Azərbaycanda məişət zorakılığı ilə bağlı qanunun qəbulundan imtina edilə bilər

17 Mart 2010 15:34
Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu layihələr "bəzən xoşməramlı olmur".

Musa Quliyevin dediyinə görə, bəzən Azərbaycan dövlətçiliyini zəiflətmək üçün müəyyən layihələrin qəbulu tələb olunur: "Bəzi layihələrin müzakirəsi məsələsi hətta xoş məramla ortaya çıxsa belə, həmin beynəlxalq təşkilatlar bizim milli xüsusiyyətlərimizi nəzərə almadan bunu edirlər".

Millət vəkilinin fikrincə, Azərbaycanın öz dəyərləri, özəl əxlaq kodeksi var: "Bizim tarixi, mədəni inkişaf yolumuz nəzərə alınmadan, Avropaya kor-koranə inteqrasiyaya getmək olmaz. Əlbəttə, demokratik prosesləri inkişaf etdirmək lazımdır. Amma bu prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Milli-mənəvi dəyərlərdə isə inteqrasiya ola bilməz".

Komitə sədrinin müavini hesab edir ki, məsələn, Azərbaycan ailəsindəki proseslərə vəkil, qanun vasitəsilə müdaxilə həmin ailənin dağılması ilə nəticələnə bilər: "Əgər Azərbaycan ailəsində ağsaqqal sözü yox, qanundakı müddəalar əsas götürüləcəksə, təbii ki, həm ailə dağılacaq, həm də biz məişət zorakılıqlarının qarşısını ala bilməyəcəyik".

Musa Quliyev deyib ki, bütün bunları nəzərə alaraq komitədə məişət zorakılığı ilə bağlı qanun layihəsinin müzakirələri dayandırılıb: "İki ildir Dövlət quruculuğu və hüquq siyasəti komitəsi layihə üzərində işləsə də, sənədin müzakirəyə çıxarılacağı ehtimalı azdır. Düşünürəm ki, bu qanun qəbul olunsa belə, oradakı müddəaları tətbiq etmək mümkün olmayacaq. Digər tərəfdən, bu qanunun qəbulu Azərbaycanda əsrlərdən bəri formalaşan ailə institutunun dağılması ilə nəticələnə bilər. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur". Buna baxmayaraq, komitə sədrinin müavini qeyd edir ki, Azərbaycanda mütləq məişət zorakılığının qarşısı alınmalıdır: "Ailədə fiziki zorakılıqdan istifadə olunması tamamilə yolverilməzdir. Ailə üzvləri bir-birilərinə qarşı zorakı vasitələrlə davranmamalıdırlar. Problemin yalnız qanunla deyil, başqa vasitələrlə həlli yollarını da fikirləşmək lazımdır".

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.

/Trend News/