Lavrov Ermənistanın Rusiyaya birləşdirilməsindən danışdı

20 Aprel 2017 10:10

Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın separatçı Abxaziya bölgəsinə səfəri bu gün başa çatıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Lavrov Suxumidə "prezident" Raul Xadjimba ilə danışıqlar zamanı Abxaziyadan keçən və Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolunun açılması imkanlarını da müzakirə edib.

Lavrov jurnalistlərə deyib ki, Xadjimba ilə danışıqların mövzusu Abxaziyanın təhlükəsizliyinin təmin edilməsi və bu "respublikanın" ərazisi ilə Cənubi Qafqazın digər ölkələrinə yüklərin tranzit daşınması imkanları olub.

Abxaziyanın təhlükəsizliyinin təminatı dedikdə Rusiya xarici işlər naziri, əlbəttə ki, bu separatçı ərazinin Gürcüstandan müdafiəsini nəzərdə tutur. Lavrova görə Gürcüstan və Abxaziya arasında "güc tətbiqindən imtinaya" dair hüquqi sazişin imzalanması gələcəkdə tamamilə mümkündür və realdır. İkinci məsələ isə Lavrovun da təsdiq etdiyi kimi Abxaziyadan və "dəmir yolunun açılmasını hamıdan çox istəyən" Ermənistandan asılı deyil.

"Rusiya tərəfi üçün heç bir problem yoxdur ki, bu tranzit bərpa olunsun. Hətta bunun baş verməsi üçün hüquqi baza da var. Bu, Rusiya ilə Ümumdünya Ticarət Təşkilatı arasında 2011-ci ildə imzalanmış müqavilədir. Tranzitə Raul Xadjimba da qarşı deyil. Lakin bu bizdən yox, tranzitin gedə biləcəyi digər ölkələrdən asılıdır", - Lavrov Gürcüstanı və çox güman ki, Azərbaycanı da nəzərdə tutaraq deyib.

Xatırladaq ki, Gürcüstanda "Gürcü arzusu" koalisiyası təzə hakimiyyətə gələndə Abxaziyadan keçən dəmir yolunun açılması barədə bəzi müzakirələr aparılıb. Hətta Rusiya dəmir yolunun Abxaziya hissəsinin bərpası üçün özünün dəmiryol qoşunlarını da bölgəyə göndərib. Bu, Bakıda müəyyən narahatlıqlar yaradıb. Lakin daha sonra məsələ gündəmdən çıxıb. Dəmiryolunun açılması daha çox Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu ölkəni Rusiya ilə ancaq Yuxarı Lars aşırışımından keçən, qışda qar-çovğuna, yayda selə görə tez-tez bağlanan avtomobil yolu birləşdirir. Ancaq Abxaziya münaqişəsinin indiki statusunda nəqliyyat dəhlizinin açılması Gürcüstanda "xəyanət" kimi qarşılanardı.

Ermənistana dəmir yolları ilə Fars körfəzinə çıxış əldə etmək imkanı verən başqa dəhliz barədə Lavrovla eyni vaxtda Tiflisdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb. O, gürcü həmkarı Mixeil Canelidze ilə keçirdiyi mətbuat konfransında deyib ki, İran Fars körfəzini Qara dənizlə birləşdirəcək dəhlizin yaradılmasını təklif edir. İran xarici işlər nazirinə görə, bu dəhlizin reallaşması üçün Ermənistan, Azərbaycan, İran və Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq şərtdir.

Lakin həm Gürcüstanda, həm Ermənistanda ekspertlər səviyyəsində dərhal razılaşıblar ki, indiki vəziyyətdə bu dəhlizin yaradılması real deyil. Çünki Ermənistanla Azərbaycan arasında münaqişə buna imkan vermir. Ermənistanın dövlət idarəçiliyi Akademiyasının elmi əməkdaşı Conni Melikyan İran xarici işlər nazirinin təklifini şərh edərkən deyib ki, Cavad Zərifin bəhs etdiyi dəhliz real deyil, ancaq İran üzərindən Fars körfəzinə çıxış üçün iki dəhlizin yaradılması mümkündür. Bunlar İran-Ermənistan-Gürcüstan-Qara dəniz və İran-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz dəhlizləridir.

"Ancaq yaddan çıxarmaq lazım deyil ki, hazırda İranı Azərbaycanla birləşdirən dəmir yolu dəhlizinin tikintisi gedir. Bu isə o deməkdir ki, Ermənistan passivlik göstərsə İran bütün riskləri dəyərləndirib Azərbaycanı Avropanı və Hind Okeanını birləşdirəcək dəhlizin yaradılmasında özünün mühüm müttəfiqi kimi seçəcək. Bakının imkanları pis deyil. Azərbaycan inkişaf etmiş dəmir yol infrastrukturuna malikdir"-o deyib.

Xatırladaq ki, Ermənistan İranla dəmir yollarını birləşdirmək planları üzərində əvvəllər də baş sındırıb. Lakin bu kimi iri regional layihələrə girmək üçün sanballı kapital tələb olunur.

Milli.Az