Akif Əlizadə: "Elmi potensialın inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdəndir"

8 May 2017 10:05

Hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən "elm-iqtisadiyyat" münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

A.Əlizadə qeyd edib ki, 2003-cü ildən bu günə qədərki mərhələ Azərbaycan elminin tarixində xüsusi bir mərhələ təşkil edir. Artıq on beş ilə yaxın bir müddət ərzində Azərbaycanın Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir.

A.Əlizadənin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi elm siyasətinin nəticəsi olaraq əldə edilmiş bu elmi nailiyyətlər həm həmin illərdə, həm də sonrakı müstəqillik mərhələsində Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaqlarından olub:

"Uzun illər Azərbaycan sənayesinin sahə, ərazi quruluşunda yaranmış uyğunsuzluqları həll etmək məqsədilə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1970-ci illərin əvvəllərində sənayenin inkişafı, onun strukturunun təkmilləşdirilməsi üçün çoxsaylı proqramlar hazırlanmışdır. Azərbaycanın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı keçmiş ittifaq hökuməti ilə prinsipial danışıqlar aparan respublika rəhbəri dinamik iqtisadi inkişaf proqramının həyata keçirilməsinə nail olmuşdur".

A.Əlizadə qeyd edib ki, Heydər Əliyevin islahatlar strategiyasından danışarkən bu ideoloji istiqamət üzərində xüsusi dayanmaq lazımdır. Heydər Əliyev müstəqil Azərbaycanın ideologiyasını "azərbaycançılıq" kimi formalaşdırmışdır. Tarixən Azərbaycanın mütəfəkkir şəxsiyyətləri tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər Əliyevin miqyaslı fəaliyyəti nəticəsində nəzəri müstəvidən real sosial müstəviyə keçə bilmişdir: "1990-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına əməli olaraq qayıdış, Füzulinin və "Kitabi-Dədə Qorqud"un yubileyləri, azərbaycanlıların dünya forumu ilə bağlı qərar və sərəncamlar, azərbaycançılıq ideyasını daşıyan elm və sənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması və s. neçə-neçə tədbirlər məhz bu məqsədə xidmət edən əməli addımlar idi.

Müstəqillik mərhələsində həm Azərbaycanın inkişafında oynadığı mühüm rol, həm də elmi araşdırmalarla əlaqəsi baxımından Heydər Əliyev tərəfindən reallaş-dırılan Azərbaycanın yeni neft strategiyasını xüsusi qeyd etmək lazımdır. "Əsrin müqaviləsi" adlandırılan neft müqavilələri, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəl-xalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində