«Sənətkara mətbəxdə yemək bişitdirirlərsə, dolayısıyla ona deyirlər ki, sənin yerin mətbəxdir»
9 Aprel 2010 10:10
- Nurəddin bəy, bir çox hallarda yenilənmə tələbi ilə çıxış edən aydınlarımız çıxış yolunu insanların ideoloji baxışlarının dəyişməsində görürlər. Bəllidir ki, bu, birdən-birə, mexaniki üsulla həyata keçirilə bilməz. Sizcə, ictimai sferanın yeniləşmə ruhunda köklənməsində əsas missiyanı daşıyan vasitələr - televiziya, ictimaiyyətlə daim təmasda olan digər aparıcı qaynaqlar, o cümlədən teatr, kino, ədəbiyyat öz rolunu lazımi formada icra edə bilirmi?
- Zaman keçir, insanları əhatə edən mühit, təbiət dəyişdiyi kimi insanın özü də dəyişir. Bu gün insanların əyləncələrə maraq göstərdiyini söyləmək də olar, söyləməmək də. Burda Avropanın, Avropadan bura gəlmiş missioner təşkilatların, güclü pulların və digər amillərin təsiri var. Biz 250 ildən artıq zamanda müstəqilliyini itirmiş, bölünmüş bir xalqıq, böyük bir hissəmiz qalıb İran imperiyasının ərazsi kimi, o biri tərəfi isə Rusiya tərəfindən işğal olunub. Amma ən güclü faktorlardan biri ondan ibarətdir ki, uzun əsrlər öz müstəqilliyini itirmiş xalqların hamısında bu xarakter, bu dəyişmə daha sürətli və daha nizamsız baş verir. Bizim ən böyük bəlamız burdan başlayır. Mənə belə gəlir ki, Azərbaycan xalqının bütün bu bəlalardan, nizamsız-proqramsız dəyişilmələrdən xilas olması üçün aşağısı 50 il lazımdır. Əsarəti görməyən, başqasının təzyiqi altında yaşamayan yeni nəsil təbii ki, tamamilə başqa insanlar olacaq. Amma biz o yeni yetişən nəslə azad keçmişini, kim olduğunu tanıtmasaq, ən böyük bəla ordan başlayacaq.
İdeoloji boşluq olanda mütləq onun yeri dolur. Deyə bilmərəm ki, bu gün proqramlaşdırılmış, uzun illərə hesablanmış milli ideologiyamız var. Yoxdur. Konkret milli ideologiya olmadan, onun mərhələlərini keçmədən bizim heç bir strukturumuz - nə televiziyamız, nə mətbuatımız düzgün hesablanmış iş görə bilməz. Bu gün hər kəs "başdı-başını saxlasın" prinsipi ilə iş görür. Bu gün Azərbaycana xaricdən gələn və ayrı-ayrı fondlar vasitəsilə maliyyələşən QHT-lər, missioner təşkilatlar, mətbuat vasitələri var ki, bunlar Azərbaycanda çox ciddi şəkildə digər dinlərin təbliği ilə məşğuldurlar. Hətta Avropada qadağan olunmuş dini sektalar da burda fəaliyyət göstərir. Əgər bir millətin dinini və dilini əlindən alarsansa, ondan nə istəsən düzəldərsən. Biz rus əsarətindən xilas olmuşuq, amma bu gün bir çoxları rus dilində danışıb bunu özləri üçün elitarlıq hesab edir. Bu, əsrin özünü bəyənməmək, özünü aşağıda görmək xəstəliyidir.
Mən həmişə deyirəm ki, iki cür pul var. Biri əxlaqlı, biri əxlaqsız, dağıdıcı. Biz yalnız əxlaqlı pullarla bu problemlərdən xilas ola bilərik.
Təəssüflər olsun ki, bu gün qulağı sırğalıları, şanapipikləri, nə bilim maviləri, sarıları, göyləri gətirib millətin gözünə soxurlar. Bu gün Azərbaycanın bir sənət adamının bəlkə də 5-10 minə ehtiyacı var, amma pul qazananlarımız 150 mini, 200 mini bir əxlaqsızın başının üstündən tökür, ona müxtəlif markalı maşınlar bağışlayır. Hər gün onların həyat tərzi təbliğ olunur. Gənclik də görür ki, o adam əxlaqsız yol tutub, amma onun sarayı, villası, altında xarici maşınları var və hər gün də bunu televiziya ekranlarında göstərirlər. Onda bu Azərbaycanın gənc qızı, gənc oğlanı nə düşünəcək? Belcə gəncliyin beyni, içi dəyişilir və onu sənin əlindən alırlar. Hesab edirəm ki, bu gün özünü azərbaycanlı sayan, damarında kişi qanı axan, bu torpağı özünün vətəni sayan hər bir insan bu iyrəncliyə "dur" deməlidir. Bü gün bütün işləri dövlətin üstünə atmaq olmaz. Dövlətin daha ağır işləri var. Torpaqlarımızın müəyyən bir hissəsi işğal altındadır.
Soyunub konsert verənlərə meymun oynadanlar baxır
- Müşahidələr göstərir ki, bu gün daha çox "nə edirsən et, uğur qazanırsan, qalibsən, nə işlə məşğul olursansa ol, həmişə əsas nəticədir" fəlsəfəsi əsas prinsip kimi önə çəkilir. Bu, bizə nə vəd edir?
- Haramın heç vaxt əbədi qalibiyyəti olmur. Bu gün pulları ilə millətin gözünə girənlər, özlərini Azərbaycan qadını kimi təqdim etməyə çalışanlar bilməlidilər ki, bu millət yaddaşsız deyil. O, hər şeyi görür və kimin kimliyini çox gözəl bilir. Onlar televiziya ekranlarında özlərinə bər-bəzək vurub özünü qadın kimi Azərbaycan xalqına sırımağa çalışmasınar. Bəli, pulu, sarayı, villası var, amma onun adını hamı bilir. Dünənə qədər bunun kimliyini hamı bilir. Bu gün o, ekrana çıxıb, Azərbaycan qadını, anası kimi "mən namusla yaşadım, mən namusla ömrümü başa vurdum" deyir. Hesab edirəm ki, bu gün Azərbaycan xalqının tarixinə, mədəniyyətinə qarşı mənəvi terrorla məşğul olanların hamısı dünyaya haram gələnlərdir. Əgər birisi soyunub lüt ətcəbala konsert verirsə və ora insanlar yığışıb baxırlarsa, bu, o demək deyil ki, ora ona olan sevgilərindən yığışıblar. Bəzən insanlar dərd-sərdən uzaq olmaq üçün bir meymun da oynadırlar axı. Amma bu gün həmin ajiotaj, həmin o xəstəlik, kütləvilik artıq əvvəlki şəkildə deyil. Bu 3 il bundan qabaq daha kütləvi idi. Onlar daha çox at oynadıb, meydan sulayırdılar. Artıq yavaş-yavaş sönürlər, yavaş-yavaş itirlər. Məsələn, İTV-nin çox gözəl proqramları var. Səmimi şəkildə o televiziyanın gördüyü işlərə əhsən deyirəm. AzTV-də çox gözəl verilişlər var. Çoxları AzTV-dəki verilişlərə ironiya ilə yanaşır. Deyən gərək, əgər AzTV-yə baxa bilmirsənsə, onda get kimin sarılaşdığını, soyunduğunu təbliğ edən kanallara bax! ANS-in çox gözəl proqramları var. Amma bəzən səni çaşdıran və qəbul etmədiyin proqramları da olur. Mən bu gün hansısa meyxanaçının əleyhinə deyiləm. Amma 20 faiz torpaqları işğal altında qalan, şəhidi, qaçqını, köçkünü, düşmən əsirliyində olan bir millətin övladı, daha ciddi işlərlə məşğul olmalıdır, bu problemin aradan qaldırılmasına çalışmalıdır. Bu gün Azərbaycanda bizim başı dik gəzməyə haqqımız yoxdur. Çünki başıdik gəzənin torpağı işğal altında olmaz, qadını, qızı əsirlikdə qalmaz, dədə-babasının qəbri düşmən tapdağı altında olmaz. Biz ciddi sənətə, ciddi ədəbiyyata, ciddi sözə, əxlaqlı adamlarımıza meydan verməklə probemləri həll edə bilərik.
- Amma bu gün televiziyalarda daha çox kişilərin müxtəlif üsullarla mətbəxə cəlb edilməsi prosesi gedir. Bu, sanki bir ənənəyə çevrilib. Siz sənətdə olan insanları efirə çıxarıb, ona yemək bişirtmə prosesinə necə baxırsınız? Sizcə, folklorumuz mətbəximizə bu cür yanaşmanı necə qəbul edir?
- Çox maraqlıdır, bizdə çox adam özünü hər sahədə professor sayır. Teatrda, kinoda, bozbaş bişirməkdə. Bu, xəstəlikdir və bu gün belə hallar maraqdan çox nifrət qazanır. Ciddi sənət adamlarının, aktrisaların ciddi musiqi nümayəndələrinin o proqramlara getməsini qəbul etmirəm. Əgər sənətkarı aparıb mətbəxdə yemək bişitdirirlərsə, dolayısı ilə ona deyirlər ki, sənin yerin mətbəxdir. Bunu anlamaq üçün böyük ağıl sahibi olmaq lazım deyil. Dolayısı ilə çoxları öz yerlərini gedib tapmış olurlar.
Önlük taxıb, efirdə yemək bişirən kişi özünü nə hesab edir?
Azərbaycanın keçmişində bu şeylərin heç biri olmayıb. Heç kim özündən yeni Azərbaycan folkloru, yeni Azərbaycan həyatı quraşdırmasın. Bu gün daha çox bilməyənlər danışıb, bilmədikləri şeyi bizə sırımağa çalışırlar. Bilirsiniz, qadının qadın yeri var, kişinin kişi yeri. Qadın kişiləşəndə, kişilər qadınlaşanda qiyamət günü yaxınlaşır. Çox təəssüf ki, bizimkilər xaricdən gələn pulların hesabına qadınları kişiləşdirmə, kişiləri qadınlaşdırma prosesinə başlayıblar. Bəli, biz Avropanı tanımalı və dünya mədəniyyətindən ən gözəl nümunələri götürməliyik. Amma kim olduğumuzu unutmamaq şərtilə. Avropada qadağan olunmuş şeylər, bu gün bizə ən qiymətli material kimi sırınır. Bəli, bizim restoranlarda kişi aşpazları var. O, bir peşədir. Amma bu gün kişi döşünə önlük taxıb, efirdə yemək hazırlayırsa, bu, artıq onun öz problemidir. Mən bilmirəm onlar özlərini nə hesab edirlər. Onların işinə qarışmaq da istəmirəm. Bu gün bu millətə qarşı əxlaqsızlıq terroru aparanları pis xəstəliyə tutulmuşlar hesab edirəm. Burda əks təsirlərə gəlincə, bunun qarşısının alınması təhsil sisteminin üzərinə düşür.
Soyunmaq istəyirsənsə, efirdə yox, get atanın, qardaşının yanında soyun!
- "Eurovision" beynəlxalq mahnı yarışmasına qatılan gənc müğənnilər Azərbaycan mədəniyyətini necə təmsil edirlər?
- Ötən il "Eurovizion" müsabiqəsində iki müsəlman ölkəsindən Türkiyə və Azərbaycan mügənniləri iştirak etdilər. Onların iştirakında bəzi məqamlar doğrudan da mənə pis təsir etdi. Əgər siz müsəlmansınızsa o nə geyimdir geyindiniz? Yox, müsəlman deyilsinizsə, iki dəqiqədən bir bunu bizim gözümüzə soxmayın. Əlhəmdülillah, biz də müsəlmanıq. Amma nədən o Avropa ölkələrinin qadınları səhnəyə abır-həya ilə geyinib çıxır, amma Türkiyədən, Azərbaycandan gələnlər yarıçılpaq oldu?! Bəyəm bu gün Azərbaycanı o cür təbliğ edirik? Bu, yanlış bir şeydir. Mən bu gün Azərbaycan qadınını bükməyin, örtməyin, bağlamağın qəti əleyhinəyəm. Amma eyni zamanda, çılpaqlaşmanın, lütləşmənin də əleyhinəyəm. Soyunmaq istəyirsənsə, get evində atanın, qardaşının yanında soyun. Amma çıxıb televiziya qarşısında lütləşmə, bu xalqın balalarına "siz də soyunun və filan şeylərə sahib olacaqsınız" təbliğatını aparma! Bu işdə iştirak edən televiziya kanallarının rəhbərlərinə də deyirəm, bu, bir bumeranq məsələsidir. Atdığınız özünüzə qayıda bilər.
Bu il də müsabiqəyə 4 nəfər seçildi, sona isə biri qalib gəldi. Mən baxdım, yenə elə dördü də lüt idi. Bu, nəyin göstəricisidir? Bunun adı mədəniyyət deyil. Və dünyanın heç bir yerində bu, mədəniyyət hesab olunmur. Çox təəssüf ki, bu gün müasirliyi soyunmaq, lütlənmək kimi anlayan lüt başlı adamlar da var. Burdakı lütlənmə prosesi, televiziyalara sızan həyasızlıq, abırsızlıq Avropa ölkələrinin heç birində yoxdur.
- Bu gün sanki ciddi sənətin özündə bir parçalanma hökm sürür. Sanki şou proqramları, yeni yaranan və janrı bəlli olmayan teatrlar ciddi sənəti kölgələyir. Daha çox parodiya etməklə özünə teatr quran aktyor qrupları da var ki, daha çox tamaşaçını özünə cəlb etməyə çalışır və bununla da sənətə münasibətdə yanlış təsəvvürlər yaradırlar. Sizcə, nə baş verir?
- Hərənin öz xoşladığı yemək var. Biri balıq kababını xoşlayır, biri donuz xırtlağını. Hər kəs əxlaqına, tərbiyəsinə görə seçim edir. Biri hırıldamağı xoşlayır, biri gülür. Biz zorla adama "hırıldama" deyə bilmərik. Teatr sənəti kütləvi sənət deyil. Teatrın nə olduğunu anlayan, ağlı, intellekti, təhsil səviyyəsi, düşüncəsi olan insanlar teatra gəlir. Bu mənada Akademik Milli Dram Teatrında bizim həmişə tamaşaçımız olur. O, gülməyə gələn, yaxud düşünməyə gələn tamaşaçıdır. Hırıldamaq istəyən tamaşaçının yeri başqadır. Bu gün hansısa uşaqlar bir proqram hazırlayır və hansısa sarayda onu göstərib televiziyaya çəkdirirlər. Sonra da televiziyalara pulunu ödəyib onun təkrar-təkrar göstərilməsini təşkil edirlər. İnsanlarda belə təsəvvür yaranır ki, bunlara maraq daha çoxdur. Bu, yanlış fikirdir. Biz ayda 20 tamaşa göstəririk və 11 ay işləyirik. Yəni bizə daha çox tamaşaçı gəlir. Amma televiziyada görünmək, ayrı bir məsələdir. Hesab edirəm ki, teatrlar televiziya kanalları ilə müqavilə bağlamalı və tamaşaların reklamlarının göstərilməsi təşkil olunmalıdır. Hər gün Qara Qarayev olmur, Alim Qasımov olmur. Ələk-xəlbir məsələsi var. Mən demirəm ki, bu gün təbliğat tarazlığı var. Yoxdur. Bu gün pulu-parası olan, amma səsi olmayanlar da özünə disk yazdırır. Təəssüf ki, bu gün texniki imkanlar oxuya bilməyənləri sənətçi şəklində meydana çıxarıb. Biri 3 dəfə ərə gedib çıxıb, efirdə bununla fəxr edir, biri maşını ilə fəxr edir. Bunlar normal təfəkkürdən uzaq anlayışlardır. İstəməzdim ki, bu gün ciddi sənətçilərimizi onlarla müqaisə edək. Mənim üçün böyük sənətçi Flora Kərimova, Aygün Bayramova, Nəzakət Teymurova, Aybəniz-Şahnaz Haşımovalar, Alim Qasımov, Sabir Mirzəyev və bu qəbildən olan digər şəxslərdir.
İstedad tələb olunan institutlara qəbul qaydaları dəyişdirilməlidir
- Nurəddin bəy, dövlətin teatra maliyyə vəsaiti ayrımasına baxmaryaq, tamaşaçının diqqətini çəkən nə yeni aktyor ifası, nə də diqqəti çəkən elə bir əsər müşahidə olunmur. Problem nədədir?
- Bizim gənc aktyorlarla bağlı problemimiz var. Mən teatra gələndə 21 yaşım var idi və o vaxt "Unuda bilmirəm" tamaşasında baş rolu oynamışdım. Böyük aktyorlarla tərəf müqabilli idim. Bir şey var. Bizim müəllimlərimiz baş idi. Adil İsgəndərov, Mikayıl Mirzə bizim müəllimimiz olub. Heç də bu günün müəllimlərini aşağılamaq istəmirəm. Amma fakt faktlığındadır. Biz nə qədər pisləsək də sovet təhsil sistemi çox güclü idi. O vaxt İncəsənət İnstitunda çox yüksək təhsil var idi. Amma çox təəssüf olsun ki, bu gün hələ təhsil sisteminin adı formalaşmayıb, xüsusi istedad tələb olunan yerlərdə testdən keçmirlər. Boyu-buxunu, istedadı olan gənc gəlib qabiliyyətdən keçir, tesdən keçmir qalır qıraqda. Amma sənədlərini hansısa instituta vermiş, orda balı çatmayan tələbə gəlir aktyorluğa. Xüsusi istedad tələb olunan yerlərdə qəbul qaydalarını dəyişmək lazımdır. Biz o sistemin uşaqları idik. Bizlər məktəb teatrından, dərnəklərdən, xalq teatrlarından gəlirdik. Xalq teatrında, dərnəklərdə olan gənclərin 3-5-i aktyor sənətinə gəlirdi. Qalanları başqa sahələrə gedirdilər. Bunun özü az şey deyil. Amma bu gün o xalq teatrlarının, dərnəklərinin heç biri yoxdur. İkincisi, mən 2-ci kursdan oynamağa başladım. Hətta Adil İsgəndərov bundan incimişdi. Deyirdi ki, - "qadası, sən hələ heç nə öyrənməmisən, niyə televizora çıxırsan". Amma indi incəsənət institutuna daxil olan adam dərhal proqram aparır. Yaxşı, o nə vaxt dərs öyrənəcək? Bu günün aktyoru ağıllı, savadlı intellektli olmaldır. Əgər o bacarıqlı aktyor deyilsə, tamaşaçı onu hiss edir və onu qəbul etmir. Hesab edirəm ki, proboemin həlli yolları var. Bu gün teatrlar incəsənət unversitetindən istədiyi tələbəni ala bilmir. Ona görə də dövlət teatrlara öz studiyalarını yaratmaq üçün icazə verib. Orada istedadlı gənclər seçilib öyrədiləcək. Artıq 4 dəfə Azərbaycanın müxtəlif rayonlarında Ümumrespublika Bədii Qiraət müsabiqəsi keçirilib. Mən müsabiqənin münsiflər heyətinin sədriyəm. Orda bizim çox istedadlı aktyor və aktrisalarımız iştirak edir. Ora yüzlərlə istedadlı gənc gəlir.
- Bu qədər sənətkarları olan teatrımız varsa, İncəsənət Unversiteti nəyə görə müəllim qıtlığı çəkir?
- Mən də istərdim ki, İncəsənt Unversitetində stabil dərs verim. Amma o uşaqları ki, işə seçirik, onlar gəlib çıxmırlar axı. Mən indi fəxrlə deyirəm ki, Adil İsgəndərovun tələbəsiyəm. Siz də deyirsiniz ki, Adil İsgəndərovun tələbəsi sizin kimi olmalıdır. Yaxşı, mən sabah gedib dərs deyim, amma tələbə işə gəlməsin. Onun nəticəsi olmayacaq. Sabah o uşaq gedib bir yerdə işləyəndə ondan soruşacaqlar ki, sən kimin tələbəsi olmusan, deyəcək Nurəddin Mehdixanlının. Deyəcəklər ki, Nurəddindən belə şagird? Biz Nurəddin bəyi ağıllı başlı adam bilirdik. Bax, adamı qorxudan budur. Bu gün o uşaqları hazırlamaq üçün ağlımız da var, təcrübəmiz də. Ona görə də teatrımızın rəhbərliyinin qərarına əsasən, teatrımızda studiya açacağıq. İstedadlı uşaqları seçib gətirib hazırlayacağıq. Çünki teatr bizimlə qurtarmamalıdır və sənin teatrın nə səviyyədədirsə, millətin mədəniyyəti də o səviyyədədədir.
İndi uşaqlar var ki, teatra bir ildir gəlib, altında maşını var. Amma biz? Mən Akademik Milli Dram teatrında çalışırdım, baş rollar oynayırdım, kirayə pulunu verə bilmirdik. Bəzən gəlib teatrda qrim otağında yatıb qalırdıq. Amma vəhşi kimi çalışırdıq. İndi saat bir olanda aktyorlar deyir ki, fasilə verin də dublyaja gecikirik. Yaxud seriallarda, reklamlarda çəkilməyə can atırlar. Bundan sənət olmaz və bu minvalla ondan sənətçi çıxmaz. Dünyanın ən uğurlu kinoları teatr aktyorlarının çəkildiyi kinolardır. Çünki teatr hər gün işlədiyin laboratoriyadır. Tamaşaçı ilə canlı təməsda olmadan, teatrda böyümədən sənətdə uğur qazanmaq olmaz.
Daha çox istedadsızlar həyasızlıq edir
- Çox vaxt belə ittihamlar səsələnir ki, teatrlarda lövbər salan usta sənətkarlar gənclərin rol alması və inkişaf etməsi üçün şərait yaratmırlar. Bu barədə nə deyərdiniz?
- Biz "Cavadxan" filmini çəkdik və o filmdə çəkilmək üçün 21 nəfər aktyor seçildi. O qızlar, oğlanlar hamısı incəsənət institutunun tələbələridir. Deməli, məsələyə vicdan və əxlaqla yanaşmaq lazımdır ki, istedadları tapa biləsən. Məsələyə filankəsin əmisi, dayısı prinsipi ilə yanaşmayacaqsan. Ona istedadlı olduğuna görə yanaşacaqsan. Mənim üçün bu məsələ yoxdur. Akademik Mili Dram Teatrında istedadın varsa, oynayacaqsan. Sizə deyim ki, bu gün daha çox istedadsızlar "mənə rol vermirlər, mənə ad vermirlər"-deyə, şikayətlənirlər. Onlar səhnəyə çıxıb iki kəlmə sözü dalbadal deyə bilmir. Bu da var. Səməndər Rzayevin 40 yaşı var idi, əməkdar artist idi. Amma onun gördükləri işlərə, oynadığı rollara baxın. İndi isə səhnəyə dünən gəlib, iki dənə rol oynayıb deyirlər ki, mənə ad verin. Məsələ burasındadır ki, istedadı olan insan həyasızlıq etmir. Həyasızlığı daha çox istedadsızlar edir.
- Bəzi istedadlı aktyorların səhnədə görünməməsi nə ilə bağlıdır?
- Deməli, günah onun özündədir. Çünki başını qoşub dublyaja, başqa işlərə, pul qazanmaqla məşğuldur. Bura Avropa deyil, Amerika deyil ki, bir filmə çəkilib 20 milyon alasan. Bəzən də deyirlər ki, sənətçi ac olmalıdır. Bu da kökündən yanlışdır. Amma bu gün "sənətə gələn kimi hər şeyin sahibi olacam" fikri də yanlışdır. Əvvəl 90 manat maaş alırdım. Tamaşalarda nizə tuturdum. Gördülər nizəni yaxşı tuturam, sonra baş rol verdilər. Nizəni də gərək tutmağı bacarasan axı. Sallana-sallana nizə tutacaqsansa, ömrünün axırına qədər elə nizətutan olacaqsan. Ramiz Novruzu, Bəsti Cəfərovanı, Firəngiz Mütəllibovanı, Məlahət Abbasovanı, Səidə Quliyevanı, Zemfira Nərimanovanı, İlham Əsgərovu əmiləri, dayıları səhnəyə gətirməyib ki. Bunlar istedadları ilə gəlib özlərini göstəriblər. Təsəvvür edin ki, Ramizlə səhər saat 8-də teatra gəlib, saat 10-a qədər qılınc döyüşü keçirdik. At sürməyi öyrənirdik. Günortadan sonra kolbasa-çörək yeyib məşq edirdik. Bizim həyatımız bu şəkildə gedib. Amma indi gələn reklama qaçır, dublyaja qaçır. Qazan, amma birinci işin teatr olmalıdır. Mən də dublyaja gedirdim 3-4 il "Lder" kanalında "Klon"u dublyaj etdik. Amma mən elə etdim ki, bu, sənətimə mane olmasın.
Savaşa-savaşa rusun, erməninin, farsın kim olduğunu göstərdik
- Nurəddin bəy, son vaxtlar baş rolda çəkildiyiniz "Cavdxan" filmi müəyyən tənqidlərə məruz qaldı. Bu fikirlərə necə reaksiya verirsiniz?
- Ola bilər, hamı "ura" deyə bilməz. Qənirsiz gözəlin də bir nöqsanı var. Ən kamil bir sənət əsərinin də bir nöqsanı olur. Amma bir iş fərqli fikirlərə səbəb ola bilirsə, deməli, orda nəsə var. Sadəcə olaraq film haqqında bunu deyə bilərəm ki, orda böyük bir zəhmət var, orda bir vətən, torpaq, millət sevgisi var. Orda Azərbaycan tarixi ilə bağlı indiyə qədər çəkilmiş filmlərdən fərqli bir şeyi ortaya qoyduq. Biz tarixi olduğu kimi göstərdik və hər kəsi adı ilə çağırdıq. Buna görə bizim üstümüzə gələnlər, bizi tənqid edənlər var. Əgər hər hansı bir işi tənqid edirlərsə, yaxud qəbul edir, tərifləyirlərsə, onu fikirləşəcəksən. Yaxşı yaxşıdır. Sən mənim pisimi de ki, mən onu düzəldim. Mən şəxsən əxlaqlı, səmərəli tənqidi xoşlayıram. Normal adamın buna ehtiyacı var. Amma bu tənqid əsaslı, köklü olmalıdır. "Cavadxan" filminin özünə görə özəllikləri var, özünə görə nöqsanları var. Amma biz savaşa-savaşa rusun, erməninin, gürcünün, farsın kimliyini ortaya qoyduq. Bu gün onu dedik ki, 200 il bundan əvvəl torpağımızı kim işğal edirdisə, qadınımızı, qızımızı kim əsir götürürdüsə, bu gün də onlardır. Bu gün həmin Rusiyadı ki, Moskvada antituran hərəkatı yaradıb, guya Azərbaycanda milli azlıqların hüquqlarını müdafiə edir. 20 yanvarda Bakıya gələndə bəyəm ləzgini, kürdü, yəhudini, talışı, rusu öldürmədin? O vaxt sən bizi azərbaycanlı olaraq güllələyirdin. "Cavadxan" filmini çəkməklə biz göstərdik ki, həmin rus 570 ləzgini məsciddə diri-diri od vurub yandırıb. Zaqatalada olan ləzgiləri meşədə od vurub yandırıblar. Filmdə bunu göstərdik. Azərbaycanda yaşayan qardaşlarımıza da onu göstərdik ki, bizim düşmənimiz kimdir.
20 dərəcə şaxtada ancaq bizim aktyorlar çəkilərlər
- Niyə dünya arenasına çıxa bilən kinolarımız yaranmır?
- Bizim kino işçilərimiz əsl fədailərdir. O pula, dünyanın heç bir yerində film çəkilmir. Təbii ki, biz bu gün Azərbaycan dövlətindən istəyə bilmərik ki, bir filmə 100 milyon ödəsin. Bizim dövlət olaraq kifayət qədər ciddi problemlərmiz var. Bəlkə 10-15 ildən sonra bunu edə biləcəyik. Məsələn, "Avatar" filminə 450 milyon dollar xərclənib. Biz "Cavadxan" filmini 2 milyona çəkdik. O iki milyon "Avatar" filminin təkcə qrimyorunun puludur. Bizim aktyorumuz bu gün 1000, 2000, 5000, 7000 pula çəkilir. Amma harda? 20 dərəcə şaxtada. Gedək baxaq görək o pula dünyanın harasında işləyirlər. Heç yerdə. Həmin 20 milyon alan xarici aktyoru gətirin, o, mənim elədiyim tryuku eləsə, əllərimi kəsərəm, sənətdən gedərəm. Ona 100 milyon da versən, o şəraitdə filmə çəkilməz. Ona ancaq bizim aktyorlar çəkilirlər. Onlar ildə 300-400 filmə çəkilirlər, onun içindən 3-4-ü "Oskar"a gedir. Amma biz ildə 4 film çəkirik və deyirik ki, dünya masştabına çıxmalıyıq. Çətin bir şeydir. Birincisi, onlar filmlərini 6-7 kamera ilə çəkirlər, bütün texniki imkanları, vertalyotları, gəmiləri var. Biz isə bir kamera ilə işləyirik, yaxşı halda iki kameramız olur. O da İrandan, Türkiyədən kirayə götürülmüş kameralardır. İşığımız kirayə, kameramız kirayə. Dövlətin ayrıdığı pul elə həmin kirayələrə gedir. Laboratoriyamız yoxdur. Lentlər xaricdə yuyulub gəlir. Şükür ki, dövlət kinoya pul buraxmağa başladı. Amma 2-5 milyonluq filmlərlə gedib orda "Oskar" mükafatı ala bilmərsən. Çünki ən azı texnoloji imkanların olmalıdır. Qazağıstan "Köçəri" filminə 32 milyon pul xərclədi. "Oskar"çı operator da gətirmişdilər. Nə oldu? Amma biz "Cavadxan"a 2 milyon xərclədik. Filmdə bir dənə kaskadyor öz işlərini görüblər. At çapmağı, yıxılmağı, hər şeyi aktyorlar özləri edib. Mənim heç bir tryukumu kaskadyor etməyib. Mən deyirəm bizim aktyorlarmız dünyanın ən istedadlı aktyorlarıdır. Bizim kino işçilərimiz əsl mənada fədaidirlər. Bir qab borş yeyəsən və gün ərzində 12-18 saat işləyəsən. Bunu dünyanın heç bir yerində görməzsən. Amma dövlətimizin problemləri həll olunandan sonra bunların hamısı h'llini tapacaq. Onların imkanlarının 10 faizi bizdə olsa, gör Azərbaycan "Oskar" mükafatına layiq filmi ortalığa çıxarır, yoxsa çıxarmır. Hesab edirəm ki, biz sabahımızdan bədgüman olmamalıyıq.
- Elə bir an olub ki, bu sənətə gəlməyinizə görə heyfsilənəsiniz?
- Olub. Mən hərbçi olmaq istərdim. Bunu tam ritorikadan uzaq deyirəm. Bu gün Azərbaycanın var olması üçün onun aktyordan, rəssamdan, şairdən çox hərbçiyə ehtiyacı var. Bu mənada tam səmimi şəkildə deyirəm ki, əgər mənim sənət dəyişdirmək imkanım olsaydı hərbçi olardım. Ana vətən deyiriksə, ilk borcumuz o ananı, o vətəni qorumaqdır.
Tahirə Qafarlı
Milli.Az