“Eurovision-2011”-in qalibləri yemək bişirdilər
25 İyun 2011 11:28
Rusiya Federasiyasının "Kultura" telekanalının Alla Siqalovanın müəllif və aparıcısı olduğu "Göz-gözə" telelayihəsinin Azərbaycan mədəniyyətinə həsr edilmiş növbəti buraxılışı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, telekanalın beş nəfərdən ibarət çəkiliş qrupu bu məqsədlə iyunun 17-dən 19-dək Bakıda səfərdə olub.
Çəkilişin birinci günündə "Eurovision-2011"-in qalibləri Nigar Camal və Eldar Qasımovun iştirakı ilə "Ulduz ilə mətbəx" epizodu lentə alınıb. Epizod zamanı Alla Siqalova ilə birlikdə ulduzlar milli yemək hazırlamış, həm mətbəx bacarıqları, həm də öz ifaları ilə məharətlərini göstəriblər.
Çəkilişlərin ikinci günündə "Azərbaycan rəqsi" epizodu kameranın yaddaşına həkk edilmişdir. Azərbaycan Dövlət Filarmoniyasında Dövlət rəqs ansamblının ifasında ölkəmizin milli rəqsləri olan "Yallı", "Toy", "İgidlər" çəkiliş qrupu tərəfindən lentə köçürülüb. Rəqslərdən sonra ansamblın rəqqasları milli rəqsimizin bəzi elementlərini verilişin aparıcısı Alla Siqalovaya öyrədiblər. Sonra filarmoniyanın binasında ansamblın bədii rəhbəri Afaq Məlikovadan müsahibə götürülüb.
Dövlət rəqs ansamblının rəqqasları proqramın "Milli geyim" epizodunun hazırlanması üçün çəkilişin üçüncü günündə açıq havada - Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycanın milli geyimlərini nümayiş etdiriblər.
Daha sonra çəkilişlər "Göz-gözə" verilişinin aparıcısı və müəllifi Alla Siqalovanın təqdimatında paytaxtımızın gəzməli və görməli məkanlarında davam etdirilib.
Verilişin hazırlıq işləri başa çatdıqdan sonra yaxın vaxtlarda "Kultura" telekanalının efirində nümayiş etdiriləcək.
Milli.Az