II Buktreyler Festivalının mükafatlandırma mərasimi: Qaliblər elan edildi

24 Aprel 2017 15:40

Kitabı tanıdın, kitabla tanının!

21 aprel saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində İkinci Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu.

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Gecənin fəxri qonaqları Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Qənirə Paşayeva, əməkdar incəsənət xadimləri Müşfiq Hətəmov, Ayaz Salayev və Kənan Məmmədov, əməkdar artistlər Sənubər İsgəndərli, Nərgiz Cəlilova və s. kimi cəmiyyətin tanınmış şəxsiyyətləri oldular. Onların hər biri öz çıxış nitqi ilə festivalın mühümlüyünü vurğulayaraq qaliblərin adlarını açıqlayaraq təltif etdilər. Ən maraqlı məqam isə o idi ki, münsiflər heyəti ayrı-ayrılıqda səs verdikləri üçün qaliblərin adı saxlanılan zərflərdən kimlərin adlarının çıxması sirr olaraq qalırdı.

Cəmiyyətin tanınmış insanlarının çağırış videoçarxları, ilk Buktreyler Festivalı qaliblərinin kiçik videosüjeti göstərildikdən sonra mərasimi çıxış sözü ilə açan kinoaktyor, prodüser, Azərbaycan Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli bu festivalın cəmiyyətimizə verdiyi töhfələrdən, festivalın məqsədlərindən, perspektivlərindən bəhs etdi. Bu ilki festivala gənc yazarlardan əlavə çəkilmiş bukteylerlərə musiqi bəstələməklə gənc bəstəkarların da qatılmasını xüsusi vurğulayaraq bildirdi: "Keçən il 21 iştirkaçı qatılsa da, bu il ilkin müraciətlərin sayı 61 olsa da, yalnız 38-i öz buktreylerlərini çəkib göndərdilər. Onlardan biri bu ilki mövzumuza uyğun olmadığı üçün, digəri isə işlərin son qəbul tarixini keçdiyi üçün qəbul edilmədi və 36 buktreyler münsiflərin qiymətləndirilməsinə buraxıldı."

Birinci yer qalibini təltif edən Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev öz çıxışında bu günkü gündə nəinki, Azərbaycanda, ümumiyyətlə dünyada insanların kitabdan uzaqlaşması faktından danışaraq Buktreyler Festivalının bu gün nə dərəcədə əhəmiyyət kəsb etməsini vurğuladı. Nazirliyin cəmiyyətimizə, gənclərimizə faydası dəyəcək layihələri hər zaman dəstək olmağa hazır olmasını, festivalın təsisçisi Ruslan Sabirliyə minnətdarlığını bildirirərək uğurlar arzuladı.

Qaliblər:

I YER - Elnur RZAYEV, Buktreyler: "Nəfəs", Ramiz RÖVŞƏN (2006);
II YER - Emin HƏSƏNXANZADƏ, "O 2", Müşfiq XAN (2015);
II YER - Orxan ADIGÖZƏLOV, "Sənə məktub yazıram", Aqşin YENİSEY (2012);
III YER - Qalib MİRZƏLİYEV, "Gecəqondu insanı", Azər ELŞADOĞLU (2016);
III YER - Cavidan ƏLİ-ZADƏ, "İntihar", Təranə Vahid (2013);
III YER - Vəli MƏMMƏDOV, "Çevriliş", Sahilə İbrahimova (2014).

İnformasiya dəstəyi: Trend.az, Milli.Az, Day.Az, Azernews.az