Vəfa Zeynalova: "Yoldaşıma zəng edib dedilər, arvadın bilirsən kimin yanındadır?"

23 İyun 2011 09:30
- Uşaqlığınız necə keçib?

- Uşaq vaxtı oğlan xarakterli olmuşam. Evin damında gəzməyi çox xoşlayırdım. Düşmək bir az çətin idi. Qonşuların böyük oğlanları düşməyimə köməklik edirdilər. Onlara söz verirdim ki, bir də heç vaxt ağaca çıxmayacağam, ancaq səhəri gün eyni hadisə baş verirdi. Anam məni nə qədər qorxutsa da heç nədən çəkinmirdim. Çox dəcəl uşaqlığım olub. Dostlarım da adətən, özümdən böyük oğlanlar olurdu. Qızlarla oynamağı xoşlamırdım. Hər zaman şalvar geyinirdim. Anam qız paltarları alırdı, ancaq geyinmirdim. Onu da qeyd edim ki, qızlarımdan birində bu xasiyyətim var. O biri qızım tam əksinə, bəzənməyi çox xoşlayır.

- Aktrisalıq istəyiniz də elə o dövrdən yaranıb?

-  Heç vaxt aktrisalığa həvəsim olmayıb. Mən idmanla məşğul olmuşam, hətta İdman Universitetinə də qəbul olunmuşdum. Ancaq təhsilimi yarımçıq qoydum. Aktrisalığı istəmirdim. Valideyinlərimdə əvvəldən bir az narazılıq var idi, ancaq sonralar razılşadılar. İdman Universitetindən çıxıb Xarici Dillər Universitetində təhsil aldım. İspan dilinə xüsusi marağım var idi. 20 balım çatmadığına görə jurnalistikaya düşdüm. Ancaq bu sahəyə həvəsim olmadı. Sonra rəfiqəmin biri məni, sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verməyə sövq etdi. İmtahanımın sonuncu günü sənədlərimi qabiliyyət imtahanına verdim. Baxmayaraq ki, bu imtahana hazır deyildim. Həmin zaman Şəfiqə Məmmədova müəllimlərin içində idi. Mənə dedilər ki, sən keçdin. Musiqili dram aktyorluğuna daxil oldum.

Bir dəfə dəhlizdə Həsən Turabovla toqquşmuşdum. Sonra məni görəndə, kimin tələbəsi olduğumu soruşanda "Şəfiqə xanımın tələbəsiyəm" dedim. Mənə "yaxşı" deməyi məni sonralar çox qorxutmuşdu. Bu hadisədən sonra Şəfiqə xanım sinfə girib mənə dedi ki, guya mən onun sinifində oxumaq istəməmişəm və bu barədə Həsən Turabova demişəm. Mən də belə olmadığını bildirdim. Buna baxmayaraq, Şəfiqə xanım məni Həsən Turabovun sinifinə keçirdi. Bunu Şəfiqə xanımdan Həsən müəllim istəmişdi. Ardınca Həsən müəllim məni teatrda işləməyə dəvət etdi. Həmin dövrlərdə Pantomima teatrında da çalışırdım. Bir müddətdən sonra Akademik Milli Dram Teatrında ştata götürüldüm. Bu günə kimi də həmin teatrda fəaliyyət göstərirəm.

- Hekayənizə qulaq asıram. Aktrisalığa gələn yolunuz çox asandır. Buna isə inanmaq çətindir.

- Teatrda fəaliyyət göstərən zaman hələ tələbə idim. O dövr üçün tələbənin telefilmə çəkilməyi böyük hadisə idi. Tələbələrin bir çoxunun açmaq istədiyi qapılar mənim ağlıma gətirməyəcəyim şəkildə üzümə açılırdı. I kurs tələbəsi üçün filmdə baş rolu ifa etmək ağlasığmaz idi. Nurəddin Mehdixanlının mənə Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" filminə çəkilməyi təklif edəndə mənim bu sahəyə istəyim daha da artdı. Lütfi Məmmədbəyov mənə hər zaman "Çaça" deyirdi. O dedi ki, bu əsəri oxuyanda ağlına ilk mən gəldim. Bu sözü mənə hamı sonralar deməyə başlayırdı. "Dodaqdan qəlbə" əsərinin motivləri əsasında çəkilən "Taleyin qisməti" filmindən sonra tanınmağa başladım.

Kiminsə mənə mane olmaq istəməsi halları ilə üzləşmədim. Baxmayaraq ki, həmin filmdə bir çox tanınmış aktyorlar çəkilmişdi. Onlar nəinki mane olmaq, əksinə hər zaman mənə dəstək olurdular. Hərtərəfli kömək edirdilər. Hətta filmdə elə bir səhnə var idi ki, orada ağlamalı idim. Ancaq o qədər yeyib-içmişdik ki, ağlamağım gəlmirdi.
Lütfi müəllim mənə ciddi şəkildə dedi ki, "sənə burdan elə qovaram, bir də geri qayıda bilməzsən". Bu sözlər məni bərk tutmuşdu, oturub uşaq kimi ağlamışdım. Sonra mənə dedi ki, "paltarını dəyiş, çıx get və bir də bura qayıtma". Qapıdan çıxanda o, mənə dedi ki, "indi qayıt və təzədən əynini dəyiş. Mənə lazım idi ki, sən ağlayasan". Məlum oldu ki, bu qədər qışqırmaq ağlamağım üçün imiş...

İndi həmin günlərimi xatırlayanda düşünürəm ki, qayğısız vaxtlarım çox olub. Həmin vaxtlarda metro ilə dərsə gedəndə hamı məni Lamiyə deyə çağırırdı. Həmin filmdə qızım rolunu bacımın qızı oynadığından belə bir şayiə gəzirdi ki, güya o, mənim öz qızımdır.

- Vəfa Zeynalova elə bir aktirsadır ki, nə tamaşaçılar, nə də jurnalistlər onu yetərincə tanıya biliblər...

- Heç bir sirrim yoxdur. Heç vaxt başımdan böyük danışmamışam. Hər zaman səmimi olmağa çalışmışam. Amma tamaşaçıların əksəriyəti özümdən razı olduğumu deyiblər. Ancaq bu, belə deyil. Aktrisa olmaq istəməsəm də, universitet illərindən mənə bir aktrisa kimi hər zaman tələbat olub. Həm filmlərə, həm teatra, həm də bir çox kanallara dəvətlər almışam. Hətta ANS telekanalında aparıcı olaraq özümü sınamışam, ancaq alınmayıb. Çünki aktrisalığı daha çox sevirəm.

Mən dincəlməyi bacarmıram. Hətta günəşin altında uzanıb istirahət etmək istəyəndə belə, beynimdə hansısa ideya olur. Sualınıza gəlincə isə, mən qapalı insan deyiləm. Deyib-gülməyi çox sevirəm. Evdə bir gün tək qalanda ev üstümə gəlir.

- Baxmayaraq ki, sizə gələn aparıcılıq təkliflərini dəyərləndirmirdiniz, ancaq sizin həmkarlarınız aktrisa olmaqlarına baxmayaraq, həm müğənnilik, həm də aparıcılıq edirlər...

- Mən də təklifləri yaxşı dəyərləndirirəm. Əgər kimdəsə bu sahədə alınırsa, o zaman onu alqışlayıram. Piar xətrinə bunu edirlərsə, o zaman bu başqa məsələ. Müğənnilərin aktyorluq etməyinə, ya da aktyorların müğənniliyinin əleyhinə deyiləm. Əgər bu onlarda gözəl alınırsa, alqışlayıram. Yox, əgər hansısa reklam xətrinə bunu edirlərsə, onlara bu hərəkəti qətiyyən yaraşdırmıram, çox gülünc görünürlər. Heç vaxt sənətimdə boş vaxt olmayıb ki, hansısa kanalda aparıcılıq və ya müğənnilik edim. Bir daha təkrar edirəm ki, heç vaxt müğənnilik etmərəm.

- Deyəsən səsiniz də var...

- Səsim var, ancaq özümə görə. Hər bir insanın səsi var. Sadəcə, bundan düzgün və yerində istifadə etmək lazımdır.

- Qalmaqallara necə baxırsınız?

- Hər bir insanın ağlı və şüuru var. Bir zaman bu kimi qalmaqallar səngimirdi. Sözümü deyirəm, bunu yaxşı və pis qəbul edənlər var. Hər kəs öz işinin ustası olmalıdır. Mənim də hazırda işim olmasaydı, boş oturmaqdan mən də belə işlərlə məşğul olardım.

- Həmkarlarınızla münasibətiniz necədir?

- Hər kəslə münasibətim çox yaxşıdır.

- Məleykə Əsədova ilə barışmısınız?

- Mən heç kimlə küsməmişəm. Sözümü deyirəm, kim necə istəyir, qəbul etsin. Hər kəs iş yoldaşımdır. Sayanın qulu, saymayanın ağasıyam.

- O sizi saymır ki?

- Niyə də saymasın?! Mən onu söyüb təhqir etməmişəm.

- Sizə süni aktrisa deyirlər.

- Hamının fikrinə hörmətlə yanaşıram. Zövqlər müxtəlifdir. Hər hansı bir işi görəndə ora ürəyimi qoyuram. Sözümü peşəkarlar yaxşı başa düşər. Süni aktrisa olsaydım, mənə bu qədər təlabat olmazdı.

- "Aramızda qalsın" serialında Kamilə Babayeva ilə rəfiqəsiniz. Çəkiliş zamanı aranızda rəqabət var idi?

- Münasibətlərimiz çoxjanrlıdır. Kamilə aktrisa deyil, ancaq onda bu sahədə alınır. Onunla heç bir rəqabətim yoxdur. Rolun böyük-kiçikliyinin fərqi yoxdur. Əsas odur ki, sənə verilən işin öhdəsindən layiqincə gələ biləsən.

-  "Oskar" mükafatına layiq görülən "Qara qu quşu" filminin baş rol ifaçısı Natali Portman filmdə aktrisa olur və dünyasını elə səhnədə dəyişir. Bütün aktrisalar kimi siz də düşünürsünüz ki, ən xoşbəxt aktrisa elə səhnədə dünyasını dəyişməlidir?

- Oskardan danışmayın, yaralı yerimdir. Ölmək istəmirəm (gülür...). Ancaq buna baxmayaraq, insan gün ərzində 3 dəfə ölümünü göz önünə gətirməlidir. Hər zaman Allahımdan çox razı olmuşam. Ölmək hissini heç vaxt özümə yaxın buraxmıram. Hətta onu da deyərdim ki, analıq dövrünü də səhnədə keçirmişəm. Hamilə olaraq, çevik bir qız obrazını da ifa etmişəm. Həmin tamaşadan iki gün sonra da ana olmuşam. Təbii ki hər bir aktyor daima səhnədə qalmağı arzulayır. Hərdən də deyirlər ki, az məvaciblə teatrda niyə qalırsan? Ancaq teatr mənim üçün hər şeydir. Bura bir batağlıqdır.

- Ancaq bataqlığın da çirkin məqamları çoxdur...

- Hər bir sahədə çirkinliklər mövcuddur. Sadəcə, bu yolu düzgün şəkildə keçmək lazımdır. Bəzi aktyorlar yaşlandıqca, bu sahədə daha çox qalmaq istəyirlər. Bəlkə də indi vaxtım elə də çox deyil, qocalanda yəqin ki vaxtım çox olacaq və teatra baş çəkməyə gedəcəyəm. Əsas odur ki, Allah ağlımı başımdan almasın. Aktyorlar bir az emosional olurlar.

- Ailənizdən danışa bilərsiniz?

- İki qızım var. Ailədə çox uşaq olduğumuza görə daima bir-birimizə dəstək durmuşuq, mehriban olmuşuq. Bizim evdə qayınana-gəlin münasibəti yoxdur. Qayınana, hər zaman mənə dəstəkdir. Qızlarımı bacılarım, qayınanamı isə anamız bilirik.

- Deyəsən, yoldaşınız qısqanc deyil...

- O, məni başa düşür. İlk gündən dostluq münasibətimiz olub. Sonradan da sevgiyə çevrilib. Müəyyən problemi aramızda çözə bilirik. O, bilir ki, ona deməmiş heç nə etmərəm. Demirəm ki, bizim ailə idealdır, yox. Təbii, hər bir ailədə söz-söhbət olur.

- Bəlkə də nümunəvi ailəniz var. Ancaq sirr deyil ki, sizin kimi gənc və gözəl xanımların aşiqləri çox olur.

- Göz önündə olan tanınmışların ailə həyatının dağılması da məhz belə hallardan baş verir. Mənə də eşq elan edən olub. Evimə zəng ediblər. Yoldaşım haqqında zəng edib nələrsə deyənlər də olub. Hətta toyda yoldaşımla birlikdə olan zaman ona zəng edib deyiblər ki, Vəfa bilirsən indi kimin yanındadır? O da gülərək, dəstəyi asıb. Əsas odur ki, ailədə inam olsun. Yolda gedərkən məni tanımaları və yaxınlaşıb şəkil çəkdirmələri normal haldır. Hərdən zarafatla deyirəm ki, qızlar mənə yaxınlaşanda gülərək kənara çəkilirsən, ancaq oğlanlar yaxınlaşanda pisinə gəlir? Ərimə deyirəm ki, təkcə sənə aid deyiləm. Mən həm də tamaşaçılara aidəm.

- Qocalığınızı necə təsəvvür edirsiniz?

- Hər yaşın öz gözəlliyi var. Uşaq olanda hər zaman arzulayırdım ki, tez böyüyüb 22 yaşında hündür daban ayaqqabılar geyinim. Hərdən də deyirəm ki, indiki ağlım olsun, ancaq 22 yaşımda qalım. O zaman həyata baxış tamam başqa cür idi. İndi isə tamamilə fərqlidir. Hazırkı gənclər daha açıq, daha oyaqdırlar. Bu da yəqin texnologiya ilə, efirlərlə bağlıdır. Qocalığa o qədər də meyl etmirəm. Səhnə insanlarına qocalmaq bir az yad gəlir. Ölümdən qorxuğum kimi, qocalmağı da istəmirəm.

- Sizin üçün yaş önəmlidir?

- Heç də yox. Hər bir yaşda düzgün şəkildə düşünüb qərar vermək ən vacib amildir. 35 yaşım var. Baxmayaraq ki, bu yaşı heç kim mənə vermir.

Mələk
Milli.Az