"Məhv olmuş gündəliklər"in ikinci səhnə ömrü…
15 İyun 2011 21:51
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri əsasında eyniadlı tamaşa üzərində yeni heyətlə yaradıcılq işini başa çatdırmaq üzrədir.
Milli.Az xəbər portalı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən əsər 2002-ci ildə teatrın rus bölməsində hazırlanmış və böyük uğur qazanaraq, nəinki respublikamızda, eləcə də Rusiyanın bir sıra şəhərlərində keçirilən beynəlxalq teatr festivallarında və qastrol səfərlərində Rusiya teatr ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.
"Məhv olmuş gündəliklər" tamaşası teatrın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədovun quruluşunda yeni səhnə həyatı yaşayacaqdır. 83-cü teatr mövsümünün sonuna yaxın, iyul ayının 10-a dək kollektiv tamaşanı təhvil verməyi planlaşdırır.
Yeni - 84-cü mövsümün ilk tamaşası sentyabr ayının 20-də böyük dramaturq İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri olacaqdır.
Tamaşada əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcəklər.
Səhnə əsərinin tərtibatı da rejissorun özünə məxsusdur. Bundan başqa, tamaşanın musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur
Milli.Az