Etibar Məmmədov: "Yaşlı rəqqaslar arasında paxıllıq çoxdur” - FOTO

19 May 2017 21:06

"Rəqs qururam, peşəkar müəllimlərdən biri deyir, "pis deyil, amma nahaq yerə bu rəqsi qurdun. Sən Latın Amerika rəqslərini yaxşı bacarırsan, milli rəqslərə quruluş vermə". Mən də zarafatyana cavab verirəm ki, bu rəqsi Stanislavski qurub. Deyir, "hə, onda yaxşıdır". Bizdən böyük, peşəkar rəqqaslar arasında paxıllıqlar çoxdur".

Milli.Az ailem.az-a istinadən bildirir ki, bunu İdman Rəqsləri Federasiyasının prezidenti, "Aypara" rəqs qrupunun rəhbəri Etibar Məmmədov Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" verilişində açıqlamasında deyib. 
 
Milli və müasir rəqslərdən danışan E. Məmmədov bəzən gənc rəqqaslara qarşı aqressiv münasibətin olduğunu etiraf edib. O, indiki rəqslərin emosionallıqdan uzaq olduğunu da bildirib: "İndiki rəqslərdə texnikaya çox yer verilir, şirinlik arxa plana keçib. İndi rəqslərdə akrobatik hərəkətlər edirlər. Bunu da hər kəs bacarmır. Düzdür, hər dövrün öz tələbatı var. Amma müasir dövrdə qurulan rəqslərdə hiss, həyəcan, emosionallıq aşağıdır. Yeni rəqslər yeni hərəkətlər meydana gətirir. Bizim rəqslər klassik rəqslərimiz üzərində qurulur. Klassika dünyada yüksək standart deməkdir. Bizdə rəqsdə inkişaf millilik üzərində inkişaf edib".
 
Tanınmış rəqqas İlham Kərimli isə cavan nəslə milli rəqsləri sevdirə bilmədiklərini etiraf edib. Bu səbəbdən də milli rəqslərin unudulmaq təhlükəsi var: "Bu gün biz "Uzundərə", "Tərəkəmə", "Yallı"lar, "Nəlbəki", "Çay" kimi milli rəqslərimizdən bəhrələnirik. "Naz eləmə", "Tərəkəmə" rəqsləri o vaxt necə qurulubsa, indi də o cürdür. Biz onun quruluşunu dəyişə bilmərik və onları unuda bilmərik. Amma müasir zamanla ayaqlaşmaq lazımdır. Dünya ölkələrində elə müasir rəqslər var ki, milli kökləri üzərində qurulub. Biz də bəzi qədim rəqsləri yeni quruluşda təqdim edirik. Zamanın nəbzinə uyğun rəqs qurduqda tamaşaçını ələ almaq olur. Evdə uşağa deyirəm ki, "Tıq-tık xanım", "Cırtdan", "Məlikməmməd" cizgi filminə bax. Amma bizim dövrün cizgi filmi ona maraqlı deyil. Uşaqlar indi dördbucaq başlıların cizgi filmlərinə baxır. Ona görə də zamanla ayaqlaşmaq lazımdır".

Proqramın digər qonaqları olan tanınmış rəqqasələr Fəridə Həsənzadə və Röya Əliyeva da müasir rəqslər barədə fikirlərini bölüşüblər.

Milli.Az