"Qanlı göl" əfsanəyə dönüb - FOTO

11 Avqust 2011 09:00
Paytaxt Bakı və ətraf ərazilərdə aparılan tikintilər zamanı bir neçə göl də quruduldu və yerində ticarət mərkəzləri, yaşayış kompleksləri və sair tikildi. Bu tendensiya paytaxtın Yasamal rayon ərazisindəki məşhur "Qanlı göl" adlanan məkanından da yan keçmədi.

Göl ətrafında son durumun nə yerdə olduğunu öyrənmək üçün əraziyə yollandıq. Yeri gəlmişkən, sən demə, "Qanlı göl" vaxtilə füsunkar təbiətə malik məkanlardan biri olmaqla yanaşı, həm də paytaxtda kriminal hadisələrin baş verdiyi yerlərdən biri imiş və elə gölün adı da məhz bununla bağlıdır. Neçə-neçə insanın boğularaq dünyasını dəyişdiyi bu göldə qanı batırılanlar, öz xoşu ilə ölümə qucaq açanlar az olmayıb. Ərazidə yaşayanlardan gölün yerini soruşanda da çoxları bizə yarızarafat-yarıciddi cavab verirdi "neynirsiz "Qanlı göl"ü, yoxsa intihar edəcəksiniz?" və yaxud da "yenə kim batıb orada" - deyə sorğu-sual edirdilər.

Beləcə, gəlib çatdıq "Qanlı göl"ün dəmir hasara alınmış ərazisinə. İlk gördüyümüz mənzərədən heyrətlənməyə bilməzdik. Çünki burada nə göl var idi, nə də gölün qurudulmuş boş yeri. Hasara alınmış ərazidə sadə evlərlə yanaşı, villalar, kottejlər salınıb. Böyük bir sahədə isə kompleks şəkildə tikililər inşa olunub. İlk baxışdan idman kompleksini və yaxud hansısa zavod üçün tikildiyi güman edilən tikililərin hansı profil üzrə salındığını ayırd etmək çətindir. Odur ki, inşa işlərinin hansı şirkət tərəfindən aparıldığı və nəticənin nə olacağı ilə maraqlandıq. Lakin əraziyə nəzarət edən mühafizə xidmətinin əməkdaşı bu barədə hər hansı açıqlama vermək istəmədiklərini dedi.

Yalnız onu öyrənə bildik ki, ərazidəki su gölməçəsi artıq iki ildir ki, qurudulub və burada irimiqyaslı tikinti işlərinə başlanılıb. Amma ərazinin bir qismində 15 ildən çoxdur ki, inşa işləri aparılır və nəticənin nə olacağını çoxları bilmir. Əhalinin sözlərinə görə, əvvəlcə burada qolf meydançasının salınacağı deyilsə də, sonradan yayşayış evlərinin tikildiyinin şahidi olublar...

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Meriyanın mətbuat xidmətindən bildirdilər ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlamalısınız.

Layihə başqa, reallıq başqa...

Komitədən ərazidə aparılan inşa işləri barədə məlumat verə bilməsələr də, "Qanlı göl"ün qurudulması ideyasının nə vaxtdan meydana gəlməsini və kimə məxsus olmasını öyrənə bildik. Belə ki, hələ 1980-ci illərin əvvəllərində "Bakıdövlətlayihə" İnstitutunda paytaxtın Yasamal rayonu ərazisində "Qanlı göl" ətrafında min hektarlıq sahədə salınacaq yaşayış massivinin layihəsi hazırlanıbmış. Ölkənin Feyzulla Quliyev, Fərid Sadıxov, Ofeliya Babayeva və Zülfüqar Məmmədov kimi bir neçə təcrübəli memarlarının müəllifi olduğu layihədə sözügedən ərazidə müasir memarlıq üslubunda yaşayış məhəllələrinin tikintisini nəzərdə tutulubmuş. Ərazinin təbii görkəmi və relyefi bu layihənin hazırlanması idyeasına təkan verib. Layihənin son variantına görə, burada salınacaq 1 milyon 800 kvatdratmetrlik yaşayış sahəsində təqribən 120 min nəfər əhali yerləşdirilməli idi. Bundan əlavə, ərazidə yaşıllıqlar, park və xiyabanlar salınması, "Qanlıgöl"ün ətrafında ekzotik istirahət zonaları, ictimai-mədəni komplekslər, hətta universitet şəhərciyinin salınması da nəzərdə tutulubmuş.

Gölün qurudulması torpaq sürüşmələrini intensivləşdirib

Ekoloq Telman Zeynalov da artıq "Qanlı göl" haqqında keçmiş zamanda danışır. Onun sözlərinə görə, sözügedən su vadisi vaxtilə Bakının bəzi ərazilərini - Yasamal, Badamdar və sair yerləri qrunt sularla təmin edən göl olub. Gölün qurudulmasından sonra isə həmin ərazilərdə torpaq sürüşmələrinin miqyası genişlənib: "Torpaq quruduluğu üçün ərazidəki qrunt suları çəkilib. Odur ki, bir az yağıntı olan kimi torpaq qatı ağır gil üzərindən sürüşüb aşağıya doğru hərəkət edir".

Ekoloq bu halın qarşısının alınması üçün son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidə yaşıllıqlar salındığını, süni şəkildə rütubətlilik yaradıldığını dedi. Hər bir halda ekspert qurudulmazdan əvvəl bu cür göllərin yaranma tarixinə diqqət edilməyin vacibliyini vurğulayır: "Çünki əvvəlcədən bilmək lazımdır ki, bu göllər şəhərin hansı hissəsini yeraltı sularla təmin edir və qurudulduqdan sonra bu nə ilə nəticələnə bilər. Məsələn, elə götürək "Qanlı göl" ərazisini. Bəzi məlumatlara görə, burada bulaq mövcuddur və indiyədək də gölü tam şəkildə qurutmaq mümkün olmayıb. Çünki axını olan su mənbəyini tamamilə qurutmaq mümkün deyil".

Naibə Qurbanova
Milli.Az