Rusiyada erməni iş adamının telekanalı müflisləşdi

19 May 2017 15:19

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun "News Media" holdinqinə məxsus "Jizn" qəzetinin və "Life" telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. 
 
Qəzet qeyd edib ki, "Life" telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.
 
"News Media"nın baş direktoru Aram Qabrelyanov "Kommersant"ın telefon zənglərinə cavab verməyib. Rusiya Xəbər Xidmətinə açıqlamasında isə o, Federal Vergi Xidmətinin iddiasını texniki adlandıb. Bildirib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş "Unifin" bankına köçürüb. Bundan başqa, "Life" telekanalının verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya televiziya və radio yayımı şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə isə 3,5 milyon rubl borcu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində