Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nazirliyin Aparatında vakant olan 3 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsindən Milli.Az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprel ayının 05-dən may ayının 05-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin DİN-nin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən Baş Kadrlar İdarəsinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün).
Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-nin kadrları tərkibinə daxil ediləcək və onların qanuvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.
Əlavə məlumat almaq üçün (012)-590-93-64 və (012)-590-93-27 nömrəli telefonlarla əlaqə saxlamaq olar.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində