Baloğlan Əşrəfov: "O insan məni həyata qaytardı"

19 May 2017 17:52

"Adı gərək yiyəsi də daşıya bilsin. Mən öz adımı layiqincə daşıdım və müsbət təqdim etdim. Bir neçə dostlarım var ki, adımı övladlarına qoyublar".
 
Milli.Az ailem.az-a isitnadən xəbər verir ki, bunu əməkdar artist Baloğlan Əşrəfov Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında qonaq olarkən deyib. Müğənni adının mənfi qəhrəman olmasını da açıqlayıb: "Mənim adım Cəfər Cabbarlının "Almaz" əsərindəndir. Amma orada Baloğlan müsbət qəhrəman deyil, yaxşı insan kimi işıqlandırılmayıb. O əsərdə Baloğlan xoşagəlməz obraz kimi təqdim edilib. Mən dünyaya gələndən sonra Allah məni istədi, mənə səs verdi və mən Baloğlan adının formasını dəyişdim. Xalq bu adı sevdi. Baloğlan elə mənasından da aydın olduğu kimi bal, şirin oğlan deməkdir. Lakin elə adlar var ki, Azərbaycan xalqına yaddır".
 
Əməkdar artist sevdiyi və sevmədiyi adlardan da bəhs edib. Müğənni deyib ki, hər hansı bir ad onda tanıdığı insanların obrazını gözləri qarşısında canlandırır. B. Əşrəfov Mübariz adının ona çox doğma olduğunu etiraf edib:

"Elə adlar var ki, Azərbaycan ədəbiyyatında yer alır. Məsələn, bəzən əsərlərdə müsbət qəhrəman olan ad həyatda cinayətkar, başkəsən olur. Lakin elə insanlar da var ki, öz əməlləri ilə adlarını gözəlləşdirə bilərlər. Əgər bir insan namuslu, qeyrətli, yaxşı insandırsa, onun adı mənim xoşuma gəlir. Məsələn, Mübariz adı məndə çox yaxşı təəssürat yaradır, bu adı eşidəndə istər-istəməz gözlərim qarşısında yaxşı, qeyrətli, namuslu, xeyirxah, qəhrəman obrazı canlanır.

İlk növbədə ona görə ki, Biləsuvardan olan bizim milli qəhrəman Mübariz İbrahimov bu adı yüksəklərə qaldırdı. Həqiqətən də adı kimi mübarizliyi ilə bütün türk dünyasının yaddaşına həkk olundu. İkinci Mübariz isə məni həyata qaytaran Mübariz Mənsimovdur. O, türk dünyasına çox insanlara yardım edib, karına gəlib. Hər iki Mübariz gənclərə örnəkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində