Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, ABŞ-ın nüfuzlu "AdWeek" jurnalı dünya reklam biznesinin tarixində ən gülməli reklamların reytinqini tərtib edib.
Reytinqdə ilk yeri Britaniyada çəkilmiş və "John West Salmon" konservlərini reklam edən "Ayı" reklamı tutub. "Leo Burnett London" agentliyinin çəkdiyi reklamda ayı və balıqçı tutulmuş balıq üstündə dalaşırlar.
Reytinqdə ikinci yeri "Wendy's" fast-fud restoranlar şəbəkəsinin reklamı tutub. Bu reklamda eynəkli qarı böyük hamburgerdə ət tikəsi axtarır. Videoreklam 1984-cü ildə hazırlanıb. Üçüncü yerdə 2007-ci ildə "Cadbury" şokoladı üçün çəkilmiş "Gorill" reklamı var. Reklamın yarısında Fill Kollinzin "In the Air Tonight" mahnısından həzz alan qorilla sonra zərb alətlərində ifaya başlayır. Reytinqin ilk beşliyində "Reebok" üçün çəkilmiş "Terry Tate" və "Budweiser" üçün "Whassup?" da var.