Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə Binəqədi gənclərinin xalq artisti Rasim Balayevlə "Film kimi keçən ömür" adı altında görüşü keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, AƏSMA-nın prorektoru Sirac Məmmədov, Bakı Humanitar Kollecin və AƏSMA-nın tələbələri, orta ümumtəhsil müəssisisələrinin, məktəbəqədər təhsil müəssisələrinin gənc əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının fəalları və gənclər iştirak ediblər.
Tədbir xalq artisti Rasim Balayevin həyat və yaradıcılığını əks etdirən videorolikin nümayişi ilə başlayıb.
Daha sonra tədbiri açıq elan edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov aktyorun həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, teatr və kino sənəti bir məbəddir. Bütün insanlar harada çalışmalarından asılı olmayaraq, nədənsə onları əhatə edən insanlardan, doğmalarından, yaxınlarından, hətta yadlardan belə diqqət, qayğı və xoş söz gözləyir. Bütün həyatını və ömrünü sənətə qurban verənlər isə ikiqat sevgiyə layiqdir.
Natiq bildirib ki, teatr və kino sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra, kinoya olan marağın artması yeni fəaliyyət formalarının yaranmasına səbəb olur. Bu, həm də bu istiqamətdə qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Gənclərimizin bu sənətə ömürünü fəda verənlərin həyat və yaradıcılığını təbli etmək isə hər birimizin borcudur.
Sonra "Nəsimi" filmindən fraqment nümayiş olunub.
Fraqmentdən sonra Bakı Humanitar Kollecin tələbələrinin iştirakı ilə Nəsimi obrazında "Məndə sığar iki cahan, mən bu cahana sığmaram" , "Ey müsəlmanlar" və "Hardasan" qəzəlləri səsləndirilib.
Daha sonra "Dilbəra mən səndən ayrı canı neylərəm" muğamı səslənib, "Sən həmişə mənimləsən" tamaşasından fraqment nümayiş edilib. Sonra Nargilə və Həsənzadə obrazları Bakı Humanitar Kollecinin tələbələrinin ifasında nümayiş etdirilib.
Bədii hissədən sonra xalq artisti Rasim Balayev auditoriyanın suallarını cavablandırıb və aktyora sual ünvanlayan gənclə birlikdə Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirini səsləndirib.
Suallardan sonra Rasim Balayev tərəfindən Bakı Humanitar Kollecinin kompozisiyalarda iştirak edən tələbələrinə Fəxri Fərmanlar təqdim edilib.
Təltiflərdən sonra çıxış edən xalq artisti Rasim Balayev tədbirlə bağlı öz xoş təəssüratını bölüşüb və belə səmimi görüşün təşkilinə görə rayon rəhbərliyinə, təşkilatçılara təşəkkürünü çatdırıb. Xalq artisti çıxışında bildirib ki, Şərqdə ilk professional teatrın yaradılış məkanı sayılan ölkəmizdə bu gün də bu sənətin inkişafı, təkmilləşdirilməsi, zəngin bədii irsimizin və yaradıcılıq ənənələrinin möhkəmləndirilməsi, teatr binalarının müasir standartlara uyğunlaşdırılması, onların maddi-texniki bazasının daha sivil tələblərə uyğunlaşdırılması, ən başlıcası isə tamaşaçı və dinləyicilərin mənəvi ehtiyaclarını, estetik baxışlarını formalaşdıra biləcək səhnə əsərlərinin yaradılması üçün nəzərə çarpacaq dərəcədə çox böyük işlər görülməkdədir.
Tədbirin sonunda "Babək" filmindən fraqment nümayiş olunub, Yallı rəqsi ilə tədbirə yekun vurulub.
Tədbirdən sonra gənclər xalq artisti Rasim Balayevlə xatirə fotoları çəkdiriblər.
Milli.Az