Qusarlılar uşaqlarına görə narahatdırlar - Meydança satılır, ərazi pis gündədir - FOTO

1 İyul 2017 11:45

Qusar şəhəri, "Zelyonıy buqor" deyilən yaşayış massivinin bir qrup sakini Milli.Az-a məktubla müraciət edərək, şəhərin M.Murtuzayev və Piroğlanov küçələrinin arasında yerləşən uşaq meydançasının aqibətindən narahatlığını ifadə ediblər.

Sakinlərin sözlərinə görə, müvafiq dövlət qurumları həmin ərazini satmaq istəyirlər. Bunu gələcəyimiz hesab edilən uşaqların əyləncəsi və asudə vaxtının keçirilməsinə əngəl kimi dəyərləndirən sakinlərin sözlərinə görə, meydançanın bir hissəsini fiziki şəxsə, digər hissəsi isə obyekt üçün satmağa hazırlaşırlar: "Artıq bəzi adamlar gəlib-gedir, ölçüb-biçirlər. Deməli, burada tikinti aparılacaq. Ora uşaqların oynadığı, əyləndiyi yerdir. Yaxınlığında isə ağsaqqallar, təqaüdçü qocalar oturur, çay içir, dincəlir. Ən əsası uşaqlardır. Bir tərəfdən deyirik ki, uşaqlar sağlam böyüsün, idmanla məşğul olsun, xoş vaxt keçirsin, digər tərəfdən, bütün bunları onların əlindən alırıq. Ona görə də həmin meydançanın uşaqlarımızdan alınmasına, orada tikinti aparılmasına etiraz edirik.
Bir ara deyirdilər ki, burada park olacaq, içində də milli qəhrəmanın büstü qoyulacaq. Əgər belə olacaqsa, biz razıyıq. Amma gördüyümüz başqa şeydir. Biz meydançanın satılmasını və burada tikinti aparılmasını istəmirik!"

Bundan əlavə, sakinlər qeyd edib ki, məhəllədə su və kanalizasiya xətti çəkilən qazılmış yerdən çıxan daş-torpaq da meydançaya atılıb, ona görə də süni təpələr yaranıb. Bu azmış kimi, ərazi baxımsızlıqdan zibilliyə çevrilib. Yay mövsümü olduğundan zibilxana iylənir, ətrafda ilanlar çoxalır: "Ərazi pis gündədir. Uşaqların belə yerdə oynaması isə onların həyatı üçün təhlükə yaradır, hər an ilan sancması ola bilər. Əgər büdcədə imkan yoxdursa, biz özümüz razıyıq, traktor da gətirərik, oranı əllərimizlə düzəldərik, abadlaşdırarıq. Təki buranı satmasınlar, uşaqlarımızı xoşbəxt həyatdan məhrum etməsinlər".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində