Yeni tikilən binalarda onlar üçün infrastruktur niyə nəzərə alınmır? - VİDEO

17 May 2017 21:48

2013-cü ildən qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binaları inşa edilərkən fiziki məhdudiyyəti olan şəxslərin rahat hərəkət etməsi üçün lazımı avadanlıqlar-panduslar qurulmalıdır.

Milli.Az xəbər verir ki, bunu yeni inşa edilən binaların əksəriyyətində görmək mümkün deyil.

Bənzər hallar fiziki məhdudiyyəti olan insanları ciddi narahat edir.

Mütəxəssislər isə əlillərin təkcə yaşayış binaları yox, bir sıra ictimai məkan və ərazilərdə də nəzərə alınmadığını deyir. Səkilərdə, pilləkənlərdə və piyada keçidlərində bu çatışmazlıq daha qabarıqdır.

Ekspert Ramil Osmanlı bildirir ki, dünyada qəbul olunmuş standartlara görə pandusların qoyulma dərəcəsi 8-10 dərəcə arasında olmalıdır. Ancaq keçidlərdə, bəzən isə digər yerlərdə quraşdırılan pandusların 35-45 dərəcə bucaq altında qoyulması əlillərə şərait yaratmaqdan çox ciddi təhlükə törədir. Əsas problemlərdən biri əlillər üçün infrastrukturun nəzərə alınmamasına nəzarət və buna qarşı cəza tədbirinin görülməsinin hansısa orqanın səlahiyyətinə aid olmasının bəlli olmamasıdır.
Ekspert bildirir ki, Azərbaycanda əlillər üçün ən ideal şərait otel və mehmanxanalardadır. Yeni tikilən binaların liftlərində əlillər üçün müxtəlif sistemlər quraşdırılsa da, ən əsas problem əlil insanların liftə gəlib çatana qədər ciddi çətinliyə məruz qalmasıdır. Odur ki, yəqin bu məsələdə nəzarət mexanizmi və məsuliyyət məsələsi dəqiqləşənə qədər problem qalmaqda davam edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni tikilən binalarda onlar üçün infrastruktur niyə nəzərə alınmır?