“Sərgüzəşti Vəziri Xani Lənkəran” bölgələrdən döndü - FOTO

16 İyun 2017 14:26

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti cari ilin iyun ayının 15-də Respublikamızın bölgələrində qastrol səfərini uğurla başa vuraraq geri dönüb.

Milli.Az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində baş tutan qastrol səfəri çərçivəsində yaradıcı heyət milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Respublikamızın şimal-qərb bölgəsində - Qəbələ, Oğuz, Balakən rayonlarında çıxış edib.

Sözügedən tamaşanı rayon icra hakimiyyətinin rəhbərliyi, məktəblilər və geniş tamaşaçı auditoriyası maraqla izləyiblər.

Tamaşanın quruluşçu rejissoru xalq artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimovadır. Əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Məsumə Babayeva Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov ifa ediblər.

Məlumat üçün bildirək ki, qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd "Azərbaycan teatrının inkişaf etdirilməsinə dair" Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində