Şura üzvü: "Şəxs sağlığında orqanlarının bağışlanmasını bəyan edirsə, transplantasiya üçün qohumlarından icazə alınmır"

16 İyun 2017 16:38

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Trend-ə müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Səhiyyə Nazirliyi (SN) tərəfindən yaradılmış Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurası hazırda hansı işlərlə məşğuldur?

- Hazırda Şurada meyit orqanları üzərində transplantasiya əməliyyatları haqqında müzakirələr aparılır. İnanıram ki, gələcəkdə müəyyən qaydalar təsdiq edildikdən sonra Azərbaycanda da meyit orqanlarından transplantasiya ediləcək. Biz qaraciyər və böyrək köçürülməsini edirik, qaraciyər və böyrək çatışmazlığı olan xəstələrin canlı donor tapmaq şansları var. Amma elə orqanlar var ki, məsələn, ürəyin, ağciyərin, mədəaltı vəzinin transplantasiyası üçün yalnız meyitdən götürülmüş orqanlara ehtiyac var. Hazırda Azərbaycanda donor hovuzu azdır. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda xəstələrin sayı ilə donorların nisbəti tərs mütənasibdir. Çünki xəstələrin sayı artır, amma donor sayı azdır. Bunun üçün alternativ yol meyit orqanlarından transplantasiyadır. Azərbaycanda meyitdən orqanın transplantasiya edilməsi istəyi var. Ancaq təbii ki, bunu etmək elə də asan deyil.

SN bildirir ki, bu gün meyitlərdən orqan transplantasiyasını aparmaq üçün bütün hüquqi prosedurlar var. Əgər belədirsə, biz onda onun reallaşması üçün nəyi gözləyirik?

- "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanunda meyit orqanlarının transplantasiyası məsələsi var. Bu, əslində gözəl qanundur və onun ciddi dəyişikliyə ehtiyacı yoxdur. Sadəcə olaraq, bunun üçün bir təlimat olmalıdır ki, işə başlanılsın. Çünki orqan transplantasiyası əməliyyatları özündə yalnız tibbi əhatə etmir. Burada həm hüquqi, həm də psixoloji faktorlar var. Meyitlərdən orqan transplantasiyası üçün ixtisaslaşmış xəstəxanaların reanimasiya şöbələri işə başlamalıdırlar. Transplantasiya üçün xəstənin beyin ölümü diaqnozu qoyulmalıdır. Beyin ölümü diaqnozu da ixtisaslaşmış xəstəxananın reanimasiya şöbəsində qoyulmalıdır. Bu diaqnoz qoyulduğu andan etibarən orqanları qorumaq üçün xəstələrə xüsusi məhlul yeridilir. Bundan sonra xüsusi koordinatorlar ailələrlə görüşür və daha sonra ailələr meyitlərdən orqan transplantasiyasına icazə verərlərsə, həkimlər əməliyyat yolu ilə orqanları alaraq, ehtiyacı olan şəxslərə nəql edirlər. Burada bizim cəmiyyətin yazılan və yazılmayan qanunlarını da nəzərə almaq lazımdır. Digər tərəfdən, müəyyənləşdirilməlidir ki, kimlər orqanlarını bağışlaya bilər. Müəyyən dövlətlərdə bu, fərqli qaydalarla tənzimlənir. Elə ölkələr var ki, orada insan xəstəxanada beyin ölümü diaqnozu ilə dünyasını dəyişirsə, artıq onun meyiti dövlətindir. Dövlət onunla istədiyi kimi rəftar edə bilər. Yəni bunun üçün xəstənin qohumlarının icazəsi lazım deyil. Elə ölkələr var ki, orada beyin ölümü diaqnozu qoyulmuş xəstə sağlığında orqanının bağışlamasını bəyan etmiş olsa belə, onun qohumlarından icazə alınması şərtdir. Bəzi ölkələrdə isə belədir ki, şəxs sağlığında orqanlarının bağışlanmasını bəyan edirsə, transplantasiya üçün onun qohumlarından icazə alınmır. Bunlar çox incə məsələlərdir. Buna görə də qaydalar elə şəkildə qoyulmalıdır ki, transplantasiyada hər hansı problem olmasın. Digər tərəfdən, maarifləndirmə işi aparılmalıdır. Bizim apardığımız sorğu zamanı insanların əksəriyyəti orqan bağışlanmasına pozitiv baxdıqlarını söyləyiblər.

- Hazırda Azərbaycanda bu variantlardan hansına baxılır?

- Hazırda Şura tərəfindən bununla bağlı ciddi işlər aparılır ki, bizdə bu modellərdən hansı qəbul olunsun. Əslində, şura bununla bağlı yalnız təklifini verəcək. Qərarı hər halda SN verəcək. Mənim təklifim odur ki, şəxs orqanını bağışlayacağını sağlığında bəyan etsə də, transplantasiya üçün qohumlarından icazə alınmalıdır.

Axı, bizim hazırkı qanunda da belə qeyd edilib.

- Qanunda bu, belə yazılıb. Amma bunu əlavə hüquqi sənədlə də təsdiqləmək lazımdır. Çünki xəstəxanalar bu hüquqi sənədlə işləməlidirlər.

Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəbdən daha çox subyektiv səbəb - dini düşüncələr mane olurdu. Dini düşüncələr meyitdən də orqanın transplantasiyasına mane ola bilərmi?

- Belə bir deyim var ki, bizim orqanlarımıza o biri dünyada ehtiyac yoxdur, bu dünyada ehtiyac var, ona görə də onları bağışlamaq lazımdır. Digər tərəfdən, səmavi dinlərin hamısı, o cümlədən islam dini də orqan bağışlanmasını dəstəkləyir. Orqan bağışlanmaqla insan yaşadılır. Təsəvvür edin ki, bir meyitdən orqanının köçürülməsi 9-10 insana həyat verə bilər.

Çox maraqlıdır ki, Azərbaycanda ilk orqan köçürülməsi əməliyyatı 1971-72-ci illərdə akademik Cavadzadə tərəfindən həm canlıdan, həm də meyitdən böyrək transplantasiyası əməliyyatları ilə başlayıb. Hələ bir çox ölkələrdə meyitdən orqan köçürülməsi aparılmadığı bir vaxtda Azərbaycanda bu iş uğurla həyata keçirilib. Bu, onu göstərir ki, Azərbaycan bu işə yeni başlayan ölkə deyil və öz təcrübəsində bunu sınaqdan keçirib. Bəs, onda niyə görə bu gün Azərbaycanda meyitdən orqanın transplantasiyasına yenidən başlamaq bu qədər çətin olub və bu məsələ bu qədər çox müzakirə edilir?

- SSRİ dövründə M.Cavadzadə və komandası tərəfindən bu, böyük nailiyyət idi. Azərbaycanda bu əməliyyatlara yaxın qonşularımız olan İran və Türkiyədən də əvvəl başlanıb. Lakin bu iş davam etdirilmədi və orqan köçürülməsi əməliyyatları dayandırıldı. Açığı, bu işin nəyə görə dayandırılmasının səbəbini dəqiq deyə bilmirəm. Ondan sonra 2000-ci ilin əvvəllərində professor Kamal Abdullayevin rəhbərliyi, xarici mütəxəssislərin iştirakı ilə təxminən 20-yə yaxın böyrək köçürülməsi əməliyyatı icra olundu. Lakin bu proqram da uğur qazana bilmədi, yəni davamlı olmadı. 2008-ci ilin dekabrın 12-dən bizim tərəfimizdən yalnız Azərbaycanda deyil, eyni zamanda Orta Asiya, Qafqaz regionunda canlıdan canlıya qaraciyər transplantasiyası uğurla icra edildi. Bundan sonra orqan köçürülmələrinə start verildi. Azərbaycan artıq özünün uğurlu işlərinə görə beynəlxalq mütəxəssislər tərəfindən aparılmış araşdırmalardan sonra Avropa Qaraciyər Transplantasiyası Reyestrinə üzv kimi daxil edilib.

Bu gün Azərbaycanda meyitdən hansı orqan transplantasiyası aparıla bilər?

- Bu gün səhiyyəmiz meyitdən qaraciyər, böyrək, ürək, mədəaltı vəz, ağciyər, gözün buynuz qişası transplantasiyasını aparmağa tam hazırdır.

Hansı meyitlərdən orqan transplantasiyası etmək olmaz?

- Məsələn, insan avtomobil qəzasında, beyinə qan sızmadan dünyasını dəyişibsə, onların orqanlarını istifadə etmək olar. Az sayda onkoloji xəstələr var ki, onlardan da orqan transplantasiyası etmək olar. Bu gün bütün dünyada QİÇS xəstələrindən orqan alınıb-alınmaması məsələsi müzakirə olunur. Amma əksəriyyət onlardan orqan alınmamasının tərəfdarıdır. Xəstəliyin gecikmiş mərhələsində olan xəstələrdən də orqan köçürülməsinin aparılması düzgün deyil, çünki artıq onların orqanların fəaliyyətində ciddi problemlər yaranıb.

- Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı necə dəyişir?

- Bütün dünyada bu say artmaqdadır. Çünki tibbi müayinələrin inkişafı, ətraf mühitin çirklənməsi, xüsusilə bütün dünyada olduğu kimi, ölkəmizdə də hepatit B və C xəstələrinin sayının artması əməliyyata ehtiyacı olan xəstələrin sayını artırır. Yeni başlanan dövrlərdə Azərbaycanda əməliyyatların sayı az idi, çünki insanların buna tələbatı olduğu halda inam və etibarı zəif idi. Xəstələrin əksəriyyəti orqan köçürülməsi üçün xarici ölkələrə gedirdilər. Lakin illər keçdikdə Azərbaycandan, eyni zamanda yaxın ölkələrdən bizə əməliyyat üçün müraciət etməyə başladılar və orqan köçürülməsi əməliyyatları üçün xaricə gedənlərin sayı kəskin şəkildə azalmağa başladı. İlk dövrlərdə əməliyyat etdiyimiz xəstələrin 60 -70 faizi xarici əməliyyata gedib orada əməliyyat qərarı verilmiş, lakin bizim haqqımızda eşidərək geri qayıdan xəstələr idi. Bütün dünyada orqan köçürülməsi sırasında ən çətin əməliyyatlar pediatrik, yəni uşaqlar arasında keçirilən əməliyyatlardır. Çünki uşaq orqanizmi böyüməkdə olan orqanizmdir. Təəssüflər olsun ki, orqan çatışmazlığı olan insanlar inkişafdan geri qalırlar. Məsələn, bu gün müraciət edən böyrək çatışmazlığı olan uşağın 5 yaşı olsa da, onun 1 yaş yarımlıq uşaq görüntüsü var.

- Bu gün Azərbaycanda nə qədər insanın orqan transplantasiyasına ehtiyacı var?

- Hazırda Şurada xəstəliyin səviyyəsindən asılı olaraq, əməliyyata ehtiyacı olanların siyahısı hazırlanır. İndi bizdə belə xəstələrin dəqiq sayı yoxdur. Lakin onu bilirəm ki, 2400 böyrək çatışmazlığı olan xəstə dövlət tərəfindən dializ edilir. Onlar özləri elə orqan transplantasiyası əməliyyatına namizəddirlər. Qaraciyərin transplantasiyasına gəldikdə, fikrimcə, bir ildə ölkəmizdə 40-60 xəstəyə qaraciyər köçürülməsi ehtiyacı var.

Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələr həkimə hansı mərhələdə müraciət edirlər?

- Təəssüflər olsun ki, biz toplum olaraq, öz sağlamlığımıza qarşı biganəyik. Xəstələr komada olduqda, qanaxma baş verdikdə bizə müraciət edilir. Təbii ki, onların əməliyyata götürülməyi çox riskli olur. Müraciət edən xəstələrin əksəriyyəti dünyasını dəyişmə ehtimalı 70-80 faiz olan xəstələr qrupuna daxildirlər. Qaraciyər transplantasiyasına ehtiyacı olan xəstələr bir neçə qrupa ayrılırlar. Əsasən, qaraciyərin ən kəskin xəstəliyi - qaraciyər serrozu olan xəstələr müraciət edirlər. Qaraciyər serrozu olduqda onun bir mənalı olaraq, müalicəsi qaraciyərin dəyişdirilməsidir. Əlavə verilən tibbi-medikamentoz müalicələr bu orqanın ümumi xəstəliyinin vəziyyətini stabilləşdirmək üçündür. Qaraciyər transplantasiyası olmayan xəstələrin aqibəti birmənalı olaraq, ölümdür. Alternativ müalicə metodu olmadığına görə qaraciyər çatışmazlığı olan xəstələr qaraciyər çatışmazlığından, yaxud da qaraciyər çatışmazlığının gətirib çıxardığı digər orqan çatışmazlığının fəsadlarından dünyalarını dəyişirlər. Böyrək çatışmazlığına gəldikdə, belə xəstələrin müalicəsi üçün ilk ağıla gələn prosedur dializ olur. "İnsanın böyrək çatışmazlığı varsa, o, dializ olunmalıdır" fikri doğrudur. Amma dializ özü müalicə üsulu deyil. Bu, xəstələrin yaşaması üçün müvəqqəti üsuldur. Unutmaq lazım deyil ki, sağlam insanların böyrəyi dayanmadan işləyir, amma xəstə insanların böyrəyi həftədə 3 dəfə dializlə işləyir. Dializ hər nə qədər keyfiyyətli olsa da, bu prosedurun nəticəsi böyrəyin canlı işi qədər effektli olmur. Qanda müəyyən parametrlər var ki, onlar yalnız böyrəkdən təmizlənir, amma dializ aparatı onu təmizləyə bilmir. Böyrək çatışmazlığı olan xəstələr birmənalı olaraq, böyrək transplantasiyası olunmalıdırlar. Bütün dünyada artıq yeni bir tendensiya başlayıb, biz də o tendensiya ilə gedirik. Böyrək çatışmazlığı olan xəstələrin əməliyyat oluna bilmə şansı, yəni donoru və maddi dəstəyi varsa, xəstələr dializ olunmadan əməliyyata girməlidirlər. Bunu biz də xəstələrə tövsiyə edirik. Çünki böyrək çatışmazlığı olan xəstələrin dializə girmədən əməliyyata girməsinin üstünlükləri var. Dializ olunan xəstələrin psixoloji-emosional problemləri olur. Dializ olunan xəstələrin riskləri odur ki, dializ zamanı qanla daimi təmasda olduğundan xəstələrin hepatit C, B və digər xəstəliklərə yoluxma ehtimalı var. Bu ehtimal da az deyil və təxminən 20-30 faiz təşkil edir. Digər tərəfdən, dializ normal böyrək fəaliyyəti göstərə bilmədiyindən onlarda ciddi təzyiq xəstəliyi, böyrək, damar çatışmazlığı kimi risklər olur. Bundan başqa, qanazlığı yarandığından nəzarətsiz vurulan qan preparatları orqanizmdə artıq dəmirin toplanmasına səbəb olur. Bu da qaraciyər çatışmazlığına səbəb ola bilər. Əgər dializ olunan xəstələrin dərilərinin rənginə fikir versəniz görərsiniz ki, onların rəngi qapqara olur. Bu, onların orqanizminə həddindən artıq dəmirin toplanmasının nəticəsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində