Gənc fotomüxbir Əziz Elxanoğlunun Milli.Az-a müsahibəsi:
- Əziz, Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran Prisini işıqlandıran fotoqraflar arasında sən də var idin. Bu yarışı işıqlandırmaq sənin üçün nə dərəcədə fərqli idi?
- Formula 1 mənim üçün debüt oldu. Bizdə bu sahədə ixtisaslaşan fotoqraflar yoxdur ki, onların hansısa işlərinə baxıb öyrənib. Ona görə də burada xarici fotoqrafların nəyi necə çəkdiklərinə, nəyə üstünlük verdiklərinə baxırdım.
- Sənin üçün bu yarışda ən yadda qalan hadisə, çəkdiyin maraqlı kadr hansı oldu? Bir sözlə, bu yarış sənə yeni nəsə verdimi? Verdisə, nə verdi?
- Mənim üçün ən yaddaqalan o idi ki, yerli fotoqraflar içində ilk qəzanı yalnız mən çəkdim. Qəza düz qarşımda baş verdi. Onu yerli fotoqraflardan heç kim çəkə bilmədi.
Maraqlı kadrlara gəlincə, onlar həmişə olur, amma insan onu özü axtarıb tapmalıdır. Fərqli rakurslardan müxtəlif kompozisiya çəkmək mümkündür. Təkcə Formula 1-də deyil, digər idman növlərində də maraqlı kompozisiyalar qurmaq olur. İnsanların adi gözlə görə bilmədiyini göstərə bilirsənsə, təbii ki, bu maraqlı olur. Əvvəlcə akkreditasiyadan keçib-keçməyəcəyimi dəqiq bilmirdim. Ona qədər sadəcə müşahidəçi idim. Belə bir misal ki, insan iştirakçı olmazdan əvvəl müşahidəçi olur. Ona görə də əvvəlcə sadəcə müşahidə elədim, baxdım ki, söhbət nədən gedir, burada nələrə üstünlük verilir. İşitrakçı olandan sonra isə nələrin çəkilə biləcəyini və aktual olacağını dəqiqləşdirməyə çalışdım. Yarış müddətində təcrübəli və dostum olan fotoqraflarla əlaqə qurdum, onlar mənə istiqamət verdilər. Fotoların yazılması, onlara tag qoyulmasını öyrəndim.
Mən həmin qəzanı "balıq gözü" obyektivindən istifadə edərək çəkirdim. İngiliscə buna "fiş ayz" (fish eyes) deyirlər. Amma əcnəbi fotoqraflar mənə dedilər ki, "balıq gözü" ilə çəkmək olmaz, çünki mediada artıq bu obyektivdən istifadə olunmur. "Balıq gözü"ndən nadir hallarda istifadə edilir. Sən də çalış bununla çəkmə. Sağ olsunlar, dostlar da, xaricilər də istiqamətləndirirdilər, deyirdilər, bax bu cür çəksən, daha yaxşıdır. Sonda bizim çəkdiklərimizə baxıb bilərsən ki, söhbət nədən gedir. Təbii ki, bu sahənin peşəkarları daha dəqiq bilirlər. Onlar da mənə minimum öhdəsindən gələ biləcəyim şeyləri deyirdilər.
- Dedin ki, Formula 1-in işıqlandırılması sənin üçün debüt oldu. Bura gəlməkdə məqsədin nə idi?
- Məqsədlərimdən biri o idi ki, sırf bu idman növünün özünü çəkə bilim. Mənə maraqlı idi ki, bu idmanın incəlikləri nədən ibarətdir? Təsəvvür edin, durduğun yerdə maşın 1 saniyənin içində gözündə görünür və keçib yox olur. İndi görün necə çəkmək lazımdır ki, onu oxucuya, izləyiciyə göstərə biləsən. Mənim məqsədim həm də özümü yoxlamaq idi, görüm mən bu idman növünü çəkə bilərəm, ya yox.
Digər məqsədim isə Bakıya gələn əcnəbi fotoqraflarla əlaqə qurmaq idi. Həm onların necə işlədiklərini görmək istəyirdim, həm də öyrənmək. Təəssüf ki, yarış bitən kimi bütün fotoqraflar gəlirdi Media Mərkəzə və həmin vaxt heç kimlə danışmaq olmurdu, çünki hamısı məşğul olurdu, gərgin rejimdə işləyirdi. Amma yarış zamanı hansı fotoqraf yanımda olurdusa, onunla ünsiyyət qururdum. Sonra həmin fotoqraf çəkdiklərini öz mətbu orqanında dərc etdirəndə kiçik bir izahat verirdi ki, məsələn, burada filan şeyi göstərməyə cəhd eləmişdim və ya filan şeyə üstünlük verdim. Boynuma alım ki, səhvlərm kifayət qədər oldu, çünki bu ilk təcrübəm idi. Amma çox şey öyrənə bildim, əsasən əcnəbi fotoqraflardan.
- Bəzən fotoqraflar öz aralarında mərcə gəlirlər və ya yarışırlar. Bu dəfə də belə şey oldu?
- Yerli fotoqraflarla rəqabət aparmırdıq. Çünki burda hamımız yeni idik, Formula 1 yarışlarını çəkməkdə təcrübəmiz yox idi. Ona görə də çalışırdıq ki, qazandığımız təcrübəni bir-birimizlə bölüşək. Hamı nəyi necə çəkdiyini, nəyə üstünlük verdiyini başa salırdı. Məsələn, çəkilişə getdiyim dostumla tez-tez məsləhətləşirdik. Axı biz Formula 1 üzrə peşəkar deyilik. Ona görə də hələ öyrənməyə çalışırıq.
- Bəs, xoşuna gəlməyən nə oldu ki, onların gələcəkdə olmasını istəməzdin?
- Bəzi könüllülərin təhkim olunmuş ərazilər üzrə detallı məlumatları yox idi, bilgisiz idilər. Adicə ərazi üzrə necə hərəkət etməyi belə deyə bilmirdilər. Məcbur olub, özümüz birtəhər, bəzən də baryeri aşaraq axtardığımız yeri tapırdıq.
Digər məsələ, böyük qapılarda təhlükəsizlik xidmətinin əməkdaşlarının bilgilərinin az olması idi. Məsələn, "Tarqovı"dan bulvara keçəndə kameramın obyektivi böyük olduğuna görə, keçməyə icazə vermirdilər. Deyirdilər ki, guya rəhbərlik belə deyib. Halbuki digər girişdən rahatlıqla keçmək olurdu. Daha sonra ətrafda olan digər əməkdaş gəlib deyirdi ki, əslində keçə bilər. Axı, kameralar bizə rəsmi olaraq elə yarışın sponsor şirkəti tərəfindən təqdim olunmuşdu və hər birinin də üstündə xüsusi stikerlər yapışdırılmışdı ki, bu kameralar əraziyə keçə bilərlər.
Digər problem isə yaxın məsafədə yerləşən bir məntəqəyə getmək üçün piyada dolanıb uzun yol qət etməyimiz idi. Bu, həm çox vaxt aparırdı, həm də qızmar günün altında hərəkət etmək ağır olurdu. Özü də əlində o boyna cihazlarla. Məsələn, Qoşa Qala qapısının yaxınlığına təyin olunan nöqtəyə getmək üçün "Abşeron" otelinin yanından 45 dəqiqə fırlanıb 2-3 km yol qət edirdim. Ümid edirəm ki, növbəti illərdə bu kiçik çatışmazlıqlar da aradan qaldırılacaq.
- Bəs, ümumən qiymətləndirsən, təşkilatçılığa necə qiymət verərdin?
- Ümumən çox xoşuma gəldi. Xoşuma o gəldi ki, mediaya, xüsusən də fotoqraflara geniş, hərtərəfli şərait yaradılmışdı. İnternet sürəti çox yüksək idi. Hər hansı məlumatın göndərilməsi rahat idi. Yemək-içmək hər şey yüksək səviyyədə idi. Bununla bağlı mən biləni heç kim problem yaşamadı. Bundan əlavə, könüllülər tez-tez yaxınlaşıb soruşurdular ki, nəsə lazımdırmı? Biz nəsə istəyəndə məsələ tez də həll olunurdu. Ən əsası isə odur ki, yarışın sponsor şirkəti tərəfindən bizə pulsuz olaraq geniş imkanları olan fotokameralar və obyektivlər verilirdi. Çox sevindim ki, 3 gün ərzində lazım olan texnika ilə tam təmin olundum. Ən əsası isə mən həmin 3 gün ərzində əməlli-başlı dərs keçdim.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində