"İpək xalçalar ölkəyə böyük valyuta axınına səbəb ola bilər"
Xalçaya olan sevgi bütün bölgələrimizdə öz təzahürünü tapıb. Bunun nəticəsidir ki, hər regionun təbiətinə, adət-ənənələrinə, məişətinə uyğun xalçalar toxunub və onlar yer adlarına uyğunlaşdırılıb. Bunlara nümunə olaraq "Qarabağ" xalçası, "Şirvan" xalçası, "Qazax" xalçası və digərlərini göstərmək olar.
Milli.Az marja.az-a istinadən bildirir ki, günümüzdə əvvəlki səviyyədə olmasa da yaşamaqda davam edən "Şirvan" xalçaçılıq məktəbi ta qədimdən özünəməxsusluğu ilə seçilib. Bu, məşhur xalçaçımız Lətif Kərimovun kitablarında da əksini tapıb. Sovetlər dönəmində İsmayıllıda, xüsusən də həmin rayonun Lahıc və Qalacıq kəndlərində xalçaçılıq xüsusilə seçilib. Həmin məkanlarda əsasən "Şirvan" xalçaları toxunub və konkret nömrələri də olub. Onlara nümunə olaraq "Şirvan 159", "Şirvan 100", "Şirvan 94" şəklində nömrələnmiş "Şirvan" xalçalarını göstərmək mümkündür. Bu xalçaların çeşniləri ilə Quba və Qazax xalçalarının çeşniləri arasında bir çox fərqlər var. Bu da onların məişəti ilə bağlıdır.
İsmayıllı rayonunda yerləşən "Xoşbəxt-X" kiçik müəssisəsinin rəhbəri Ruhiyyə Süleymanova da bu qədim sənət nümunəsinin qorunub saxlanmasına öz töhfəsini verməkdədir. O, gözünü açıb anasını xalça toxuyan görüb. İlmə laylası, həvə səsi bayatısı, çirgit səsi isə nəğməsi olub.
Əvvəlcə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. İncəsənət Universitetində Qrafika rəssamlıq fakültəsini, daha sonra Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Bunlarla belə, sənətdən ayrılmayıb.
"Xoşbəxt-X" müəssisəsinin əsas fəaliyyəti xalçaçılıqdan ibarətdir. Burada sifarişdən, iş həcmindən asılı olaraq təxminən 50 nəfərədək qadın işləyir, palaz, kilim, sumax və başqa xalça növləri toxuyurlar. Müəssisə 1993-cü ildən fəaliyyət göstərir və indiyədək xeyli xalçaçılıq məhsulunun satışı ilə məşğul olub. Məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilib. Ölkəmiz inkişaf etdikcə daxildə də bu xalçalara tələbat artıb.
Ruhiyyə Süleymanova deyir ki, müəssisədə çalışanlar peşəkarlardır. Ona görə də hazırladıqları məhsullar maraq doğurur. Özünün xalçaçılığın sirlərinə daha dərindən necə yiyələnməsinə aydınlıq gətirən Ruhiyyə xanım bildirir: "1993-cü ildə Türkiyədən Mətin bəy adlı məşhur bir xalçaçı İsmayıllıya gəldi. O, bu işə ürəklə girişdi. Fərqli xalçaların toxunmasını təşkil edərək ixracına nail oldu. Onun sayəsində Türkiyə və İranı qarış-qarış gəzərək xalçaçılıqda olan yeni tendensiyaları daha dərindən öyrəndim. Gəldiyim nəticə bu oldu ki, yaxşı xalçaçı olmaq üçün qoyunun yunundan tutub meşəyə boyaq otu yığmağa, oradan da bazara gedəcəksən".
Tələbatın artmasına səbəb olan amillərdən biri də xalçaçılıqda keyfiyyət dəyişikliyidir. Bu xalçaların çeşnilərində, sıxlıqlarında yeniliklər edilib. İsmayıllının təbiətinə uyğun güllü-çiçəkli Nəbati naxışlardan istifadə edilir və bu da turistlərin zövqünü oxşayır. Nəticədə alıcıların sayı artır.
Son illər İsmayıllıda dünyada ənənəviliyi ilə seçilən Pakistan və İrandakı kimi məşhur ipək xalçaların istehsalına başlanılıb. Bu da insanların zövqünün yüksəlməsi və alıcılıq qabiliyyətinin artması ilə əlaqədardır. Belə ki, insanların mənzillərində xaricdən gətirilmiş bahalı xalçalar görmək mümkündür. R.Süleymanova deyir:
"Həmin pulun ölkə daxilində qalması həm iqtisadiyyatın yüksəlişinə, həm də xalçaçılığın inkişafına təsir göstərər. Artıq ipək xalçalara tələbat artıb, bu məhsulun bizdə istehsal olunaraq xaricə göndərilməsi imkanları var. Nəticədə ipək xalçalar ölkəyə böyük valyuta axınına səbəb ola bilər".
R.Süleymanovanın qənaətinə görə, ipək xalçaların yun xalçalarla müqayisədə ilk üstünlüyü onların təxminən 200 il normal vəziyyətdə qalmasıdır. Həmçinin bu xalçalar sıx toxunuşu, zərifliyi ilə seçilir. Hazırlanmasında təbii boyalardan istifadə edilməsi, yüngül olması da onun alıcı üçün cəlbediciliyini artırır.
Keçən ildən Azərbaycanda baramaçılığın inkişaf etdirilməsinə başlanması bu sahənin inkişafı üçün mühüm amil oldu. Əgər hazırda respublikamızda xalça toxumaq üçün zəruri olan ipək ipliklər xaricdən baha qiymətə alınıb gətirilirsə, daxildən alındıqda xalçanın maya dəyəri xeyli aşağı düşəcək. Eyni zamanda, İsmayıllı meşələri təbii boyalarla zəngindir. Bunlar da olduqca əhəmiyyətlidir. İpək və yun həmin boyalarla rəngləndikdə xalçanın qiyməti ikiqat artır. Səbəb təbii boya istifadə olunan xalçaların uzunömürlülüyü, solmamasıdır. İstənilən hava şəraiti onlara təsir göstərmir.
Ruhiyyə xanım deyir ki, onlar fəaliyyətlərində Təbriz xalçaçılıq məktəbinə də müraciət edirlər. Bu da alıcılar tərəfindən bəyənilir.
O bildirir ki, xalçalar olub, ondan ayrıldığına görə saatlarla fikrə dalıb. Sonradan eyni xalçadan neçəsini toxusa da, məhz birinci yadda qalıb. Bunlar çox ustalıqla toxunan, fərqli rənglərin harmoniya təşkil etdiyi "Şirvan" xalçaları olub. Ruhiyyə xanım yüksək sənətkarlıqla işləyib hazırladıqları portret xalçaları da unutmadıqlarını söyləyir.
Söyləyir ki, təxminən 2000-ci ilədək xaricə çoxlu xalça ixrac ediblər. Xüsusən də Türkiyəyə. İstanbuldakı hadisəni belə xatırlayır: "Qapalı çarşıda idim. Orada bizdə "Hərəkə" xalçası adı ilə toxunan bir xalça gördüm. Bu işlə məşğul olanlar yaxşı bilirlər ki, Azərbaycanda bir "Hərəkə" toxuyan var, o da İsmayıllıdadır. Bu xalçalar 900 çeşnidən ibarətdir və onu da yalnız biz toxuyuruq. Bazarda gördüyümün öz toxuduğum xalça olduğuna əminliyim yarandı. Qiyməti ilə maraqlandım. Bizim satış qiymətləri ilə müqayisədə mənə təklif olunan dəyər qeyri-adi dərəcədə böyük idi. Çaşıb qaldım və bildirdim ki, axı mən bunun heç mində birini almamışam. Onlar bu xalçanı mənim toxuduğuma inanmaq istəmirdilər. Dedim ki, xalçaya baxın, orada S.R (Süleymanova Ruhiyyə) hərflərini görməsəniz bunun eynisindən bir ədədini pulsuz toxuyub sizə verərəm. Həmin nişanələri gördükdən sonra məndən üzr istədilər".
Ruhiyyə Süleymanova İsmayıllıda keçirilən bir çox sərgilərdə iştirak edib. Dəfələrlə fəxri fərmanlarla təltif olunub. Bir sıra dövlət tədbirləri üçün sifarişlər alıb.
Keçən il Bakıda olan şahmat üzrə dünya çempionatında xeyli sifariş alıblar. Kiçik ölçülü hədiyyəlik xalçalar toxunaraq idmançılara hədiyyə olunub. Bu da müəssisənin maddi vəziyyətinə müsbət təsir göstərib.
Hazırda Ruhiyyə xanım ipək xalçaların toxunması və satışında daha çox maraqlıdır.
Xalçaçılığın sənaye üsuluna keçilməsi və bu sahənin inkişafı istiqamətində yeni tendensiyaların yaranmasından danışan R.Süleymanovanın qənaətinə görə, bütün digər məhsullar kimi, xalça satışı zamanı da insanların zövqləri nəzərə alınmalıdır. Bu baxımdan bütün xalçaçılıq məktəblərinin ənənələri qorunmalı, bölgələrin xüsusiyyəti, təbiəti, rəng çalarları, toxunuş qaydaları saxlanmalıdır. Yeknəsəqliyə yol vermək olmaz. Bazara eyni məhsuldan çox sayda çıxarmaqdansa, fərqli xalçalar vermək daha yaxşı olar.
Cəmiyyətin müxtəlif sahələrində olan inkişaf zamanla xalçaçılığa da təsir edir. İnsanların da zövqləri dəyişir. Hazırda ölkədə baramaçılığa önəm verilməsi xalçaların maya dəyərinin azalmasına təsir edəcək. Xalçaçılıq üçün yun, pambıq, ipək və boyaq lazımdır ki, bunlar hamısı bizdə var.
Qeyd edək ki, hazırda İsmayıllı rayonu ərazisində "Azərxalça" ASC-nin xalça fabriki inşa olunur. Yeni xalça müəssisəsində işçilərin həvəsləndirilməsi də mühümdür. Vacib amillərdən biri də gənclərin xalçaçılığa meyilli olmasıdır.
Milli.Az