ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib

16 İyun 2017 08:25

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Milli.Az APA-ya istinadən xəbər verir ki,  iyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin təşkilatın qeydiyyatının ləğv edilməsi ilə bağlı 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına şikayət verib.

Qeyd edək ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar çıxarıb. Qərara əsasən, ÜAK-ın qeydiyyatı ləğv olunub.
 
Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi "İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
 
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
 
ÜAK prezidenti Fazil Qurbanov Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib.
 
ÜAK prezidenti və təşkilatın Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya prezidenti Vladimir Putinə və baş naziri Dmitri Medvedevə müraciət edib.
 
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Milli.Az