Bakı-Quba yolunda ağır qəza: 1 ölü, 3 yaralı
28 İyun 2011 12:51
Bakı-Quba-Rusiya sərhədi yolunun 180-cı kilometrliyində, Quba rayonunun Susay kəndi ərazisindən keçən hissəsində 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, Quba rayon sakini 33 yaşlı Sahib Bağırov idarə etdiyi "VAZ-2107" markalı maşınla Samux istiqamətinə gedərkən əks istiqamətdə hərəkət edən Xaçmaz rayonunun Həbibkənd sakini 73 yaşlı Sabit Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub.
Sahib Bağırov və "VAZ 2106"dakı sərnişinlər təcili olaraq Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq yaralılardan Həbibkənd sakini, 58 yaşlı Naib Hurəhməd oğlu Nurəhmədov səhər saatlarında orada ölüb.
Digər yaralıların isə müalicəsi davam edir.
Hikmət Kərimovun verdiyi məlumata görə, hadisəyə "VAZ 2106"-nın "VAZ 2107"-nin yoluna çıxması səbəb olub.
Faktla bağlı İstintaq və Təhqiqat şöbəsində AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işi açılıb.
Milli.Az