İranda daşqında ölənlərin sayı 36-ya çatdı - YENİLƏNİB - FOTO

15 Aprel 2017 15:08

15:08

Milli.Az Trend-ə istinadən bildirir ki, açqılanan son məlumatlara görə, İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.

----------

14:45

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə,  İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

----------

12:50

İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbiət hadisəsindən ən çox zərər çəkmiş Əcəbşir şəhərində 14 nəfərin meyiti tapılıb. Daha 3 nəfər Azərşəhr ətrafında həlak olub.

Ümumilikdə, 37 nəfərin xəsarət aldığı barədə məlumat verilib.

----------

08:23

İranın Şərqi Azərbaycan əyalətində güclü yağış nəticəsində sel baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində Əcəbşir şəhərində 3 nəfər ölüb, 13 nəfər itgin düşüb.

Qeyd edək ki, sel, həmçinin, Təbriz, Binab, Azərşəhr, Marağa və Əhər şəhərlərində də baş verib.

Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində