Məqsəd nə idi, nələr gözlənir? - Nazarbayevin Bakı səfərinin təfərrüatları - FOTO

4 Aprel 2017 20:30

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2-3 aprel tarixlərində Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif əməkdaşlıq sazişləri imzalandı.


Səfərin yekunlarını Milli.Az-a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib ki, bu sazişlər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə çıxarmalıdır.

Onun sözlərinə görə, Nursultan Nazarbayevin Azərbaycana səfərinin bir neçə məqsədi var idi ki, onların arasında iqtisadi məsələlər üstünlük təşkil edir:

"Birincisi, prezidentlər 2-3 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsini bir neçə dəfə artırmağı qarşılarına məqsəd qoydular. Bu məqsədlə may ayında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Hökumətlərarası komissiya iki ölkə arasında idxal-ixrac əməliyyatlarını əhatə edən məlumatların toplanması və imkanların dəyərləndirilməsindən sonra konkret sahələr və istiqamətlər üzrə yol xəritəsi hazırlamalıdır.

İkincisi, Astana Azərbaycanın Qazaxıstana daha çox investisiya yatırmasını istəyir. Nursultan Nazarbayev müsbət nümunə kimi Azərbaycanın liman şəhəri olan Aktauda logistika mərkəzinə və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşasına investisiya yatırmasını göstərdi. Xəzərin Aktau limamında logistika mərkəzinin fəaliyyəti rəsmi Bakıya ona görə vacibdir ki, yaxın perspektivdə Qazaxıstan Azərbaycan üzərindən yük daşımalarını artırsın. 

Üçüncüsü, Qazaxıstan və Azərbaycan regional nəqliyyat və enerji layihələrini reallaşdıran iki dövlətdir və hər iki dövlət bu layihələri birləşdirməkdə maraqlıdır. Rəsmi Bakı inşası başa çatan Bakı-Tiflis-Qars dəmiryolundan Astananın da maksimum istifadə etməsini istəyir. Qazaxıstan məhsulları bu dəmir yolu ilə Avropaya çatdırılarsa, bu, layihənin dəyərini bir az daha artıracaq. Aktauda və Ələtdə dəniz limanlarının genişləndirilməsi də məhz bu məqsədə xidmət edir. İki liman fasiləsiz mal daşımağa başlasa, Bakı-Tiflis-Qars dəmiryolunun Çin üçün cazibəsi artacaq.

Dördünçüsü, rəsmi Bakı dünyanın və bölgənin ən zəngin neft yataqlarından sayılan Qazaxıstanın "Kaşaqan" yatağından hasil olunan neftin Bakı-Tiflis-Ceyhan boru xətti ilə dünya bazarlarına daşınmasını istəyir. Təsadüfi deyil ki, Nazarbayevin Bakıya səfəri çərçivəsində bu ölkənin energetika naziri Kanat Bozumbayev Azərbaycanın energetika naziri Natiq Əliyevlə ayrıca görüşdü".

E.Şahinoğlunun fikrincə, bu səfər Azərbaycan diasporu üçün də xeyirli olub: "Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır. Onlar müştərək müəssisələr açır, biznes qurur və bununla iki ölkə arasında münasibətlərin inkişafına dəstək verirlər. Prezident Nazarbayev Qazaxıstanda yaşayan və biznes quran azərbaycanlılara dəstəyin artırılacağını bildirdi".

Nəhayət, politoloq qeyd edib ki, Qazaxıstanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe Azərbaycan üçün çox önəmlidir: "Nursultan Nazarbayev Bakıda veridiyi açıqlamalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı. Qazaxıstan prezidenti münaqişənin həllində BMT qətnamələrinin əsas götürülməsi vacibliyini bildirdi. Bu mənada Bakı ilə Astananın mövqeləri üst-üstə düşür. Azərbaycan da illərdir Qarabağ münaqişəsinin həllində BMT-nin 1990-cı illərin əvvəllərində qəbul edilən 4 qətnamənin yerinə yetirilməsini əsas götürülməsini tələb edir. Qazaxıstan hazırda BMT-nin qeyri-daimi üzvüdür. Doğrudur, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki imkanları geniş deyil. Qazaxıstan ATƏT sədri olduğu dövrdə də münaqişənin həllini sürətləndirə bilmədi. Ancaq rəsmi Bakı üçün başqa amil vacibdir. Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), o cümlədən Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdürlər və hər iki təşkilatda Astana Azərbaycanın ərazi bütövlüyünü əsas götürərək, İrəvanın Azərbaycan əleyhinə fəaliyyətinə imkan vermir. Bu rəsmi Bakı üçün çox dəyərlidir. Buna baxmayaraq, Nazarbayev Bakıda verdiyi açıqlamasında Qazaxıstanın Ermənistanla da normal münasibətlərin davam etdirdiyini xatırlatdı. Nazarbayev onu da dedi ki, münaqişələrin həlli ona görə vacibdir ki, bölgədə yaranan sülh bütün ölkələr arasında əməkdaşlığa xidmət etsin. Bu yanaşma da rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində