Bakı həm də fırçasıyla döyüşürdü... - FOTO

8 May 2017 22:06

Müharibə Azərbaycan rəssamlarının yaradıcılığında

Milli.Az AZƏRTAC-a istinadən əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin yazısını təqdim edir.

SSRİ-nin süqutundan sonra həmin ictimai-siyasi quruluşdan bizə miras qalan və bayram edilən günlərdən biri də 9 mayla bağlıdır. Təbii ki, bu, ilk növbədə 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində Azərbaycan xalqının fəal iştirakı, ön və arxa cəbhədə nümayiş etdirdiyi şücaət və fədakarlıqla əlaqədar olub.

Bu gün - müharibədən ötən böyük zaman məsafəsində faşizm üzərində Qələbə qazanılmasında Bakı neftinin böyük rolunun etiraf edilməsi mühüm faktdır. O da məlumdur ki, həmin illərdə faşistlərin işğal edə bilmədikləri Azərbaycanda əhali var qüvvə ilə qələbə uğrunda ümumi işə töhfələr verməkdə idi. Ayrı-ayrı səbəblərdən müharibəyə səfərbər olmayan rəssamlar da bu mənada istisna təşkil etmirdilər. Onların müxtəlif mövzu və janrlarda yaratdıqları əsərlərdə arxa cəbhənin adamlarını qələbəyə inama kökləyən məqamlar kifayət qədər idi.

Azərbaycan rəssamlarının alman faşistlərini tənqid edən plakat və karikaturalarına döyüş cəbhələrində də rast gəlmək olardı. Müharibə illərində Bakının bir neçə yerində (Neft-yağ zavodunun, Nizami muzeyinin və indiki Maliyyə Bazarlarına Nəzarət Palatasının binası qarşısında) yaradılan "Təşviqat pəncərəsi" guşələrində rəssamların müharibə mövzusunda əsərləri vaxtaşırı göstərilirdi. Azərbaycan rəssamlarının yaradıcılığının arxa və ön cəbhədə böyük mənəvi-psixoloji təsiri barədə məlumatlar Moskvaya qədər gedib çıxmışdı. Rəssamlarımızın fəaliyyətini yüksək dəyərləndirən Kreml ideoloqlarının 1943-cü ildə Moskvadakı Dövlət Tretyakov Qalereyasında onların sərgisinin təşkilinə qərar vermələri də bu təqdirin ifadəsi olmuşdu...

Rəssam və heykəltəraşlarımızın yaradıcılığında 1941-1945-ci illərdə yer almış müharibə mövzusuna müraciət sonrakı illərdə də davam etdirilib. Bu mövzunun hazırda Azərbaycan təsviri sənət tarixində özünəməxsus yer tutması da danılmazdır. Mövzunu xronoloji ardıcıllıqla şərh etməli olsaq, onda ilk növbədə rəssamlarımızın yaşlı nəslinin yaradıcılığından söz açmalıyıq. Əzim Əzimzadənin "Faşist Almaniyasının qumarbazlar dəstəsinin vurulmuş kartları", "Fürerin qənimətləri" və "Allahlıq iddiası", İsmayıl Axundovun "Keçinin buynuzu gicişəndə" və "Qafqaz dağlarında min qəhrəman var, hər daşın altında bir partizan var", Qəzənfər Xalıqovun "Döymə qapımı, döyərlər qapını" və "Neft xülyası", Mixail Vlasovun "Rus süngüsü" əsərlərində düşmənin işğalçılıq siyasəti parlaq boyalarla ifşa edilib.

Müharibə illərində rəssamların xalqımızın uzaq-yaxın qəhrəmanlıq keçmişini bədiiləşdirməsi səbəbsiz olmayıb, düşmənə qarşı mübarizə aparan xalqın hansı döyüş ənənələrinə malik olduğunu insanlara ruhlandırıcı qaynaq kimi təqdim etmək məqsədi daşıyıb. Bu mənada "Babəkin yürüşü" (müəllifləri Mikayıl Abdullayev, Sadıq Şərifzadə və Böyükağa Mirzəzadə), "Cavanşirin ərəblərlə döyüşü" (Kamil Xanlarov), "Babək" (Sadıq Şərifzadə), "Koroğlu" triptixi, "Fərhad qayanı yarır" (Cəlal Qaryağdı) və s. əsərlərinin adını çəkmək olar.

Azərbaycanlı əsgərlərin cəbhədə göstərdikləri igidliklər arxa cəbhədə çalışan rəssam və heykəltəraşların daim maraq dairəsində idi. Görkəmli tişə ustası Fuad Əbdürrəhmanovun yaratdığı "Təyyarəçi Hüseynbala Əliyev", "Snayper İsrafil Məmmədov", "Mərd döyüşçü "Gəray Əsədov" büstləri, Pinxos Sabsayın "Kamal Qasımov"un heykəli, Cəlal Qaryağdının "İsrafil Məmmədov. Zəmanəmizin Koroğlusu" barelyefi və "Təyyarəçi Adil Quliyevin portreti" əsərləri, Pinxos Sabsayın "Yenilməzlər" kompozisiyası, eləcə də Zivər Məmmədova və Hüseyn Əhmədovun yaratdığı plastika nümunələri xalqımıza xas döyüş xüsusiyyətlərini parlaq şəkildə əyaniləşdirən sənət nümunələridir.

Müharibə və qəhrəmanlıq mövzularında rəngkarlıq sahəsində ərsəyə gətirilən əsərlərin sırasında Ə.Kazımovun "Əlbəyaxa vuruşma", Hafiz Məmmədovun "Kəşfiyyatçılar", A.Abdullayevin "Qəhrəmanın həyat yolu", Sadıq Şərifzadənin "Təyyarəçi Məzahir Abbasov", Baba Əliyevin "S.Suprunun portreti", Tağı Tağıyevin "Hüseynbala Əliyevin portreti", G.Salamovanın "Muştuluq", Böyükağa Mirzəzadənin "İ.Süleymanovun portreti" və "Qızıl əsgərlər kolxozçular arasında" tablolarını göstərmək olar.

Qrafika əsərinin çoxaldılması və kütləvi tirajla çap edilməsi bu əsərlərin ictimaiyyət və cəbhə bölgələrində yayılmasına imkan yaradıb. Bu mənada Əzim Əzimzadə, İsmayıl Axundov, Qəzənfər Xalıqov, Maral Rəhmanzadə, Əmir Hacıyev, və başqalarının hazırladıqları plakat və karikaturaları xüsusi qeyd etmək lazımdır.

Müharibə qələbə ilə sona çatdıqdan sonra da yaşanmış tarixə yaradıcıların marağı azalmadı. Demək olar ki, respublikamızın bütün yaşayış məntəqələrində müharibə iştirakçılarının şərəfinə monumental heykəltəraşlıq kompleksləri ucaldıldı. O vaxtdan bu günə kimi də bu mövzu fırça və tişə ustalarının yaradıcılığında yer almaqdadır.

Tanınmış rəssamlardan Tahir Salahovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan "416-cı Azərbaycan diviziyası döyüşdə" və "Naməlum əsgər", Mikayıl Abdullayevin "1941-ci ilin iyunu" rəngkarlıq triptixi, Vidadi Nərimanbəyovun "And", "1941-ci il" və "Müharibə yollarında", Salam Salamzadənin "Sovet İttifaqı Qəhrəmanı X.Mustafayevin portreti", Əli Verdiyevin "Təslim", "Qələbə", "1941-ci ilin 22 iyunu", Elbəy Rzaquliyevin "Qələbə bayramı" və "Yola salma", Rasim Babayevin "Təcavüz", Eyyub Məmmədovun "Mehdi Hüseynzadə", Fərhad Xəlilovun "1945-ci ilin baharı", görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun "General Həzi Aslanov" və "Partizan Mehdi Hüseynzadənin abidəsi", Cəlal Qaryağdının "Həzi Aslanovun portreti" və "Snayper Ziba Qəniyeva", Xanlar Əhmədovun "Qafur Məmmədovun portreti", Tokay Məmmədovun "Partizan "Mixaylo", K.Ələkbərovun "Partizan M.Seyidov", Fazil Nəcəfovun "Osvensim", Qorxmaz Sücəddinov və A.Mustafayevin "Müharibə faciəsi" əsərlərində, qrafika ustası Ələkbər Rzaquliyevin "Bakılılar Berlində", Oqtay Sadıqzadənin "Uzaq sahillərdə" illüstrasiya silsiləsi, Cəmil Müfidzadənin "Müharibə xəbəri" və "Buhenvald" əsərləri müharibəyə həsr olunmuş yaddaqalan əsərlərdir, desək, yanılmarıq.

Haqqında söz açdığımız əsərlər xalqımızın tarixində əbədi qalacaq hadisənin bədii ifadəsi olduğundan, ona ictimaiyyətin marağı birmənalıdır. Bu əsərlər həm də nəsillər arasında əlaqənin möhkəmləndirilməsinə xidmət etdiyindən, onlar tarixi-bədii qaynaq kimi bütün mənalarda əhəmiyyət kəsb etməkdədir.

Milli.Az