"Müştərimiz məmnun olduğu zaman işimizin mütəxəssisinə çevrilirik"

12 İyun 2017 16:03

Azər Türk Banklılarla Müsahibə

Son illərdə marketinq strategiyasında böyük uğurlara imza atan Azər Türk Bank yeni "Azər Türk Banklı Olmaq" layihəsini online (sosial şəbəkələr) və offline (radio, bilbord) platformalarda izləyicilərinə təqdim etdi. Layihə haqqında elə Azər Türk Banklıların özlərindən müsahibə aldıq.

İlk müsahibimiz bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova oldu. Maraqlı keçən müsahibəni sizə təqdim edirik:

- Leyla xanım, "Azər Türk Banklı Olmaq" layihəsi ilk öncə necə yarandı?

- Bildiyiniz kimi, bank və digər sektorlarda korporativ şirkətlər özlərinə reklam üzü, həmin şirkətin siması olacaq şəxslər seçirlər. Bu simalar yaradılmış xəyali personaj, məşhur aktyor, müğənni və digər ictimai fiqurlar olur. Biz isə Bankımızın üzü olaraq mütəxəssislərimizdən dördünü seçdik və "4 Mütəxəssis - Azər Türk Banklı Olmaq" adı ilə izləyicilərimizə təqdim etdik.

- Maraqlıdır ki, niyə sima kimi öz əməkdaşlarınızı seçdiniz? Bu halbuki, hər hansı bir yerli məşhur ola bilərdi.

Simaların öz əməkdaşlarımız olmasının səbəbi isə işçilərimizin müştərilərimizə və izləyicilərimizə daha yaxın, yəni onlardan biri olduğumuzu çatdırmaqdır. Bankımıza gələn hər yeni müştəri bizim qəhrəmanlarımızla qarşılaşan zaman özünü doğması ilə qarşılaşır kimi hiss edir.

Leyla xanımdan sonra müsahibəmizi "4 Mütəxəssis"-dən biri olan kredit mütəxəssisi Aslan bəylə davam etdik.

- Aslan bəy, Azər Türk Banklı Olmaq necə hissdir?

- Sizə deyim ki, Azər Türk Banklı Olmaq axşam saat 6 tamam olan kimi iş masasını toplayıb getmək deyil. Mən, mütəxəssis yoldaşlarım və bankımızın digər əməkdaşları bank müəsissəsində işləsək belə vaxtımızı həm məhsuldar, həm də əyləncəli keçiririk. Bir sözlə, gördüyümüz işdən yetərincə həzz alırıq. Belə olduğu zaman inanın mənə insan heç bilmir iş nə zaman başladı, nə zaman bitdi.

Daha sonra müsahibəmizi yenlikləri sevən əməliyyatçı mütəxəssis Günel xanımla davam etdik.

- Günel xanım, ümumi olaraq "4 Mütəxəssis"-in əsas məqsədi nədir?

- Dövlət bankı olan Azər Türk Bank-ın üzü olaraq biz tez-tez dəvət aldığımız tədbirlərdə, layihələrədə iştirak edirik. Həmçinin korporativ sosial məsuliyyət prinsipimizə sadiq qalaraq Bankımız bir çox layihələrə dəstək olur. Məqsədimiz Azər Türk Bank-ın müştərilərinə, izləyicilərinə daha yaxın olmaq, onlara dəstəyimizi hiss etdirmək və bizim onlardan biri olduğumuzu çatdırmaqdır.

4 Mütəxəssisdən ən cavanı, korporativ satış mütəxəssisi Cavanşir ona ünvanlanan suala isə maraqlı cavab verdi.

- Cavanşir bəy, iş vaxtından sonra günün qalan hissəsini necə keçirirsiniz?

- Həmişə olmasa da, çox vaxtı Aslan, Günel və Dilarə ilə birlikdə harasa gedirik. Gün boyu işdə başımıza gələn maraqlı hadisələri bir-birimizə danışırıq və qarşılaşdığımız problemləri komanda halında müzakirə edirik. Deyəcəksiniz ki, işdən sonra da işdən danışırsınız? Xeyr, işdən sonra birlikdə planlaşdırıb etdiyimiz məşğuliyyətlərimiz də var. Keçən dəfə dördümüz birlikdə bankımızın dublyaj işində sponsor olduğu "Spark. Bəşəri Qəhrəman" cizgi filminə baxmağa getdik. Filmə baxarkən hər şeyi bir anlıq unudub uşaqlıq illərimizə qayıtdıq.

Həmçinin qeyd edək ki, korporativ şatış mütəxəssisi olan Cavanşir korporativ müştərilərlə çox sıx işləməyi sevir. Mövcud müştəriləri ilə tez-tez görüşə gedən mütəxəssis həmçinin yeni müştərilərin istəklərinə uyğun kredit təklifləri hazırlayır. 4-cü və sonuncu qəhrəman olan xəzinadar Dilarə xanım bizə Azər Türk Banklıların gələcək planlarından danışdı.

- Dilarə xanım, layihənin 2-ci xanım üzü olaraq siz və komanda yoldaşlarınızın gələcək planları nədir?

- Gələcəkdə "4 Mütəxəssis" layihəsinə böyük iş təcrübəsinə malik bir mütəxəssis də (4 +1) əlavə etməyi düşünürük. Bizim öndə duran məqsədlərimizdən biri də müştərilərin həmişə bankımızdan məmnun qalmalarıdır. Dediyimiz kimi: "Müştərilərimiz məmnun olduğu zaman işimizin mütəxəssisinə çevirilik". Fikrimizcə bank müəssisənin ən böyük uğuru onun il ərzində satdığı məhsulun, verdiyi kreditin həcmi ilə deyil, hər bir müştərinin bizdən məmnunluğu ilə ölçülməlidir. Gələcək üçün planlarımızı əsasən müştəri məmnuniyyəti üzərinə qururuq.

Sonda qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən Azər Türk Bank dövlət bankıdır və səhmlərinin 75%-i Azərbaycan Respublikasına məxsusdur.