Azərbaycanlı aktrisa rejissorla eşq yaşayır? - FOTO

19 Aprel 2017 19:34

Bir neçə gün öncə təqdimatı olan "Mahmud baba" filmi ətrafında qalmaqal davam edir.

Bildirilir ki, ekran işinin büdcəsi 210 min manat olsa da, sonda bu məbləğin 60 mini xərclənib. Hətta o qədər "qənaət edilib" ki, filmdəki Məsmə roluna "Mahmud baba"nın qrim ustasını çəkiblər. Digər bir məqam isə rejissor Samir Kərimoğluyla gənc aktrisa Mələk Kazımova haqqında dolaşan şayiələrdir. İddialara görə, rejissorla aktrisanın sevgi macərasından xəbər tutan rejissorun həyat yoldaşı çəkiliş meydançasına gəlib. Hətta xanımı rejissora özünün də filmə çəkiləcəyi barədə şərt qoyub. Məhz bundan sonra Mələk Kazımovanın çəkildiyi bir neçə səhnə "kəsilib", əvəzində ssenari dəyişdirilib və Kərimoğlunun həyat yoldaşı ekran işində rol alıb. Doğrudanmı, 42 yaşlı rejissorla 20 yaşlı aktrisa çəkiliş prosesində eşq macərası yaşayıblar? Həqiqətənmi indiyədək qonorarını almayan aktyorlar var? 

Milli.Az xəbər verir ki, ölkə.az-ın bu və digər suallarını "Mahmud baba"nın Leylası Mələk Kazımova cavablandırıb:

- Mələk xanım, "Mahmud baba" adlı filmə çəkilmisiniz. Əldə etdiyimiz məlumata görə, filmdən qonorarınızı tam ala bilməmisiniz.

- Bəli, qonorarımı tam ala bilmədim. 

- Bəs çəkildiyiniz səhnələrin bir neçəsi niyə "kəsilmişdi"?

- Çünki orada başqa problemlər oldu. Rejissorla bağlı problem idi. Təbii ki, bu çəkiliş meydançasında baş verən problem deyildi.

- Yanılmıramsa, rejissor Samir Kərimoğlunun həyat yoldaşıyla aranızda narazılıq olmuşdu.

- Bəli, elədir.

- Qısqanclıq?

- Bəli, bəli.

- Yəqin ki, rejissorla aranızda müəyyən münasibət var idi.

- Mən bu barədə danışmaq istəmirəm. Amma qısa onu deyə bilərəm ki, filmdə səhnələrimin kəsilməsi, səsimin dublyaj edilib təqdim olunması başqa məsələlərlə bağlıydı.

- Öz səsiniz deyil?

- Öz səsim deyil. Səhnələrimin silinməsinə görə məlum məsələdir ki, filmdə gedişat da başqa cür alındı.

- Film uğursuz oldu?

- Uğursuz deməzdim, sadəcə, silindiyim səhnələrə görə məcburan sonluq başqa cür alındı. Mənə elə gəlir ki, dəyişikliklərə görə film bir az maraqsız alındı.

- Rejissorun həyat yoldaşının ssenaridən kənar filmə çəkilməsiylə bağlı xəbərlər var. Bu doğrudurmu?

- (gülür) İnanırsınız, özüm hələ gedib filmə baxmamışam, ona görə də fikir deyə bilməyəcəyəm. Bilmirəm, onun həyat yoldaşı orada çəkilib, ya yox.

- Sizin 20, rejissorun 42 yaşı var. Münasibətiniz haqda deyilən fikirlərə rəylər də fərqlidir...

- Əslində, bu mövzu barədə danışmağa yaxınlarım, valideynlərim icazə vermirlər, söhbət bağlanıb. Qısa şəkildə deyə bilərəm ki, mənə də, qarşı tərəfə də haqq qazandıranlar oldu. Özünüz də yaş fərqimizi bilirsiniz. Ortada başqa nədən söhbət gedə bilər ki? Mən onun yaşında deyiləm ki, deyim, belə münasibət, elə münasibət. Düşünürəm ki, burada mənim də ağılsızlığım oldu.

- Hər halda ortada münasibət var idi.

- Var idi deməzdim. Nə münasibət var idi, nə münasibət yox idi. Belə bir durum idi.

- Yəni sözdə var idi, real yox idi?

- Bəli. Hər kəsin ailəsinə hörmətlə yanaşıram. Onun da ailəsi, övladları var. Düşünürəm ki, münasibətdən söhbət gedə bilməzdi. Amma ona oxşar bir şey var idi. 

- Demək real münasibət varmış...

- Tam sayılmaz.

- İlk addım qarşı tərəfdən gəlmişdi?

- Bəli. 

- Siz də qəbul etmişdiniz.

- Qəbul etmişdim sayılmaz. Mən də əvvəlcə düşündüm ki, alınmaz. Amma sonradan nəsə inandım da mən (gülür).

- Sizi nə ilə inandırdı?

- O barədə danışmaq, çox dərinə getmək istəmirəm.

- Bəlkə boşandığını, yaxud boşanacağını demişdi?

- Xeyr, o həmişə ailəsinə hörmətlə yanaşıb.

- Samir Kərimoğlunu həyat yoldaşı sizə etirazını nə formada bildirdi?

- O qadının qırxa yaxın yaşı var. Düşünürəm ki, o yaşda qadın özünü sivil və daha mədəni formada aparmalı və fikir bildirməliydi. Başa düşürəm, yoldaşıdır. Onun yerinə mən də olsam, bəlkə belə hərəkət edərdim.

- Çox pis davrandı?

- Çox pis deməzdim, amma yaşına yaraşmayan tərzdə danışdı, kobudluq elədi. Bir tərəfdən də düşünürəm ki, mən də belə davranardım.

- Məsmə obrazına qrim ustası çəkilmişdi. Aktrisa tapılmamışdı?

- Bəli.

- Gündəlik qonorar danışılmışdı?

- Bəli, amma ala bilmədiyim üçün yadımdan çıxıb. Bu söhbətlərdən başım çox ağrıyıb deyə, hər şeyi unutmuşam.

- Çəkilişlər nə vaxt olub ki, artıq yadınızdan çıxıb?

- Çəkilişlər yay aylarında olmuşdu.

- Siz hələ tələbəsiniz.

- Bəli. 

- Qonorarınızın verilməməsinə səbəb kimi nə göstərilib?

- Samir Kərimoğlu məni orada kastinq direktoru vəzifəsinə də qoymuşdu. Üç ayın məvacibini almışdım.

- Aylıq nə qədər idi?

- Hər ay üçün 400 manat pul verilmişdi.

- Kastinq direktoru çox önəmli işdir, siz isə tələbəsiniz. Niyə belə məsuliyyətli işə razı oldunuz?

- Orada bu işi görən tək mən deyildim. Təbii ki, ikinci rejissorumuz Elvin Abdullayev işin çoxunu görürdü.

- Siz kastinq direktoru təyin ediləndə Samir Kərimoğluyla münasibətiniz başlamışdı?

- Bəli, başlamışdı və ondan sonra məni kastinq direktoru təyin etdi.

- Bəs necə oldu ki, sizi bu qədər çox istədiyi, güvəndiyi halda, qonorarınızı vermədi?

- Bir söz deyə bilmərəm. Fikrimcə, ailə problemləri onu daha çox narahat elədi. Hətta evindəki problemlərə görə filmə konsentrasiya oluna bilmirdi.

- Rəsmi müqaviləylə işləyirdiniz?

- Müqavilə yox idi, danışıq oldu və işimizi gördük. Amma bu mənimçün dərs oldu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində