“La fəta illə Əli (ə)!”. Bəs fəta nə mənasındadır?

23 May 2017 22:40

Nəql edilir ki, Peyğəmbər (s) əynində rəngli bir əba geyinmiş halda bir ərəblə rastlaşır və ərəb ona deyir: "Ey Muhəmməd (s)! Siz mənə tərəf o halda gəldiniz ki, sanki fətasınız (cavansınız)".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurur: "Bəli, ey ərəb! Mən cavan, cavanın oğlu və cavanın qardaşıyam".
Ərəb dedi: "Özünüzün cavanmərd olduğunuz doğrudur. Ancaq necə cavanmərdin oğlu və qardaşısınız?".
Həzrət (s) bu ayəni buyurdu: "(Onların bəziləri) dedilər: "Eşitmişik İbrahim deyilən bir gənc onları(n adını) dilə gətir(ərək pisləy)ir (bəlkə onun işidir)". ("Ənbiya" 60).
Həzrət buyurdu: Mən İbrahimin (ə) övladıyam (nəslindənəm) və İbrahim (ə) cavanmərd idi. (Ühüd döyüşü) günündə carçı səmadan car çəkdi:
"لا سیف إلّا ذو الفقار، و لا فتى إلّا على"
 
"La seyfə illə Zülfüqar və la fəta illə Əli (ə)"
Yəni, Zülfüqardan başqa qılınc yoxdur və Əlidən (ə) başqa cavan yoxdur. Ona görə də Əli (ə) mənim qardaşımdır və mən də Əlinin (ə) qardaşıyam". (Tebyan)
Məşhur lüğətşünaslarından biri yazır: "Fəta sözü cavan və yaşının az olması mənasından deyildir. Əslində kamil, aqil, güclü, şəxsiyyətli, xoş fikirli və xoş düşüncəli insana aiddir".
İmam Sadiq (ə) Süleyman ibni Cəfər Həmədaniyə buyurur: "Ey Süleyman! Fəta kimdir?". Süleyman deyir: "Qurbanın olum! Fəta sözü bizim yanımızda cavan mənasındadır".
İmam (ə) buyurdu: "Məgər bilmirsənmi ki, Kəhf səhabələrinin hamısı qoca idi, ancaq Allah onları imanlarına görə fətiyə adlandırmışdı.
Ey Süleyman! O kəs ki, Allaha iman gətirər, təqvalı olar - cavanmərddir". Sonra bu ayəni tilavət etdi: "Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: "Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər"". ("Kəhf" 13).
Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Quranın və sünnətin nəzərinə görə, fəta sözü ki, mənasını ərəb dilində cavan kimi mənalandırırlar, ancaq yaşı az olan cavanlara aid deyildir. Sözün əsil mənası - kamil, imanlı, təvqalı, xoş fikir və düşüncəli insanlara aid edilir. Allah bu sifətlərə malik olan insanları qoca olsa belə, cavan adlandırmışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində