Yuxuda arvad budu gördü, bacanağını bıçaqladı!

1 Aprel 2010 14:37
Sirr deyil ki, xalqımız əcinnəyə, cinə-şeytana, dərə-təpədəki tənha qəbirlərə hələ də özünün qədim inancını qoruyub saxlayır, nəsildən-nəsilə ötürür. O gün hətta fizika elmlər namizədi olan bir qohumum qulağıma pıçıldayır ki, nəsə dünyanin kürə şəklində olması, boş-boşuna günəşin ətrafında fırlanması ağlıma batmır. Bu adam qəlbinin dərinliklərində yer kürəsinin yastı olduğuna və üç öküzün belində dayandığına inanır, inanır ki, öküzlərdən biri dalına qonmuş milçəyini qovmaq üçün quyruğunu dəbərdəndə zəlzələ olur və s.

Bu yaxınlarda kitab dükanlarının birində əlimə məşhur bir imamın xalq üçün yazdığı yuxuyozmalar kitabı keçdi, - satıcının dediyinə görə, ən çox satılan kitablardan biridir, - və mən yuxarıda söylədiklərimə bir daha əmin oldum. Uzunçuluq eləmədən keçək mətləbə.

Kitabdakı yuxuları növlərinə görə aşağıdakı kimi sıralamaq olar. Birinci yerdə sözsüz ki, ifrat dini məzmunlu yuxuların yozumu durur. Yuxuda Quranın ayrı-ayrı surələrini, zəkat, təlaq, Sirat körpüsü, xına kimi dini məzmunlu xırdavatı görmək üçün xoruldayan şəxsin necə qatı dindar olmasını mənə elə gəlir ki, sübut etməyə ehtiyac yoxdur. Ateistlər, mürtədlər deyə bilərlər ki, yuxuda bütöv surəni necə görmək olar? Dərhal ağızlarının üstündən vurub deyirəm: "Bəs sizin kafir Mendeleyev (Allah cəzasını versin! Amin!) o yekəlikdə "Elementlərin dövrü sistemi" cədvəlini yuxuda necə qurmuşdu?". Di gedin, aşığınızı atın.

Kitaba görə yuxarıda sadaladığım müqəddəs, pak şeyləri yuxuda görən ibadət əhlinə izzət, hökmranlıq, rütbə, qədir-qiymət vəd olunur. Məsələn, yuxulardan birinin adı belədir, "Dizlə topuq arasındakı sümük". Əleyhissalam müəllif buyurur: "Yuxuda bu sümüyü görməyin dörd yozumu var, mal-mülk, məişət, uzun ömür, kişilər üçün arvad, arvadlar üçün ər" (Səh 33.) Yuxudan gələn gəlirin çoxluğu adamı elə həvəsləndirir ki, adam bu müqəddəs sümüyü bircə dəfə yuxuda görmək və yerdə qalan həyatını adam balası kimi yaşamaq üçün aylarla tirlənib yatmaq istəyir. Şəxsən mən, artıq bir həftədir ki, dəmir çarpayıdan qalxmıram, hətta iki-üç dəfə yuxu dərmanı da atmışam. Ancaq bu şoğərib sümük yuxuma girmir ki, girmir. Bud sümüyünə çatmamış, bir hoqqa çıxır, yuxudan ayılıram. O gün özümə söyüş qoyub, dizin oynağına qədər enmişdim, birdən yuxumun yanındakı tanımadığım bir yuxuda nə görsəm yaxşıdır, gördüm həmin bu yad yuxuda dostlarım Murad Köhnəqala ilə Fərhad Amur boğuşur. Öz yuxumdakı oynaq sümüyünü buraxıb dalaşanlara yaxınlaşdım ki, harayçılıq edim, görüm nə məsələdir. Sən demə, Murad yuxuda gənc şairə Günel Mövludu öpüb, Fərhad da neçə vaxt imiş, yuxuda qızı sevirmiş və Muradın Güneli öpməsini yuxuda görüb. İndi mənim yuxumun yanındakı xəlvət bir yuxuda iki dost arasında qırğın düşüb ki, sən o qızı niyə öpmüsən, bəlkə, mən onu alacaqdım. Bir də onda ayıldım ki, neçə müddətdən bəri daşıyıb yuxularıma yığdığım sür-sümüyün hərəsi bir küçə itinin ağzındadır. Nəsə, keçənə güzəşt.

Yaxud, yuxuda quyruqlu dişi qoyun görmək. Əleyhissəlam buyurur: "Yuxuda quyruqlu dişi qoyun görməyin dörd yozumu var, əmir, rəhbər, xəlifə, rəis" (Səh.29) Etiraf edim ki, çox milli yuxudur. Adamın gözünün qabağına polis rəislərimizin, idarə müdirlərimizin "Pendiri dəri saxlar" el məsəlinə uyğun gizlində saxladığı, dalı qoyun quyruğu kimi yırğalanan arvadları gəlir. O gün istədim, sümüyün başını buraxıb, quyruqlu dişi qoyuna keçəm. Ancaq quyruq kababı yeməkdən xəstələnib yatağa düşən qarınqulu dostum uzandığı yerdəcə gözlərini açmadan çox insafsızcasına: "Mən hər gecə yuxuda minlərlə belə qoyunlar görürəm, mələşmə səsindən yuxularımda qulaq tutulur, nə olsun, uzağı, bir oxucu zəng vurub, iki şiş qabırğa kababı alır, vəssalam" - deyib, qoyun quyruğuna olan ümidlərimi tarakan kimi tapdalayıb pırtdanağını çıxartdı.

Bəzən yuxularla kitabdakı yozumların üst-üstə düşmədiyini də qurbanolduğuma irad tutmaq olar. Məsələn, İmam buyurur: "Yuxuda göbək görməyin beş yozumu var, kəniz, gözəl qadın, mal, oğlan, ata-ana" (Səh.60) Ağ yalandır, yuxuda məndən çox göbək görən yoxdur. Ancaq nə kəniz var, nə də gözəl qadın. Bunlar cəhənnəm, uzun illərdən sonra arıq-uruq, milli bir qız tapmışdım, kökəldib, əhilləşdirib özümə xanım edəcəkdim. "Aşqa sürgün" telebağırsağına baxıb mənim realist, patriarx xarakterimlə, türk xanəndəsi Mahsun Qırmızıgülün ciddi və kədərli görkəmini tutuşdurudu, üstünlüyü ona verdi və özünə ciddi, kədərli bir gədə tapıb, məni atıb getdi. Bu da sənə yuxuda göbək görməyin xeyri.

Kitabın 26-cı səhifəsində müəllif buyurur: "Yuxuda qusmağın altı yozumu var, tövbə etmək, peşmançılıq, ziyan, qəm-qüssə, borc, iztirab. Həmçinin, müəllim yazır ki, əgər şəxs yuxuda qusduğunu və sonra yenidən qusmağını yediyini (Allah ürəyini bulandırsın!) görsə, başqasına bağışladığı şeyi geri alar" Ölənlərin rəhmət, belə danış deyim hə. Yoxsa bayaqdan başlamısan, qoyun quyruğu belə gəldi, gözəl qadın elə getdi. İmam olanda nə olar, bu qədər gopa basmaq da olmaz axı.

Yuxarıda təsnif etdiyimiz dini məzmunlu yuxularda hər bir yuxu sahibinin əldə etdiyi gəlirə əlavə olaraq, qadın, kəniz və qulluqçu qız da vəd olunur. Yuxuda ən adi şeylər, şalvar (Səh.109), doşab (Səh.111), canavar (Səh.107), teşt (Səh.93) görmək kifayətdir ki, ayılıb evdə qadına, kənizə, qulluqçu qıza sahib olasan. Bərk dindarsansa, hətta, yuxu görməsən belə bu üçü nağdı. Yuxularına görə, dindarlarımızın cari gəlirinə əlavə olaraq vəd olunan qadın, kəniz, qulluqçu qız üçlüyü, kafelərimizdə müştərilərə oturcaq təklif olunun lülə, tikə, qaban kababları triosu kimi bir şeydir. Dünya dağılsa da, kafelərimizdə lülə, tikə, qaban üçlüyü həmişə olduğu kimi, yuxu görən hər bir əməli-saleh adam üçün də kəniz, qadın, qulluqçu qız həmişə var.

Bu "Yuxu yozmalar" kitabında bizim din bacı və qardaşlarımıza dəxli olmayan ikinci növ yuxuların yozulması heç də arzuolunun deyil. Bu yuxuların yozumunu oxuyanda hətta, məndə belə bir fikir yarandı ki, bu yozumların kitaba salınmasına görə müəllifə güclü təzyiqlər və basqılar olub. Mənə elə gəldi ki, kefqom adamların gördüyü bu mürtəd yuxuları ona döyə-döyə yozdurublar, ola bilər, təpəsinə tapança dirəyiblər. Bu kafir tayfasından nə desən çıxar. Əgər bu, belə deyilsə, hər bir müsəlman yuxusunun kafir yuxuları ilə bir kitabda yozulmasına dözməməli, küçələrə axışıb haqq səsini ucaltmalıdır.

Görün bu adam ibadət əhlini, zahid ömrunu necə ələ salır. Kitabın 4-cü səhifəsində, girişindəcə buyurur: "Yuxuda axtalanmağın üç yozumu var, zahid insanlar, mələk görmək, ibadət". Bu nə rüsvayçılıqdır, belə çıxır ki, gündə beş dəfə namaz qılan, ildə iki dəfə ziyarətə gedən, əlindən təsbeh, dilindən "şeytana lənət" kəlməsi düşməyən bizim ibadət əhli yuxuda axtalanmış adamlardı?  Bu adamda daş-qalaq edilmək xofu yoxdurmu?
Görün bizim halal yuxularımızı kimlərin yuxusuna tay tutur? 10-cu səhifədə buyurur: "Yuxuda bud görmək dörd yerə yozulur, qohum-əqraba, ailə, dost-tanış, qəzəb" Sizdən soruşuram, ey mömin bacı, qardaşlar, heç allaha inanan, peyğəmbərə boyun əyən adam da yuxuda bud görərmi? Hələ bu adamı boğazlayıb soruşmaq lazımdır, söhbət hansı buddan gedir, arvad, qoyun, yoxsa toyuq budundan? Yuxunun yozumundakı "Qohum-əqraba, ailə, dost-tanış, qəzəb" ardıcıllığı söhbətin məhz arvad budundan getdiyinə işarə deyilmi? Qohum-əqraba, dost-tanış arvadlarının birinin budunu yuxuda görmək, və elə yuxudaca onların qəzəbinə tuş gəlmək? Bu nə ədəbsizlikdir? Hansı müsəlman yuxuda belə bir şey görə bilər?  

Görün hələ 6-cı səhifədə nə buyurur: "Yuxuda pivə (Arpa suyu) görməyin dörd yozumu var, mənfəət, öpüş..."
A kişi, ay qardaş, bir dayan görüm, deyəsən sənə dinmədikcə şitini-şorunu çıxarırsan ha!!! Dolamısan bu camaatı, bəyəm sən bilmirsən ki, dinimiz tərkibindəki spirtin miqdarından asılı olmayaraq bütün içkiləri haram buyurub. Bir dəqiqə! Əlnən danışma! Deməyindən belə çıxır ki, biz möminlər yuxuda dinimizi danırıq, araq, pivə, öpüş, mən nə bilim, arvad budu... Otur aşağı! əl-qolunu da ölçmə! kitab yazan olub mənimçün! Budu bir təhər yola vermək olar, hamımız kişi xeylağıyıq, namazqılanıq, dünya malına tamarzıyıq. Allah şeytana lənət eləsin, hardansa avara bir bud tapıb yuxuda bizə göstərər ki, yolumuzdan cayaq. Bəs bu pivə söhbətinə nə deyirsən? Bəlkə, yuxuda bizə araq-zad da içirdəsən? Dedim əlnən danışma! Ə, dur! Götür kitabını! Davay, uçdun burdan!

Əziz oxucular, siz Allah bağışlayın, müəllifin üstünə bir az əsəbiləşdim. Başa düşürəm, hələ cavandır, ilk kitabıdır, gələcəyi qabaqdadır. Ancaq gənclərimizin səhfini görmək, onlara düz yol göstərmək hər birimizin  borcudur.
Müəlliflə aramızda olan qanqaraçılığa baxmayaraq, demək istəyirəm ki, bu kitab hər evdə lazımlı kitabdır.
 
Aqşin Yenisey
Milli.Az