Kəpənək tırtılı plastik tullantıları yeyəcək

25 Aprel 2017 21:04

Plastik torbalarla qidalanan kəpənək tırtılı ətraf mühitin tullantılardan təmizlənməsinə çarə ola bilər, alimlər bildirir.

Cambridge Universitetinin yeni araşdırmasına əsasən arı pətəyindəki mumla qidalanan kəpənək tırtılı plastik maddələri də həzm etməyə qadirdir.

Milli.Az BBC-yə istinadən bildirir ki, hər il dünyada plastik torbaların hazırlanması və qablaşdırmada 80 milyon ton plastik polietilen maddəsi istehsal olunur.

Bu kütlənin təbii yolla tamamilə çürüməsinə yüzlərlə il tələb oluna bilər.

Hərçənd ki, kəpənək tırtılları (Galleria mellonella) bir saatdan az müddət ərzində plastik torbaları dəlik-dəlik etməyə qadirdir.

"Kəpənək tırtılı başlanğıc nöqtəsi olacaq", - Cambridge Universitetinin tədqiqatçısı Dr. Paolo Bombelli deyir.

"Bizə xırdalıqları ətraflı öyrənmək lazımdır. Ümid edirik ki, plastik tullantıların utilizasiya probleminin texniki həllini təqdim edə biləcəyik".

Üzərinə tırtıl buraxılan plastik paket parçasında yarım saatdan sonra dəliklər əmələ gəlib.Üzərinə tırtıl buraxılan plastik paketdə yarım saatdan sonra dəliklər əmələ gəlib.

Dr. Bombelli və İspaniya Milli Tədqiqat Şurasını təmsil edən Federica Bertocchini elmi kəşfə patent alıblar.

Onlar plastikin təbii yolla çürüməsinə səbəb olan kimyəvi proseslərin öyrənilməsini sürətləndirmək niyyətindədirlər.

Alimlərin ehtimallarına görə, tırtıllarda yaşayan mikroblar da bu prosesdə rol oynayır.

Bütün kimyəvi prossesin öyrənilməsi baş tutarsa, o zaman bu araşdırma ətraf mühitin çirklənməsiylə mübarizədə ciddi irəliləyiş olacaq.

Elmi kəşfin nəticələri Current Biology jurnalında dərc olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində