Rüfət Səfərovun məhkəməsi təxirə düşdü - SƏBƏB

20 İyun 2017 11:53

Bu gün Ali Məhkəmədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, məhkəmə R.Səfərovun prosesdə iştirakının təmin edilməsi barədə qərar çıxarıb. Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti R.Səfərovun məhkəməyə gətirilməsini təmin etməyib.

Prosesdə, həmçinin məlum olub ki, R.Səfərovun digər vəkilləri - Yalçın İmanov Fariz Namazlı prosesdə iştirak edə bilmirlər. Buna görə də məhkəmə prosesi iyulun 11-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi bu hökmü qüvvəsində saxlayıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində