"Anti-Azərbaycan qüvvələr Tiflis-Bakı münasibətlərini korlaya bilməyəcək"

2 İyun 2017 17:25

"Jurnalist kimi qələmə verilən Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması ətrafında siyasi şou yaradanların məqsədi Tiflis ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Ə.Muxtarlını jurnalist kimi qələmə verməyə çalışanlar qarşısında sadəcə bir sual səsləndirmək lazımdır:

"Bu adamın hər hansı araşdırma yazılarını, təhlillərini, regional və ya beynəlxalq geosiyasətə dair materiallarını xatırlayırlarmı? Azərbaycan vətəndaşları da bundan xəbərdardırlar".

Deputat qeyd edib ki, anti-Azərbaycan qüvvələrin əsassız hay-küy qaldırmaq istədikləri növbəti şəxs Əfqan Muxtarlıdır:

"Anti-Azərbaycan qüvvələr Gürcüstanın müxtəlif hakimiyyət orqanları qarşısında aksiya keçirirlər. Sistemli iş aparmaq, bir neçə qüvvənin fəaliyyəti əsasında şəbəkələşmiş reaksiyalara nail olmağa çalışmaq, Gürcüstanın siyasi dairələrini cəlb etməyə çalışmaq və ayrı-ayrı parlament təmsilçilərindən reaksiyalar almaqla Azərbaycana təzyiq etməyə çalışırlar. Bunların bir məqsədi də Tiflis ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir. Əlbəttə ki, Gürcüstan ilə Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlığı, xüsusilə də hərbi təlimləri həzm edə bilməyən dairələr narahatdır".

Z.Oruc vurğulayıb ki, erməni lobbisinin Gürücüstan daxilində xüsusi qrupları mövcuddur, onlar regional şəraiti izləyir və Gürcüstanla Azərbaycan arasında yaxşı münasibətləri həzm edə bilmirlər:

"Gürcüstan-Azərbaycan arasında soyuq münasibətlər olması bölgədə bir sıra dövlətlərin xeyrinə işləyərdi. Bu, Qərblə münasibətlərin kanalının kəsilməsi, transmilli layihələrin üzərindən xətt çəkilməsi olardı. Avropanın iqtisadi həyatında önəmli rol oynayan siyasətlər Azərbaycan və Gürcüstan üzərindən keçirlər. Əfqan Muxtarlı Gürcüstan-Azərbaycan münasibətlərini pozacaq qədər mühüm şəxs deyil. Ayrı-ayrı adamlar var ki, müxtəlif dairələrin əlində casus şəbəkəsi kimi fəaliyyət göstərirlər. Bunların demokratiya və insan haqlarına heç bir aidiyyatı yoxdur. Guya korrupsiyaya qarşı və yaxud ədalət uğrunda mübarizə apardıqlarını deyənlərin özləri siyasi dələduzluq içərisindədirlər. Gürcüstan hakimiyyəti də bu məsələləri yaxşı anlayır və belə təxribatlara əhəmiyyət vermirlər. Gürcüstan hakimiyyətinin reaksiyaları da sübut edir ki, küçə təzyiqləri vasitəsilə dövlət adamlarının rəyini dəyişdirməyə kimsə nail olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində