Evinə telefon xətti çəkdirə bilməyən şikayətçi: "Yalan deyirlər" - FOTO

7 İyun 2017 14:22

"Qonşu "yuxarılar"dan tapşırtdırandan sonra cəmi bir günə telefon xəttini çəkdilər, 2 günə də interneti qoşdular".

Bir neçə gün əvvəl Bakının Sabunçu rayonu Ramana qəsəbəsi sakini Faiq Tofiq oğlu Osmanov Milli.Az-a məktubla müraciət edərək evinə telefon xəttinin çəkilməsi ilə bağlı yaranmış problemdən şikayət etmişdi. Onun sözlərinə görə, artıq bir aydan çoxdur ki, Sabunçu Telefon Qovşağına müraciət etsə də, Qovşaqdan gah kabel, gah paylayıcı qutu, gah da dirəyinin olmadığını deyirlər. Şikayətçi bildirir ki, o məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) də elektron formada məktubla müraciət edib, lakin təəssüf ki, məktuba reaksiya verilməyib.

Lakin Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-da 2 iyun 2017-ci il tarixdə saat 15:28-də yer almış "Telefon xətti çəkmək üçün nə kabel var, nə dirək, nə də qutu - Sabunçudan şikayət" yazıya operativ reaksiya verilib. Məsələ ilə bağlı redaksiyaya daxil olan  məktubda deyilir: 

Telefon xətti çəkmək üçün nə kabel var, nə dirək, nə də qutu - Sabunçudan şikayət - FOTO

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın" 7.2.1 bəndinə uyğun olaraq "Yerləşdiyi ərazidən asılı olmayaraq bütün əhalini və təşkilatları birləşdirən yüksək sürətli, dayanıqlı, təhlükəsiz və genişzolaqlı şəbəkənin qurulması, onun əsasında kənd yaşayış məntəqələri də daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi" nəzərdə tutulub.

Strategiyaya uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelekom") tərəfindən Sabunçu ərazisində də bir sıra mühüm obyektlərin və yaşayış massivlərinin telefonlaşdırılması planlaşdırılır. Bu ərazilərdən biri də Ramana qəsəbəsi Gülçülük sovxozudur. Yaxın zamanda sözügedən ərazidə əlavə kabelləşmə işləri yekunlaşdıqdan sonra əhali yeni telefon xətti ilə təmin olunacaq".

Məktubda əlavə olaraq bildilib ki, şikayətdə qeyd olunanın əksinə olaraq, vətəndaşa Sabunçu Telefon Qovşağının rəisi Əli Həsənovun imzası ilə rəsmi cavab məktubu göndərilib. Nazirlik tərəfindən məktubun redaksiyaya təqdim olunan surətinə əsasən, cəmi bir həftə sonra evinə telefon xətti çəkdirmək istəyən Faiq Osmanova cavab verilib və orada göstərilib:

"Sizin STQ-yə daxil olmuş 01.05.2017-ci tarixli 1983 saylı ərizənizə cavab olaraq bildiririk ki, mövcud rabitə xətt qurğularında texniki imkanlıq olmadığı üçün hal-hazırda telefon çəkilişi mümkün deyil. Həmin ünvanda nəzərdə tutulmuş 2016/15.16 saylı Eskizin icrasından sonra mümkün olacaq və sizə bu barədə əlavə məlumat veriləcək.
Hal-hazırda telefona olan tələbatınızı ödəmək üçün sizə müasir tipli simsiz rabitə CDMA təklif olunur".

Lakin şikayətçi Faiq Osmanov isə Milli.Az-a deyib ki, ona heç bir məktub-filan gəlməyib və heç kim də simsiz rabitə təklif etməyib: "Yalan deyirlər. Yaşadığım ünvana belə bir məktub daxil olmayıb və biz belə bir məktubu görməmişik. Heç kim də bizə simsiz rabitə-filan təklif etməyib. Mənə də gah kabel, gah qutu, gah da dirəyi bəhanə edirlər. Nəyinsə icrası ilə də bağlı ərazidə heç bir iş getmir. Bu məktub isə sonradan düzüb-qoşulub. Bir neçə müddət əvvəl eyni şeyi məhəllədə başqa bir qonşumuza da demişdilər. Qonşu "yuxarılar"dan tapşırtdırandan sonra məsələni həll etdilər - cəmi bir günə telefon xəttini çəkdilər, 2 günə interneti də qoşdular. Bu faktdır və həmin adam bunu özü də təsdiq edə bilər. Əgər dedikləri şeylər yox idisə, bəs bunu necə etdilər?!"

Qeyd edək ki, bir neçə gün əvvəl problemlə bağlı Sabunçu Telefon Qovşağından Milli.Az-a bildirmişdilər ki, ola bilər ki, həmin ünvanda evin yaxınlığındakı paylayıcı qutuda əlavə nömrə üçün artıq yer yoxdur. Ona görə belə alınıb. Bir-iki abonentə görə isə əlavə qutu qoymaq isə sərfəli deyil. Hər halda Qovşaqdan bildirmişdilər ki, məsələni nəzarətə götürəcək və tezliklə həll etməyə çalışacaqlar.
 

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində