Metyu Brayza: “Təhsil proqramları ABŞ və Azərbaycan arasında dostluq münasibətlərinin qurulmasına xidmət edir”
18 İyun 2011 11:12
Təhsil sahəsində mübadilə proqramları Azərbaycan və ABŞ arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın qurulmasına xidmət edir. Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu qənaətdədir.
"Bu növ proqramlar ABŞ və Azərbaycan arasında tammiqyaslı əməkdaşlıq üçün əsasdır", - Brayza Bakıda ABŞ-ın tələbə mübadiləsi proqramlarına həsr edilən tədbirdə deyib. Onun sözlərinə görə, mübadilə proqramları tələbələr üçün karyera qurmaq, ABŞ-ın mədəniyyəti və digər ölkələrin nümayəndələri ilə tanış olmaq üçün əla imkandır.
"Təkcə bu il proqram üzrə ABŞ-a 150 nəfər yola düşəcək", - səfir qeyd edib.
Bakıda keçirilən tədbirdə orta və ali məktəb məzunları, tələbələr iştirak ediblər.
Tədbirdən sonra ABŞ-ın "The Melvin Williams Group" caz qrupunun konserti olub.
Milli.Az