"Prezident İlham Əliyevin Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki fikirləri Azərbaycanın ixrac potensialının artmasına, onun dünyada daha çox tanınmasına, Azərbaycan brendi altındakı məhsulların dünyaya yayılmasına öz təsirini göstərəcək".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin yekunlarını şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ölkə başçısı müşavirədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı mühüm istiqamətlərə toxunub: "Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycanda keçirilən iqtisadi islahatların nəticəsi göz qabağındadır. Artıq bu ilin ilk 3 ayının göstəriciləri də bunu deməyə imkan verir. Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac isə təxminən 50 faiz artıb. Sevindirici hal odur ki, qeyri-neft məhsullarının ixracı təqribən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Deməli, Azərbaycanda kifayət qədər daxili istehsal var və o, ölkənin tələbatını ödəmək üzrədir".
Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib - YENİLƏNİB - FOTO
A.Badamov qeyd edib ki, aparılan islahatlar və 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi ölkədə sahibkarlığın inkişafı üçün gözəl mühit yaradıb: "Bu gün Azərbaycanda investisiya mühiti yaxşıdır. Dövlət sahibkarlığın inkişafına dəstək verir. Azərbayan məhsulları dünya bazarlarına ixrac olunur. Cənab prezident də qeyd etdi ki, ilk növbədə ölkəmizin tələbatı ödənməlidir, çünki əhalinin demoqrafik artımı yüksəkdir, sonra isə xarici bazarlara məhsul ixrac etməliyik. Bu gün məhsullarımız Azərbaycan brendi altında dünya bazarlarına ayaq açır. Dövlətimizin dəstəyi ilə bir çox ölkələrdə Azərbaycan ticarət evləri, nümayəndəlikləri yaradılıb. Məqsəd isə Azərbaycanda istehsal olunan yönümlü qeyri-neft məhsulların təbliği və ixracından ibarətdir".
Deputatın fikrincə, biz rahatlaşmamalı, bazarların əhatə dairəsini genişləndirməli və bu işdə xaricdəki soydaşlarımızın əməyindən yararlanmalıyıq: "Cənab prezident müşavirədə çox mühüm məqamlara toxundu. O, qeyd elədi ki, bizim ənənəvi bazarlarımız var və biz orada həmişə arxayın şəkildə hərəkət edə bilmərik. Ola bilsin ki, həmin ölkələr də öz tələbatlarını ödəmək, idxaldan azad olmaq üçün daxildə istehsal proseslərini yaratsınlar. Ona görə də biz bazarların əhatə dairəsini genişləndirməliyik və Azərbaycan məhsulları dünyanın bir çox ölkəsinə ixrac olunmalıdır. Bununla bağlı ölkə başçısı xaricdə yaşayan və bizneslə məşğul olan soydaşlarımıza da dəvət mesajı göndərdi. Soydaşlarımız da bazarlarda Azərbaycan məhsullarını tanıtmaq üçün əllərindən gələni etməlidirlər. Yəni qoy həm pul qazansınlar, həm də Azərbaycanı və onun məhsullarını tanıtsınlar".
Millət vəkili hesab edir ki, dünyada rəqabətə davam gətirmək üçün ölkədə standartlara və tələblərə cavab verən məhsullar istehsal edilməlidir: "Dövlət tərəfindən kifayət qədər işlər görülür, invesitisiyaların və ixracın təşviqi proqramları həyata keçirilir. Dövlət büdcəsindən ixracın təşviqi üçün yüzminlərlə dollar vəsait ayrılır, ixrac olunan malların miqdarı gün-gündən çoxalır. İxracın daha da genişləndirilməsi və artması üçün isə dünya bazarına və standartlarına uyğun mallar istehsal olunmalıdır. Azərbaycanda çoxlu, rəqabət qabiliyyətli brend məhsullar istehsal olunmalıdır ki, dünya bazarında özünə yer tuta bilsin".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində