürmərtəbəli binalara rast gəlmək mümkün deyil. Dünyanın xoşbəxt varlıları mütləq burada villa alırlar. Bir zamanlar imperatorlar və digər yüksək zümrəli şəxslərin qonaq olduqları məşhur rus pianoçusu Anton Rubinşeynin Badendəki villası bu gün 2,4 milyon avroya satışa çıxarılıb.
Qızılgül şəhəri
Şəhərin ən gözəl hissəsi isə yəqin ki, Lixtental meydanıdır. Burada 300-dən çox ağac və bitki növləri, fəvvarələr, xüsusən də qızılgül bağı insanın ruhunu oxşayır. Baden-Badeni tez-tez qızılgül şəhəri də adlandırırlar. Çünki hər il qızılgülün yeni növünün təqdimatı olur. Meydanın mərkəzində yerləşən "Jozefina" fəvvarəsi isə öz qızıl balıqları ilə məşhurdur.
Almaniyanın rus şəhəri
Bu şəhəri aristokratlar üçün kəşf edənsə ruslardır. Badeni rus şəhəri də hesab etmək olar. Çünki 5 nəfərdən ən az 3-ü rus dilində danışır. Restoran və kafelərin menyuları, şəhərdəki plakatlardakı yazılar hamısı alman və rus dilindədir. Əslən baden-badenli olan rus kraliçası Yelizaveta tez-tez doğma şəhərinə istirahətə gəlirdi. Elə bu da, oradan gəlir.
Kazinolar şəhəri
Baden-Baden həmçinin kazinolar şəhəridir. Onun zənginliyinin bir səbəbi də budur. Hər gün dünyanın ən varlı şəxsləri Badenin kazinolarında şanslarını sınayır, çox vaxt da məğlub olurlar.
Baden-Baden ilk baxışdan insanları özünə heyran qoyur. Şəhərdə hökm sürən zənginlərə xas özünəgüvən, sakitlik, təmizlik bu şəhərə yenidən gəlmək üçün əsas verir. (publika.az)
Milli.Az