Restorandakı atışmada təqsirləndirilən: "Öldürmək istəsəydim, ürəyindən vurardım"

16 İyun 2017 13:32

Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Tofiq Qaramizadə ifadə verib.

Hadisədə özünü qismən təqsirli bilən T.Qaramizadə zərərçəkmiş şəxsə atəş açdığını təsdiqləsə də, onu öldürmək fikrində olmadığını deyib: "Mənim Fuad Əsgərovu vurmaq və öldürmək fikrim olmayıb. Mənə söyüş söydü və bıçaq çıxarıb üstümə gəldi. Mən də onun ayağından vurdum. Əgər onu öldürmək məqsədim olsaydı, ürəyindən vurardım".

Prosesdə təqsirləndirilən T.Qaramizadənin vəkili Vüqar Babayev də müvəkkilinin adam öldürmək niyyəti olmadığını deyib: "Hadisədən də göründüyü kimi, Tofiq Fuada həyatı üçün təhlükə yaradan nahiyədən atəş açmayıb. Bu, özünü müdafiə halı kimi qiymətləndirilməlidir".

İş üzrə növbəti məhkəmə prosesi iyunun 19-na təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı F.Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynov və digər 2 nəfər tutulub.

Xatırladaq ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində