Xaç rəmzlərinin meydana gəlməsi, ibtidai icma dövrünə təsadüf edir. İnsanlar, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Odur ki, xaçların yaranması qədim əsatirlərdə göstərildiyi kimi, insanların günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar, odu da günəşin yerdəki simvolu kimi qəbul edərək ona da sitayiş edirdilər.
Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaqkı dövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların təfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağac üzərinə bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur. Oda günəşə etiqad və məhəbbət o qədər müqəddəs və güclü olmuşdur ki, od və günəş insanların and yeri olmuşdur. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər belə gəlib çatmışdır. İndinin özündə belə Azərbaycanda "o günəş haqqı", "o ocaq haqqı", "o günəşin şölələri haqqı" kimi ifadələr insanlar tərəfindən and kimi işlədilir.
Qədim dövrlərin nəinki təkcə xaç rəsmləri üzərində ümumiyyətlə diqqət yetirdikdə Cənubi Qafqazda Alban dövrü bütün memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə sujet xarakterli oymalarda daha sox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi onu göstərir ki, o dövrdə yerli xalqlar içərisində türkdilli tayfalar çoxluq təşkil edibdir. Təsadüfi deyildir ki, əsirlərlə qarşılıqlı hörmət və məhəbbətlə dinc yanaşı yaşayan bu xalqların öz bədii yaradıcıqlarında da biri-digərinin mədəni irsinə müraciət etmələri bu xalqların birinin digərinə böyük etiramından irəli gəlirdi. Odur ki, haqlı olaraq elmi ədəbiyyatlarda Qafqaz Albaniyası dövrü memarlıq abidələrini alban-türk memarlıq abidələri kimi də qeyd olunur. Bu baxımdan Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır.
Çünki, alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacınxaçın təsvirinə daha yaxındır. Xaç obrazı, Alban xaçdaşlarında sanki müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orjinal, yəni özünəməxsus yolla getmişdir. Burada söhbət eyni zamanda xristianlığaqədər mövcud olmuş dini - ayinlərin simvolikası əks olunan və müsəlman qəbirlərinin müqayisəsi və Qafqaz Albaniyasının yazılı daşlarından gedir. Bütün Alban yazılı daşların üzərindəki xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarının və nişandaşlarının) bax bu cür orjinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.
XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar özlərini "böyük fəlsəfi təfəkkürə malik" olan bir xalq obrazı yaratmaq, bununlada ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün, öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar. Bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar", daş mənasında başva düşülür. Odur ki "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaş"ı mənasını verir.
Ermənilər süni surətdə məskunlaşdırıldıqları ərazilərin erməniləşdirilməsində xaç daşlarının yayılmasını daha məqsədə müvafiq hesab edirlər. Onlar, heç bir xalqın həyatında təsadüf edilməyən işlərlə məşğul olaraq, hər dağda dərədə, hər kol dibində xaç obrazlı daşlar düzməkdən zövq alırlar. Ermənilər tarixi öz xeyirlərinə dəyişdirmək üçün, xaç daşları yonaraq işğal etdikləri Azərbaycan torpaqlarında basdırmağı və bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağı özlərinin əsas məqsədləri və vəzifələri kimi baxırlar. Onlar son illər xaç daşlarının istehsalına o qədər genişləndiriblər ki, hətta belə demək mümkün olarsa Cənubi Qafqazda xaçdaşlarının istehsalçılarına çevrildilər.
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşlarının yeniləşdirilməsi işlərindən cana doyaraq, son zamanlar Alban xaçdaşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar. Bu yolla ermənilər, çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlarda və eləcədə müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirlər.
Ermənilərin nəzarətində olan Qərbi Azərbaycan torpaqlarında və eləcədə işğal olunmuş digər ərazilərdə (ermənilər tərəfindən başdaşı formasında basdırılmış) yanyana düzülmüş elə kütləvi xaçdaşları sahələrinə təsadüf edilir ki, bu sanki böyük bir adsız qəbristanlıqları xatırladır. Bu cür kütləvi süni məzarlıqlarda daşların bədii formada həllinə elə də fikir verilmir. Bəzən isə Alban xaç daşlarını da mövcud olduqları yerlərdən söküb gətirib, bu səpkili xaçdaşı "qəbristanlıqlarında" basdıraraq erməni xaçkarları kimi təqdim edirlər. Bu isə nəinki təkcə Alban daş sənəti nümunələrinin mənimsənilməsinə və bir daha qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının erməniləşdirilməsinə gətirib çıxarır.
Burada qeyd etmək yerinə düşərdi ki, klassik erməni xaç daşları, erməni dini simvolları və rəmzləri xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından,özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni - qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni - qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.
Bununla belə, ermənilər Cənubi Qafqazda öz varlıqlarını yetərincə sübut etmək və yüksək erməni mədəniyyətinin mövcudluğuna insanları inandırmaq üçün, özlərinin nəzarətində olan ərazilərdə müxtəlif dövrlərə məxsus dekorativ sənət nümunələrinin eləcədə daş, divar yazıları üzərində forma və məzmun dəyişiklikləri edir, bu abidələrin ermənilər tərəfindən yaradıldığı və ya inşa edildiyi barədə saxta dəlillər yaradaraq bunları erməni mədəniyyətinin nümunələri kimi təqdim edirlər. Bundan sonrakı mərhələdə isə ermənilər geniş təbliğat kompaniyasına başlayır, öz təbliğat işlərində bu abidələrdən maddi sübut kimi istifadə edirlər. İşğal edilmiş ərazilərdə bu cür mənimsənilməyə daha çox xristianlığa qədər olan dövr Azərbaycan abidələri və Alban xristianlıq dövrü abidələri məruz qalmışdır.
Bu isə Cənubi Qafqazda qədim Alban mədəniyyətinin tamamilə məhv edilmək təhlükəsini artırır. Çox təhlükəli bir məqam da ondan ibarətdir ki, son dövrlər erməni mətbuatı Cənubi Qafqazdakı Alban dövlətini və Alban mədəniyyətinin varlığını tamamilə inkar edərək, bir zamanlar bu ərazilərdə Alban dövləti deyil, qədim bir erməni dövlətinin mövcudluğunu iddia edirlər. Bununlada ermənilər Cənubi Qafqazda min illik tarixi olan Alban dövlətinin mövcudluğunun üstündən birdəfəlik xətt çəkərək, qədim Alban mədəniyyətinə sahib çıxmaqla özlərinin təcəvüzkar bir millət olduqlarını bir daha göstərmiş olurlar. Qafqaz Albaniyasında şərq xristianlığına aid memarlığın bütün növləri inkişaf etmişdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bu kilsələr, uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyanın xristianlıq memarlığı üslubunda "dairəvi məbədlər" deyilən xüsusi memarlığı da geniş yayılmışdı. Albaniyanın xristianlıq memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr, karvan yolları kənarlarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində momerial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur. Sovmələrin divarları bir qayda olaraq, zəif naxışlara malik nişan daşlarıyla bəzədilirdi.
Alban dövrünün ən mürəkkəb quruluşlu tikililəri isə monastrlar hesab olunurlar. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız Alban dövrü memarlıq abidələrinə məxsusdur.Çünki Alban dövrü memarlıq abidələri üzərindəki elementlər yalnız bu dövr abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir. Bu ərazilərdə geniş sahəli, mürəkkəb formaya malik, müasir dövrümüzə qədər daha yaxşı formada gəlib çıxan bazillikaların tikilməsi VI - VIII əsrlərə təsadüf edir. Bazillikaların geniş zalı, sıra sütunları ilə bir neçə nefə (hissəyə) bölünürdü. Ümumi ansambıla uyğun olaraq hər nefin şərqində yarımkümbəz formalı çıxıntılar düzəldilirdi. Oradakı iri çıxıntı mehrab rolunu oynayırdı.
Bazillikaların üst örtüyü də digər tikintilərdən fərqlənirdi. Belə ki, onların orta hissəsinin kümbəzləri çıxıntı ilə tamamlanırdı. Bir qayda olaraq bazillikaların qərb tərəfində, binanın tavanında xüsusi sütunlar üzərində zəng asmaq üçün yer qurulurdu. Məlumdur ki, ermənilər xristian amilindən istifadə edərək, bu ərazilərdəki abidələri erməniləşdirməklə bu tipli abidələrə sahib çıxmaq istəyirlər. Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə, nə də erməni əxlaqına uyğun gəlmir. Belə ki, Azərbaycan ərazilərindəki Alban xristian abidələrinin tarixi-arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Alban dövrünün xristianlıqla əlaqədar maddi mədəniyyət nümunələrini, memarlıq abidələrini, nişan daşlarını, qəbirüstü abidələri, kilsə avadanlığını, epiqrafik abidələri və s. bu kimi müxtəlif qruplara bölünərək yaşayır və bunun tədqiqatçılar tərəfindən erməni qriqoryan dininə heç bir aidiyyatı olmadığı bildirilir. Bu barədə gürcü tarixçisi A.Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" kitabında yazırdı ki, "ermənilər yerli albanları qriqoryanlaşdıraraq bu əraziləri isə "hayk ölkəsinin bir hissəsi" adlandırıblar. Bunun hamısı yalandır. Öz işğalçı siyasətlərindən əl çəkməyən ermənilər vaxtı ilə gəlib sığındıqları Azərbaycan torpaqlarını "Şərqi Ermənistan" adlandıraraq, həmin əraziləri tarixi vətənləri, doğma mədəniyyət mərkəzləri kimi uydurmalarla mənimsəmək fikrinə düşüblər".
Azərbaycanın işğal olunmuş ərazilərində, ermənilər Azərbaycanın yeraltı mədəniyyət nümunələrini, yəni arxeoloji abidələrini də xüsusi qəddarlıqla dağıdırlar.
Hər ilin yay ayları Erməntstanın Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitunun təşkilatçılığı ilə xarici ölkələrin müxtəlif arxeoloji qrupları tərəfindən Xocalı, Ağdam, Xocavənd, Şuşa, Kəlbəcər, Kərkicahan, Xankəndi ərazilərində olan bütün kurqanlar sökülərək yerlə yeksan edilmişdir. Qazıntı zamanı tapılan bütün arxeoloji nümunələr, o cümlədən məişət əşyaları, əmək alətləri, ov silahları, zinnət əşyaları, saxsı məmulatları və s. Ermənistana daşınıb aparılmışdır.
Professor Faiq İsmayılov
"Olaylar" qəzeti