“Amazon” orqanik qidalar satan şəbəkəni aldı

20 İyun 2017 08:45

ABŞ-ın "Amazon" online riteyleri "Whole Foods Market" ərzaq mağazaları şəbəkəsinin satın alınması üzrə razılıq əldə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətlərin ortaq açıqlamasında bildirilir.
 
"Whole Foods Market" ABŞ-da və dünyada orqanik və süni əlavələrsiz məhsulların satışı ilə məşğul olan ən böyük supermarketlər şəbəkəsidir. "Amazon" "Whole Foods"un hər səhminə 42 dollar ödəyəcək və beləliklə, alış-veriş 13,7 milyard dollara başa gələcək. "Milyonlarla insan "Whole Foods Market"i ona görə sevir ki, onlar orqanik mənşəli ən yaxşı məhsulları təqdim edir və sağlam qidalanmaya şərait yaradırlar", - deyə Amazon"un rəhbəri Ceff Bezos söyləyib. "Whole Foods"un həmtəsisçisi və baş direktoru Con Makki isə bildirib ki, şirkətlərin birləşməsi onların səhmdarlarının gəlirini artıracaq. C. Makki birləşmədən sonra öz vəzifəsində qalacaq, şirkət isə öz brendini saxlayacaq.
 
Tərəflər birləşməni bu ilin ikinci yarısında yekunlaşdırmağı planlaşdırır.
 
Qeyd edək ki, ötən il "Whole Foods Market"in satışları 16 milyard dollar təşkil edib. Şəbəkənin ABŞ, Kanada və Britaniyada 460 satış nöqtəsi mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində