Bakıda 11-ci sinif şagirdləri bıçaqlandı: 1 ölü, 1 yaralı - ƏLAVƏ OLUNUB

18 Mart 2010 09:20
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, martın 17-dən 18-nə keçən gecə Bakıxanov qəsəbəsindəki Həsən bəy Ağayev küçəsində 17 yaşlı Ramin Mustafayev və onun əmisi oğlu 16 yaşlı Kənan Mustafazadə naməlum şəxsin hücumuna məruz qalıblar. Naməlum şəxs bıçaqla R.Mustafayevi qətlə yetirib, K.Mustafazadəyə isə xəsarət yetirib. K.Mustafazadə 3 saylı şəhər klinik xəstəxanasına aparılıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti törətdən Bakı sakini, 17 yaşlı Rəşad Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

-----------------------------

Hadisə ilə bağlı daha bir nəfər saxlanılıb. Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Milli.Az-a bildirilib ki, cinayətdə şübhəli bilinən Osman Novruzov da istintaqa cəlb olunub.

Anar Məmmədov
Milli.Az