Məcburi köçkün obasından fəryad - Vəziyyət acınacaqlıdır - FOTO

27 Mart 2017 18:22

"Ağcabədi rayonu Taxtakörpü qəsəbəsinin yaxınlığında məcburi köçkünlər üçün salınmış düşərgələrdə vəziyyət çox acınacaqlıdır".

Bu barədə Milli.Az-a həmin düşərgələrdən birinin sakini, əslən Laçın rayonundan olan Sirac Həsənov deyib.

Onun sözlərinə görə, uzun illərdir elə yerdə məskunlaşıblar ki, nə suyu var, nə qazı. Sığındıqları daxmalar da hər an başlarına uça bilər:

"Ağcabədinin bu ilanmələyən düzlərində minlərlə məcburi köçkün qamış daxmalarda pis vəziyyətdə yaşayır. Burada insanlar hamısı obalar şəklində, demək olar ki, qamış və palçıqdan düzəldilmiş evlərdə məskunlaşıblar. Külək olanda çıxıb bayırda gözləyirlər ki, daxma üstlərinə uçub dağılmasın. Gecələr ilan-qurbağanın qorxusundan yatmırlar, uşaqları qorxa-qorxa yatırırlar. Yağış yağanda da evlərin divarlarının aşağısını yuyub aparır. Ümumiyyətlə burada qadınlar, uşaqlar, qocalar çox pis, acınacaqlı şəraitdə yaşayırlar. Vəziyyət bərbaddır. Yolumuz yox, qazımız yox. Bəzi obalarda su da yoxdur, gedib Kürdən gətirirlər".


S.Həsənovun sözlərinə görə, hazırda məcburi köçkünlərin əsas istəyi odur ki, ya torpaqları qaytarsınlar, doğma yer-yurdlarına dönsünlər, ya da digərləri kimi onlar üçün də bir şəhərcik salınsın ki, insani şəraitdə yaşaya bilsinlər:

"Bizimlə bir maraqlanan da yoxdur ki, dərdimizi deyək. Bu barədə yazın ki, bəlkə müvafiq qurumların, şəxslərin  rəhmi gəlsin, bizə də ev tiksinlər. Axı burada yaşayanlar da insandır, azərbaycanlıdırlar. Buradakı uşaqları görəndə adamın ürəyi ağrıyır. Artıq 21-ci əsrdir. Bəlkə heç Afrikada da belə yaşayış yoxdur".

İlkin İzzət

Milli.Az  

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində