Özbəkistanın müdafiə naziri Azərbaycanda hərbi sənaye məhsullarının istehsalı prosesi ilə tanış olub
14 İyun 2011 17:34
Özbəkistanın müdafiə naziri Kabul Berdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar Zavodunda olub. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqlara Elektron Hesablayıcı Maşınlar Zavodunun fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Zavodla yaxından tanış olan nümayəndə heyəti müəssisədə zirehli texnikaların istehsal prosesini izləyib.
Sonra nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxış olub.
Qonaqlar səfər çərçivəsində nazirliyin "Şərq" İstehsalat Birliyinin "AZAD Systems Co." müəssisəsində pilotsuz uçan aparatların istehsal prosesini izləyib və Bakı "Cihazqayırma" zavodunda modernləşdirilən zirehli maşınlarla tanış olublar.
Görüş zamanı nümayəndə heyətini Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmatulla Erqaşev müşayət edib.
Milli.Az