Azərbaycanlı gimnast: "Dünya Kubokunda əsas məqsədim finala çıxmaqdır" - FOTO

21 Aprel 2017 12:13

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda tamaşaçıları ölkəsindən asılı olmayaraq, bütün gimnastları dəstəkləməyə çağırıram.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Dünya Kubokunun iştirakçısı, azərbaycanlı gimnast Jalə Piriyeva deyib.

O, yarışlarda yaxşı çıxış edəcəyini gözlədiyini deyib:

"Biz çox ciddi şəkildə hazırlıqları davam etdiririk. Öz tamaşaçılarımız qarşısında çıxış etmək böyük məsuliyyət tələb edir. Günümüzü xoreoqrafiya ilə başlayır, sonra məşqə gedirik və məşqlərimizi davam etdiririk".

İdmançının sözlərinə görə, onun əsas rəqibləri Fransa, Bolqarıstan və İsrail gimnastlarıdır: "Bu yarışlarda mənim əsas məqsədim finala çıxmaqdır".

Gimnast həmçinin, öz proqramından da danışıb: "Mənim proqramım daha çətin və daha maraqlı olub. Məsələn, halqa ilə hərəkətlərdə mən Azərbaycan musiqisi altında çıxış edəcəyəm. Bu, məni daha çox ruhlandıracaq. Bu musiqinin sədaları altında tamaşaçıların məni necə isti qarşılayacağını təsəvvür edirəm".

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək. Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı
alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı
Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində