"Yaralansam da, döyüşü tərk etmədim, məni məcburən çıxartdılar" - Lələ Təpə qəhrəmanı - FOTO

4 Aprel 2017 08:00

"Döyüş yoldaşlarımla o əraziyə qədəm qoyarkən bizdə tam fərqli əhval-ruhiyyə yarandı. Bu, çox qeyri-adi bir hiss idi. Biz qətiyyən fikirləşmirdik ki, yaralanarıq və ya ölərik. Biz sadəcə fikirləşirdik ki, torpağı azad edib mövqelərimizi möhkəmləndirək. Lələ Təpəni geri qaytaranda isə bizdə o qədər yüksək təəssürat var idi ki, həmin anın bitməsini istəmirdik".

Milli.Az xəbər verir ki, bunu 2016-cı ilin aprelində cəbhənin cənub istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan bayrağını Lələ Təpədə sancmış hərbçilərdən biri - Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Səbuhi Mehdizadə deyib.

Hərbçi ermənilərin Lələ Təpədə ordumuza tab gətirə bilməməyinin səbəbini belə açıqladı: "Əvvəla, onlar təxribat törətmək istəyəndə böyük itkilər verdilər. İkinci səbəb isə onların qorxaqlığıdır. Bu döyüşlər göstərdi ki, düşmən həqiqətən də bizdən zəifdir, qorxaqdır. Çünki ermənilər qurduqları postları tərk edərkən hətta silahlarını belə qoyub qaçmışdılar".

Onun fikrincə, bu yüksəkliyin azad edilməsi böyük uğurdur: "Lələ Təpə mühüm strateji əhəmiyyətə və əlverişli mövqeyə malik bir yüksəklikdir. Ora ermənilərdə olanda Horadiz qəsəbəsinə kimi onlar hər yeri görürdürlər, hər şey əllərinin içində idi və istədikləri şəkildə Araz boyu bütün əraziyə nəzarət edə bilirdilər. Amma indi onlar bizim ayağımızın altındadırlar. İndi biz erməni tərəfini dərinliyinə kimi nəzarətdə saxlaya bilirik".

Leytenant döyüşdə necə yaralanmağını belə nəql edib: "Lələ Təpə düşməndən azad olunduqdan sonra biz orada mövqelərimizi möhkəmləndirməyə başladıq ki, üzərimizə gələn qüvvəni dəf edək. Həmin döyüşdə başımdan snayper yarası aldım, amma döyüşü davam etdirmək qabiliyyətimdə olduğum üçün oranı tərk etmədim. Mənim rəhbərlik etdiyim döyüşçü yoldaşlarım var idi. Onların mənə olan inamını qırmamaq üçün döyüşü tərk edə bilməzdim. Çox yüksək əhval-ruhiyyə var idi. Həmin anın bitməsini istəmirdim. Lakin bir tərəfdə düşmənə atış açan zaman digər tərəfdən ayağımdan güllə yarası aldım. Ayaq da belə bir şeydir ki, bütün fəaliyyət, hərəkət ondan asılıdır. Bundan sonra hərəkət qabiliyyətimi itirdim. Çox sağ olsunlar, döyüşçü yoldaşlarım məni xilas etdilər və məcburən döyüş ərazisindən çıxartdılar. Mən Milli Qəhrəmanımız Şükür Həmidovun yanında yaralandım. O özü də orada böyük şücaətlə döyüşürdü".

S.Mehdizadənin sözlərinə görə, aprel döyüşləri təkcə Azərbaycan ordusunun gücü, qüvvəsini, döyüş ruhunu deyil, eyni zamanda xalqın necə həmrəy və bir olduğunu, dar gündə bir-birinə necə dəstək olduğunu nəinki ermənilərə, bütün dünyaya nümayiş etdirdi: "Yaralı olduğumuz dövrdə qohumlarımız, dostlarımızla yanaşı, heç tanımadığımız insanların bizə necə mənəvi dəstək olduğunu, ruhlandırdıqlarını, hətta xarici ölkələrdən belə bizə zənglər edildiyini gördük. Hətta deyərdim ki, bizi sağaldan müalicə yox, hər şeydən öncə millətimizin, dövlətimizin göstərdiyi qayğı, mənəvi dəstəyi oldu. Biz qazi olsaq da, xidməti davam etdiririk. İçimizdəki vətən sevgisi, dövlətə, millətə inam göstərir ki, biz xidmətimizi bundan sonra da davam etdirə bilərik və hər an ali baş komandanımızın hücum əmrini gözləyirik".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində