Qaz da olacaq, su da olacaq, amma... - FOTO

28 Aprel 2017 12:07

Göyçay rayonu Yeniarx inzibati ərazi dairəsinə daxil olan Hacağabəyli kənd sakinləri Milli.Az-a müraciət edərək kənddə su və qazın olmamasından, yolun vəziyyətinin pisliyindən şikayət ediblər. Onların sözlərinə görə, təxminən 250 nəfərə yaxın əhalisi olan və Yeniarx kəndindən cəmi 2-3 km məsafədə yerləşən Hacağabəylidə nə su kəməri var, nə də qaz xətti:

"Gör indi hansı əsrdir? Kimin bir az imkanı varsa, işıqdan istifadə edib evi isidir. Amma çoxu qışda hələ də odun yandırır. Odun üçün də ya ağaclarımızı kəsməliyik, ya da kənardan almalıyıq. Onu da tuturlar, cəriməliyirlər. Yolumuz da yaxşı deyil. Yol o qədər pisdir ki, uşaqlara hər ay ayaqqabı almaq məcburiyyətində qalırıq. Axı belə olmaz!"

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Yeniarx kənd ərazi inzibati nümayəndəsi Əhməd Məmmədov bəzi problemlərin həlli üçün addımlar atıldığını deyib:

"Yeniarx, Xəlidli kəndlərində qaz var, amma Hacağabəylidə yoxdur. Bir bu kəndə qaz çəkilməyib. O da bildiyimə görə, plana əsasən, bu il yayda çəkilməlidir. Artıq bəzi xətlər çəkilib. Bu vaxta kimi isə cammat ancaq odundan istifadə edib.

Su məsələsinə glincə, həqiqətən, su problemi var. Amma indi Yeniarxda təzə sutəmizləyici qurğu tikilib. Orada arxdan götürülən suyu təmizlənir, kəndə ötürülür. Ondan, əsasən, Yeniarx kəndində su verilir, amma qurğunun bir qolu da Hacağabəyliyə ayrılıb. Yəni bu məsələ qismən həll olunur.
Yol məsələsi isə belədir ki, Hacağabəylidə yeni sinif kompleksinin tikintisi ilə əlaqədar iki kəndi birləşdirən hissə daşlanıb. Yəqin ki, gələcəkdə asfalt çəkilməsi də ola bilər. Amma bu barədə dəqiq bir şey deyə bilmərəm. Ona görə də yol məsələsi problem olaraq qalır".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində