Yazıçımız ABŞ-da təltif olundu

28 Mart 2017 16:43

Bu günlərdə Azərbaycan yazıçısı Varis Yolçuyev Yazıçıların NyuYork Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurlu şəkildə tamamlaması münasibəti ilə "Promotion of Creative Writing in the USA" (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində Fərqlənmə Sertifikatı ilə təltif olunub.

Milli.Az xəbər verir ki, rəsmən "Writer`s Digest Annual Conferense" adlanan Yazıçıların Beynəlxalq Konfransı 2016-cı ilin axırlarında NyuYorkda keçirilib. Konfransda yazıçılar Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor Matyu Kuin Martin kimi tanınmış ədəbiyyat mütəxəssislərinin "Tarixi roman üçün tədqiqat", "Dinamik xarakterlərin yaradılması", "Uğurlu müəllif olmağın sirləri", "Dram janrı müasir dönəmdə" kimi seminarlarının, "Müəlliflər üçün marketinq strategiyası", "Dövrün nəbzini necə tutmalı" kimi təlimlərin dinləyiciləri olmuşlar.

Konfransda ABŞ naşirləri, ədəbi agentləri və redaktorları üçün təşkil edilən uğur qazanacağı ehtimalı yüksək əsərlərin pitçinq (sinopsis təqdimatı) mərasimi xüsusi maraq doğurmuşdur. Mərasimdə həmyerlimizin "Yetmiş yeddinci gün" romanı da təqdim edilmiş və böyük rəğbətlə qarşılanıb.
"Hər səhər günəş doğarkən üfüqün qırmızı rənginə tamaşa etsən, yetmiş yeddinci gün ömrünə əbədi günəş doğacaq" kimi ilk baxışda mistik bir mesajla xoş gün axtarışında olan insanları ümidləndirməyə ruhdan düşməyərək, əllərini arzularından üzməməyə çağıran bu sayaq romanlara xüsusən indi, dünyanın rənglərinin qaralmağa meyilləndiyi bir zamanda daha çox ehtiyac duyulduğu şəksizdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində