Merkel Ərdoğana cavab verdi - "faşist qalmaqalı" alovlanır

21 Mart 2017 11:52

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onu faşist metodlarından istifadə etməsi ilə bağlı suçlamalarını rədd edib.

Milli.Az Bild-ə istinadən bildirir ki, Almaniyanın Hannover şəhərində keçirilən CeBİT beynəlxalq kompüter texnologiyaları sərgisində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra A.Merkel deyib.

"Türkiyənin bizi nasimzlə müqayisə etməsinə son qoyması ilə bağlı sözlərim qüvvədə qalır. Əfsuslar olsun ki, belə müqayisələr davam edir. Heç bir şərt olmadan son qoyulmalıdır buna. Nasional-sosializmin qurbanlarının məruz qaldıqları ağrı-acılara sayğı olmadan istənilən tabunun pozulmasına Almaniya hökuməti yol verməyəcək", - A.Merkel deyib.

Türkiyə və Almaniyanın münasibətləri son zamanlar kəskin pisləşib. Türkiyədə Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı aprelin 16-na nəzərdə tutulmuş referendum ərəfəsində türk nazirlərin Almaniyanın bir sıra şəhərlərində təşviqat çıxışları yasaqlanıb. Eyni situasiya Hollandiyada da təkrarlanıb.

Martın 5-də Ərdoğan Almaniyanı siyasətində nasist praktikasından istifadə suçlayıb. Martın 11-də isə o, hollandiyalıları faşist və nasistlərin xələfləri adlandırıb.

Martın 19-dakı çıxışında R.T.Ərdoğan Almaniyanın kansleri A.Merkeli nəzərdə tutaraq demişdi: "Sən də indi nasist metodlarından istifadə edirsən. Kimə qarşı? Almaniyadakı türk bacı və qardaşlarıma qarşı, mənim bacı və qardaşlarım olan nazirlərə qarşı, Almaniyaya yolllanan bacı və qardaşlarım olan deputatlara qarşı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində